30.12.2022 11:36
Bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Bu tarixi həqiqətdir. Biz bu tarixi yaxşı bilirik. İrəvan xanlığında yaşayanların əksəriyyəti azərbaycanlılar idi, Zəngəzur mahalı Azərbaycandan zorla qopardılıb ki, böyük türk dünyasını parçalasınlar və elə də oldu. Ancaq vaxt gələcək, bu ədalətsizliklər aradan qaldırılacaqdır.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Tarix xalqların müxtəlif dövrlərdə bir çox böyük və kiçik köçlərinin, yerdəyişmələrinin şahididir. İlkin vətənindən aralanıb başqa xalqın içərisində yerləşmək və burada məskunlaşdıqdan sonra özünü həmin yerin köklü sakini saymaq, hətta burada özünə dövlət qurmaq isə az təsadüf edilmiş haldır. Tarixi vətəni özlərinə də bəlli olmayan ermənilərin orta əsrlərdən başlayaraq, Kilikiyadan qopub indiki Türkiyə və İran ərazisinə yayılması, oradan isə müxtəlif yollarla Qafqaza sızaraq qədim türk torpaqlarında yerləşməsi, havadarlarının köməyi ilə özlərinə dövlət də qurması belə nadir hadisələrdəndir.
XIX əsrin əvvəllərindən isə Rusiyanın Şimali Azərbaycanı işğal edərək vətənsiz ermənilərin yerdə qalan hissəsini də Qacarlar və Osmanlı dövlətlərinin ərazilərindən kütləvi surətdə köçürməsinin çox keçmədən çağırılmamış qonaqların özgə torpağında xəyali “Böyük Ermənistan” dövlətini gerçəyə çevirmələri ilə nəticələnməsi isə tarixdə oxşarı olmayan bir ekspansiyadır. Azərbaycan Prezidenti İlham Əliyevin bugünlərdə Qərbi Azərbaycan İcmasının təmsilçiləri ilə görüşdə verdiyi açıqlamalar bu mövzunu yüksək səviyyədə siyasi gündəmə gətirdi. AMEA-nın Tarix İnstitutunun baş direktoru, professor, Dövlət mükafatı laureatı Kərim Şükürov “Azərbaycan torpaqlarında Ermənistan dövləti necə yaradıldı?” mövzusunda tədqiqatında bu tarixi ədalətsizliyin səbəb və nəticələrini əhatəli surətdə öyrənmiş və sistemləşdirmişdir. Tanınmış alimlə müsahibəmiz də bu mövzudadır.
– Kərim müəllim, xalqımızın Qarabağ və Şərqi Zəngəzuru Ermənistanın 30 illik işğalından azad etməsindən keçən 2 ildə bu başabəla toplumun sülhə gəlməməsi, əksinə, ölkəmizə qarşı ərazi iddialarından əl çəkməməsi Azərbaycan dövlətini tarixi həqiqətə yenidən nəzər salmağa məcbur etdi. Bu gerçəklik, qısaca, ondan ibarətdir ki, Ermənistan adlı dövlət tarixi Azərbaycan torpaqları hesabına yaradılmışdır.
– XX əsrin əvvəllərində Qərbi Azərbaycan ərazisində Ermənistan adlı dövlətin qurulması imperialist dairələrin məkrli məqsədləri və himayəsi ilə mümkün olmuşdur. Qərb dövlətlərinin ermənilərə Anadoluda oyuncaq dövlət yaratmaq niyyəti Osmanlı dövlətinin bu qəsdin qarşısını alması ilə nəticələnəndə Rusiyada çevriliş yolu ilə hakimiyyətə gəlmiş bolşeviklər “erməni məsələsi”nin həllində təşəbbsü ələ alaraq öz sələflərinin işğal etdiyi Qafqazda, konkret olaraq Azərbaycanın qərbində Ermənistan dövləti qurdular.
Bu prosesin bir neçə əsrlik tarixçəsi var. Ermənilər XVI--XVII əsrlərdə Osmanlı və Səfəvi dövlətinə qarşı mübarizədə özlərini təqdim etmək üçün Qərbi Avropaya üz tutmuş, lakin burada uğur əldə etməmişdilər. Qərbi Avropa dövlətləri güclü Osmanlı dövləti ilə münaqişəyə ehtiyatla yanaşdıqlarından, bu əməkdaşlığa ciddi əhəmiyyət verməmiş və onlar Rusiyaya yönəldilmişdilər. Erməni–Rusiya münasibətlərinin tarixi haqqında ilk məlumatlar XVI əsrə aid edilsə də siyasi münasibətlər XVIII əsrin əvvəllərindən başlayır. O vaxtdan bu günədək Rusiya oriyentasiyası erməni tarixində əsas yerlərdən birini tutur.
Bu tarix özü də müəyyən mərhələlərdən keçib ki, XVIII əsr burada xüsusi dövr kimi ayrıla bilər. Bu dövrün Rusiya oriyentasiyasında iki istiqamət ayırmaq olar. Onlardan biri erməni-qriqorian kilsəsini təmsil edən dini istiqamət, digəri isə avantürist istiqamət idi. Bu ziddiyyətli tandemdə əsas ideoloq və həlledici qüvvə erməni-qriqorian kilsəsi idi.
Erməni-qriqorian kilsəsi Rusiyada möhkəmlənmək və ondan dayaq kimi istifadə edilməsinə də ilk təşəbbüs göstərib.
Erməni azadlıq hərəkatının Rusiya oriyentasiyasının banisi hesab edilən İsrail Ori Rusiyaya Avropadan yönəldilmişdisə, erməni kilsəsi Rusiyanın öz daxilindən buna nail ola bilmişdi. Rusiya tərəfi də ayrı-ayrı şəxslərdənsə erməni kilsəsinin əhəmiyyətinə daha çox diqqət vermişdi. Ermənilərin I Pyotr tərəfindən Azərbaycanın işğal edilmiş torpaqlarına köçürülməsinə dair manifestinin verilməsində də kilsə həlledici rol oynamışdı.
Çar I Pyotr, sonra isə II Yekaterina dövründə Rusiyada ermənilərin təşkilatlandırılması dövlət siyasəti olmuşdu. Azərbaycan torpaqlarının alternativ fikir olmadan erməni torpaqları kimi təqdim edilməsi də Rusiyanın siyasi dairələrində təsirini göstərmişdi. Rusiyanın XIX əsrin əvvəllərindən Azərbaycan torpaqlarının işğalı ilə burada erməni dövlətinin yaradılması ideyası yeni mərhələyə keçdi. Bu şəraitdə ermənilərin və Rusiyanın mövqelərindəki əvvəlki ümumiliklə eyni zamanda, yeni nüanslar da yarandı.
– Erməni millətçi xadimlər Azərbaycan torpaqlarında özlərinə dövlət qurmaq üçün saxta ideoloji əsas uydurmuş, dünyanı, guya, tarixdə “dənizdən dənizə erməni dövləti”nin mövcud olduğuna inandırmağa çalışmışlar.
– Erməni ideoloqlar tarixdə bir çox dövlətlərinin olduğuna dair müxtəlif xronikalar uydurmuşlar. Erməni dövlətçiliyinə gəldikdə, o nəinki bu qədər dövlət və ya dövlət qurumu ilə təmsil olunmur, eyni zamanda, nə sabit tarixi coğrafiyaya, nə də ənənəyə malikdir. Ona görə də erməni tarixçiliyində məhz erməni xalqının tarixinin yazılması prioritet təşkil etməkdədir. Müasir erməni dövləti də tamamilə fərqli bir coğrafiyada, tarixi Azərbaycan ərazisində meydana gəlib. Bu yeni dövlətin əvvəlki erməni dövləti ilə heç bir ərazi və hüquqi-siyasi varislik əlaqəsi olmayıb.
Erməni tarix “texnoloqları” tərəfindən bu problem üzrə də özünəməxsus bir “konstruksiya” yaradılıb. Azərbaycanın tarixi ərazisinin bir hissəsinin və burada meydana gələn dövlət qurumlarının onlara məxsus olduğu iddia olunur və Azərbaycan ərazisində erməni dövləti yaradılması “erməni dövlətçiliyinin bərpası” kimi qələmə verilir. Ermənilər bu və digər məsələlərə (erməni milli azadlıq hərəkatı və s.) əsaslanan “sarsılmaz” bir konsepsiya yaratdıqlarını güman edirlər.
Bu məsələ təsvir edilən kimi sadə olmayıb, çox mürəkkəb və çətin bir problemdir. Bunun üçün erməni tarixşünaslığının Azərbaycana qarşı ilk ərazi iddiasından burada erməni dövlətinin yaranmasınadək keçən uzun dövrə (təxminən, 387–1918-ci illər və ya 1531 il), bu dövlətə daxil edilən ərazilərin yalnız silah vasitəsi ilə işğalına, tarixi Azərbaycan dövlətlərinin mövqeyinə və s. məsələlərə nəzər yetirmək olar. Ona görə də Azərbaycan torpaqlarında müasir erməni dövlətinin meydana gəlməsinin bütün mərhələlərinə və məsələlərinə dair obyektiv tarixi faktlar üzrə ümumiləşdirmələrə əsaslanan Azərbaycan tarix konsepsiyasının irəli sürülməsi, dünya elmi və ictimai-siyasi fikrinə çatdırılması mühüm vəzifə kimi qarşıda durur.
Elmə məlum versiyalardan birinə görə, ermənilər Balkan mənşəlidir və sonrakı bütün tarixi coğrafiyalarında gəlmədir. İlk dövlətləri də etnik baxımdan erməni dövləti olmayıb, müəyyən birlikləri ifadə edir. Tarixşünaslıq ənənəsinə görə, sonralar “Böyük Ermənistan” adlandırılan çarlıq Bizans və Sasanilər arasındakı 387-ci il müqaviləsi ilə bölüşdürülmüşdür. Akademik Ziya Bünyadov haqlı olaraq yazırdı ki, erməni dövlətçiliyi çar şərəfinə iddia edən Arsuruni, Baqratuni, Mamikonyan, Amatuni, Bznuni və digər sparapetlər və b. arasındakı əzəli çəkişmələr və mübahisələr üzündən yoxa çıxdı.
– Ermənilər tarix anlayışı ilə yanaşı, tarixi-siyasi coğrafiyada da dəyişiklik etməyə başlamış, tarixdə olmayan “Şərqi Ermənistan” və “Qərbi Ermənistan” anlayışları yaratmışlar.
– Bu heç də təsadüfi sayılmamalıdır. Azərbaycanın qərb torpaqlarının da Ermənistan dövlətinin tərkibinə daxil edilməsi (“Şərqi Ermənistan”) ənənəsinin əsası qoyulmuş, məqam yaranan kimi, siyasi mərkəz axtarışı Azərbaycan torpaqlarına yönəldilmişdir. Erməni çarlığının ləğvindən sonra (IV-VII əsrlər) ermənilərin Yer üzündən silinmək təhlükəsi yarandı. Roma və onun siyasətini davam etdirən Bizans bu sahədə konkret siyasi xəttə malik olub. Erməni tarixçisinin yazdığı kimi, Bizans erməni dövlətçiliyini məhv etməyə, erməni torpaqlarını işğal etməyə, tutulmuş torpaqlarda erməniləri assimilyasiya etməyə səy göstərib.
Sasani imperiyası da 428-ci ildə ermənilərin hakimiyyətinə son qoydu. Uzun müddətli Bizans–Sasani müharibələrindən (582-602; 604-629) sonra isə ermənilər Bizansın hakimiyyətinə keçdi. Belə bir şəraitdə ermənilərin yalnız əvvəlki tarixşünaslıq ənənəsilə yaşamaqdan başqa çarəsi qalmadı. Tarixi həqiqət budur ki, əvvəlcə Ərəb xilafəti, sonra isə türk-müsəlman dövlətlərinin siyasəti ermənilərə nisbi inkişaf və sabitlik gətirdi. Məhz bunun nəticəsində ermənilər təhlükədən xilas oldu və bundan istifadə edərək həmin ərazilərdə möhkəmlənməyə başladı.
Qriqorian kilsəsi də bu prosesdə mühüm rola malik olub.
Ermənistanda xristianlığın qəbulu ilə dövlətin ləğvi arasında elə də çox vaxt keçməyib. Ümumiyyətlə, xristian dövlətlərin tarixində bir vacib məqam olub. Xristian dini ilə dövlət sıx bağlı olub. Erməni xristianlığı isə dövlətdən məhrum olduqdan sonra onun naminə də fəaliyyətini genişləndirib. Azərbaycan torpaqlarının da “birləşmiş erməni dövlətinin” tərkibinə “daxil edilməsində” ruhanilərin böyük rolu olub və bu siyasət kilsə tərəfindən də davam etdirilib.
Erməni kilsəsi İslamın əhatə dairəsindən kənarda qalan albanları qriqorianlaşdırmaqla, alban xristian irsi ilə yanaşı, onun torpaqlarına da iddia irəli sürürdü. Məhz bunun nəticəsi idi ki, ermənilər Xilafətin dağılmasından sonra siyasi təşkilatlanmağa, hətta Azərbaycan ərazisində meydana gələn bəzi dövlət qurumlarını (Xaçın knyazlığı, Sünik çarlığı və s.) mənimsəməyə çalışıb. Halbuki, burada yalnız kilsənin təsiri altında qriqorianlaşmış alban nəsillərindən bəhs oluna bilər.
Türk–müsəlman dövlətləri də ermənilərə xeyirxah münasibətləri ilə fərqlənib. Səlcuqlar, necə deyərlər, erməniləri Bizansın əlindən xilas edib. Bir sıra erməni siyasi qurumları, o cümlədən Kilikiya çarlığı (1080-1375) da bu dövrdə meydana gəlib. Daha mühüm bir hadisə isə Qaraqoyunlular dövründə baş verib. Cahanşah tərəfindən erməni qriqorian kilsəsi mərkəzinin 1441-ci ildə Eçmiədzinə (Üçkilsəyə) köçürülməsi ilə ermənilərin mövqeyinin möhkəmlənməsinə yeni stimul yaranıb.
Ermənilər Ərəb xilafətinin dağılmasından sonrakı ənənəyə uyğun olaraq, bu dövrdə də Azərbaycan ərazisində meydana gələn məliklikləri özününkü hesab etməyə çalışır. Beləliklə, ermənilərin Azərbaycan torpaqlarına qarşı siyasi iddiaları formalaşmağa başlayır. Bütün bunlara baxmayaraq, istər Qaraqoyunlu, istərsə də Ağqoyunlular dövründə və 1501-ci ildə meydana gələn mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövlətinin ilk dövründə güclü hakimiyyət ermənilərin baş qaldırmasına imkan vermədi. Bununla da, ermənilərin Azərbaycan torpaqlarına siyasi iddiaları onun ələ keçirilməsi uğrunda xəyanətkar fəaliyyəti üçün də zəmin hazırladı.
– Keçmişi baş-ayaq göstərməyə çalışmış başabəla erməni tarixçilər “qədim dövlətlər”, “tarixi ərazilər” saxtakarlığına “erməni azadlıq hərəkatı” uydurmasını da əlavə etmişlər.
– Ermənilərin Osmanlı hakimiyyətinə keçməsi ilə yeni bir şərait meydana gəldi. Yeni yaranmış geostrateji vəziyyətdə Avropa üçün onun rəqibi kimi Osmanlı dövlətinin xristian əhalisi olan ermənilərin əhəmiyyəti artdı. Ermənilər də fürsətdən istifadə edərək Avropa dövlətlərindən Osmanlı və Səfəvi hakimiyyətinə qarşı mübarizədə vasitəyə çevrilməyə başladılar. Erməni tarixşünaslığı bunu azadlıq hərəkatı kimi qələmə verməyə çalışır. Bu məsələ erməni tarix konsepsiyasının fundamentlərindən birinə çevrilmişdir.
Cənubi Qafqazda Rusiya işğalından sonra azadlıq hərəkatı yalnız Osmanlı dövlətinə aid edilir. Erməni azadlıq hərəkatı kimi təqdim edilən məsələdə Azərbaycan torpaqlarına mühüm yer ayrılır. Bu məqsədlə əvvəllər olduğu kimi, Azərbaycan torpaqları və burada meydana gələn dövlət qurumları Ermənistan kimi qələmə verilir. 1555-ci il və onu təsdiq edən 1639-cu il müqaviləsi ilə Ermənistanın bölüşdürülməsi, onun qərb hissəsinin Osmanlı imperiyasına, şərq hissəsinin, yəni Qərbi Azərbaycan torpaqlarının isə Səfəvilərə çatması iddia olunur. Bununla da 387-ci il Roma–Sasani müqaviləsi ənənəsi davam etdirilir, bu hadisələr arasında varislik yaradılmasına cəhd olunur.
“Şərqi Ermənistan”da, yəni Azərbaycan torpaqlarında hələ XV əsrdən mövcud olduğu bildirilən yarı muxtar erməni dövlət qurumlarına Xəmsə məliklikləri (1603-XVIII əsr) də əlavə edilir. Xəmsə məlikliklərinin erməni dövlətçiliyinə aid edilməsi kimi, “yarı muxtar erməni dövlət qurumu” haqqında anlayışın özü də tamamilə səhv olub, dövrün heç bir hüquqi-siyasi sənədi ilə təsdiq olunmur və s.
Beləliklə, erməni azadlıq hərəkatı kimi təqdim edilən fəaliyyət mahiyyətcə xarici dəstək vasitəsilə işğal cəhdindən ibarət idi.
– Rusiyanın Şimali Azərbaycanı işğal etməsi, erməniləri İran və Türkiyədən bu ərazilərə köçürməsi, əslində, gələcəkdə Qafqazda Cənubi erməni dövlətinin qurulmasının başlanğıcı olmuşdu.
– Bəli, nəhayət Ermənilərin arzuladığı zaman gəldi. Rusiya imperatoru I Aleksandr 1801-ci ildə Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest verdi. Sonrakı illərdə Arazdan şimaldakı Azərbaycan xanlıqları da ermənilərin xəyanətkar iştirakı ilə işğal olundu. Çar I Nikolay Türkmənçay müqaviləsindən qısa bir müddət sonra, martın 21-də İrəvan və Naxçıvan xanlıqları əsasında mərkəzi İrəvan olan Erməni vilayəti yaratdı və onu çar tituluna daxil etdi.
Belə bir fərmanın meydana gəlməsini təsadüfi hesab etmək olmaz. Ermənilərin burada ciddi təsiri ilə yanaşı, Rusiya imperiyası Osmanlı və Qacarlar ilə sərhəddə özünə etibarlı dayaq yaratmaq istəyirdi. Beləliklə, ermənilər Erməni vilayəti kimi siyasi status aldılar. Bununla eyni zamanda, vilayətin erməniləşdirilməsi istiqamətində də işlər genişləndirildi.
Ermənilərin kütləvi şəkildə işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi Türkmənçay və Ədirnə müqavilələrində rəsmiləşdirilsə də, onların bundan məharətlə istifadə etməsi xüsusi qeyd edilməlidir. Bu şərtlər daxilində İran və Osmanlı dövlətindən köçürülmüş 130 mindən çox erməni keçmiş İrəvan, Qarabağ, Naxçıvan və digər xanlıqların ərazisində yerləşdirildi. Ermənilər “siyasi status”la birlikdə, demoqrafik yüksəliş də əldə etdilər.
Ermənilər getdikcə “erməni məsələsi”ndən maksimum yararlanmağa çalışırdılar. Onun əsas istiqamətini Rusiya və Osmanlı ermənilərinin siyasi fəaliyyətinin ilk dəfə olaraq vahid istiqamətdə birləşməsinin baş verməsi təşkil edirdi. Əsas hədəf isə Osmanlı imperiyası idi. Bunun üçün ermənilər siyasi cəhətdən təşkilatlanmağa başladılar. 1887-ci ildə erməni sosial-demokrat partiyası – Qnçak, 1890-cı ildə isə erməni inqilabi federasiyası – Daşnaksütyun meydana gəldi. Rusiya “erməni məsələsi”ndə təşəbbüsə yiyələnmək üçün Osmanlı dövlətinə təzyiqi artırırdı. Nəticədə, 1914-cü ilin yanvarında erməni islahatına dair müqavilə imzalandı.
Yaxınlaşan I Dünya müharibəsi ilə bu müqavilə əhəmiyyətini itirdi. Rusiya siyasi rıçaqlardan ermənilərdən öz siyasəti üçün vasitə kimi istifadəyə keçdi. Ermənilər də müqavilə ilə yaradılmış vəziyyətdən istifadə edərək Osmanlı ərazisində dövlət yaratmaq iddiası ilə ruslarla ittifaqı gücləndirməyə çalışdılar. Bununla da ermənilərin Osmanlı ərazisində dövlət yaratmaq iddiası real şəkildə ortaya çıxdı.
Beləliklə, ermənilərin dövlət yaratmaq iddiasının “Azərbaycan layihəsi” yeni “Osmanlı layihəsi” ilə əvəz olundu. Onun Rusiyanın bir-birini əvəz edən üç hakimiyyətinə – çar Rusiyası, Müvəqqəti hökumət və Sovet Rusiyasına uyğun üç variasiyası oldu.
– İş elə gətirmişdi ki, ruslar Ermənistan dövlətini Anadoluda deyil, I Dünya müharibəsindən sonra Qərbi Azərbaycanda yaratmağa nail olmuşlar.
– Ermənilərin İsrail Ori vasitəsilə çar I Pyotr ilə münasibətlər yaratmasından 200 ildən çox dövr keçsə də çar Rusiyası ermənilərin ümidlərini doğrultmadan dağıldı. Buna baxmayaraq ermənilərin Rusiya oriyentasiyası aktuallığını itirmədi. Rusiyada qurulan sonrakı hökumətlər ermənilərin ümidlərini doğrultmaq üçün daha fəal siyasət yeritməyə başladılar. Müvəqqəti hökumət, ardınca isə sovet hökuməti ermənilərə dəstəyini aydın şəkildə ifadə etdi.
İlk hədəf yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti oldu. İrəvanın tədricən ermənilər tərəfindən işğalı və AXC-dən fərqli olaraq böyük hərbi qüvvəsi olması ona təzyiqi gücləndirdi. Sonralar bu təzyiq Ermənistan–Azərbaycan müharibəsinə çevrildi. Osmanlı dövlətinə yanaşma isə fərqli oldu. Batum danışıqlarının yeni formatda davam etdirilməsi qərara alındı. Ərazi iddiaları Gürcüstan ilə də müharibəyə səbəb oldu.
1917-ci ilin fevral inqilabı erməni elitasını hərəkətə gətirdi. Sentyabrın sonu-oktyabrın əvvəllərində Tiflisdə keçirilən qurultaydan sonra Erməni Milli Şurası yaradıldı. I Dünya müharibəsi başlanandan bəri bir-birini əvəz edən hakimiyyətlərin-çar Rusiyası, Müvəqqəti hökumət və Sovet Rusiyasının Osmanlı dövlətinə yönəlmiş siyasi xəttində yeni şəraitə uyğun dəyişiklik etdi: Zaqafqaziyanın milli kantonlara bölünməklə Rusiyanın tərkibində muxtar olması ideyasını müdafiə etdi.
Sovet Rusiyası da ermənilərin rəğbətini qazanmaq üçün avantürist addım atdı. Rusiya Xalq Komissarları Soveti 1917-ci ilin dekabrında “Türkiyə Ermənistanı” haqqında dekret verdi. Bolşeviklər 1920-ci ilin 28 aprelində Azərbaycanı işğal edəndən 7 ay sonra “erməni daşnak respublikasını” sovetləşdirməklə Rusiyanın tarixi Azərbaycan torpağında Ermənistan dövləti qurması planlarını tamamlamış oldu. Az sonra tarixi Zəngəzurun qərb hissəsini də bolşeviklər ermənilərə bağışladılar. 1923-cü ildə isə Moskva Qarabağı da iki yerə ayırıb onun dağlıq hissəsində erməni muxtariyyəti yaratdı.
Xalqımıza qarşı bu tarixi xəyanətkarlığı Azərbaycan Prezidenti İlham Əliyevin aşağıdakı açıqlaması doğru və aydın əks etdirir: “Bizim tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətraf bölgələrlə məhdudlaşmır. O qədər də uzaq olmayan tarixə, XIX əsrin statistikasına baxsaq görərik ki, azərbaycanlıların yaşadıqları ərazi çox böyük olmuşdur. İndiki Ermənistan, əslində, Azərbaycanın tarixi torpağıdır. Ona görə, gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq. Bunu gənclər də, uşaqlar da bilsinlər. Biz bu amalla yaşamalıyıq, yaşayırıq, yaşayacağıq”.