AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunda “Türkmənçay-195” mövzusunda dəyirmi masa keçirilib

10.02.2023 21:55

Fevralın  10-da AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda “Türkmənçay-195” mövzusunda dəyirmi masa keçirilib.

İclası açan Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov bildirib ki, Azərbaycanı iki yerə parçalayan Türkmənçay müqaviləsinin imzalanmasından bu gün 195 il ötür.Rusiya imperiyası ilə Qacarlar dövləti arasında 1826-1828-ci illər müharibəsinin nəticəsində 1828-ci il fevral ayının 10-da bağlanan Türkmənçay müqaviləsinə əsasən Azərbaycan torpaqlarının Araz çayından şimal hissəsi Çar Rusiyasının, cənub hissəsi isə Qacarlar dövlətinin tərkibinə keçdi. Belə ki, bu müqavilənin şərtləri əsasında Qacarlar dövlətindən 40 min erməni Şimali Azərbaycana köçürüldü. Türkmənçay müqaviləsi ilə Azərbaycan torpaqlarının Araz çayı boyunca bölüşdürülməsi başa çatdı.

“Müasir erməni tarixçiləri sovet əcdadları kimi, belə bir tezisi inadla sübut etməyə çalışırlar ki, guya tarixdə Böyük Ermənistan dövləti olub, onun əraziləri müxtəlif tarixi proseslər nəticəsində müxtəlif dövlətlər tərəfindən işğal olunub və nəhayət sonda 1828-1829-cu illərdə bu dövlət iki yerə parçalanıb, bunlardan guya şərq hissəsi Türkmənçay müqaviləsi ilə Rusiya imperiyasının tərkibinə daxil olub, qərb hissəsi isə 1829-cu il Ədirnə müqaviləsi nəticəsində Osmanlı Türkiyəsinin tərkibində qalıb. Əslində erməni tarixşünaslığında Ermənistanın guya şərqi və qərbi hissələrə bölünməsi ideyası ilk dəfə II Dünya müharibəsindən sonra İosif Stalinin yüngül əli ilə sovet tarixşünaslığına gətirildi. Bunun səbəbi sovet rəhbərliyinin ölkənin cənub sərhədlərini yenidən nəzərdən keçirmək, onları 1914-cü il vəziyyətinə qaytarmaq planları idi. Bu planı həyata keçirmək üçün sovet rəhbərliyi 1945-ci ilin yazında 16 mart 1921-ci ildə bağlanmış Sovet-Türkiyə müqaviləsinə yenidən baxılması təşəbbüsü ilə çıxış etdi. Bundan sonra erməni tarixçiləri yuxarıdan göstəriş alaraq öz əsərlərində 1827-ci ildə Rusiya imperiyası tərəfindən işğal edilmiş İrəvan və Naxçıvan xanlıqlarının əraziləri və Moskvanın iddia etdiyi Türkiyə Cümhuriyyətinin Şərqi Anadolu əraziləri üçün müvafiq olaraq “Şərq” və “Qərb” Ermənistan saxta adları verərək öz əsərlərində fəal şəkildə işlətməyəbaşlamışlar”, - deyə institutun icraçı direktoru İlqar Niftəliyev çıxışında qeyd edib.

Daha sonra tarixçi alimlər Cəbi Bəhramov, Hacı Həsənov, Şahin Fərzəliyev,Mübariz Ağalarlı və Eynulla Mədətli çıxış edərək Türkmənçay müqaviləsi ilə bağlı fikirlərini bölüşüblər.

             

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: