23.02.2023 10:58
Fevralın 22-də AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda Həsən bəy Rumlunun “Tarixlərin ən yaxşısı” (“Əhsənüt -təvarix”) əsərinin təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimini institutun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov açıb. Bu kitabın ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə olunaraq çap edilməsinin əhəmiyyətindən, tarixşünaslığımız üçün mühüm rolundan bəhs etmiş, onun hərtərəfli elmi təhlilini vermişdir. Kitabın ikinci cildinin də yaxın zamanlarda çap ediləcəyi bildirilmişdir.
Kitabın tərcüməçisi tarix elmləri doktoru, professor Şahin Fazil qeyd etmişdir ki, bu gün həyatımın ən xoş günlərindən biridir, çünki on il müddətində fars dilindən dilimizə tərcümə etdiyim “Əhsənüt-təvarix” (“Tarixlərin ən yaxşısı”) adlı son dərəcə faydalı bir qaynağın birinci cildinin təqdimatı günüdür. Azərbaycan tarixinin mənbə bazasının genişləndirilməsi tarix elmi qarşısında duran ən mühüm vəzifələrdəndir. Bu sahədə yol verilmiş boşluqların aradan qaldırılmasında orta əsrlərdə yaşayıb-yaratmış tarixçilərin özlərindən sonra miras qoyduqları ilkin mənbələrin dilimizə çevrilməsi son dərəcə gərəkli elmi vəzifədir. Bu qəbildən olan kitablara misal üçün Səfəvilər dövrü tarixinə həsr olunmuş Josef Tiflisinin, Yan Tadeuş Kruşinskinin, İsgəndər bəy Türkman Münşinin, Cəlaləddin Məhəmməd Dəvaninin, Osmanlı sultanı IV Muradın anonim bir osmanlı katibinin yazdıqları əsərləri göstərmək olar. Həmin tarixi qaynaqlar da mənim tərəfimdən osmanlı və fars dillərindən tərcümə olunmuşdur. Indisə Həsən bəy Rumlunun “Əhsənüt-təvarix” salnaməsinin nəşri və təqdimatı!
Fars dilində qələmə alınan möhtəşəm bir tarixi abidə! Səfəvi hökmdarı I Şah Təhmasibin saray münşisi! Və Azərbaycanlı oxuculara təqdim olunması !
“Əhsənüt-təvarix” əsərindəki hadisələr 170 ildən çox cərəyan edən siyasi, ictimai, iqtisadi, dini-məzhəbi, beynəlxalq, diplomatik münasibətləri əhatə edir. Həsən bəy Rumlu da başqa dövr tarixçiləri kimi, yeri düşdükcə Qurani-Kərimə, hədislərdən parçalara, eşitdiyi rəvayət və hekayətlərə, gördüyü və bəzən də iştirak etdiyi hərbi qarşıdurmalara, məşhur üləma, müctəhid, şair və başqa görkəmli şəxsiyyətlərin söhbətlərinə istinad edir, hərb səhnələrini müxtəlif nəzm, beyt, qəzəl, hətta ayrı-ayrı misralarla zənginləşdirir, daha da oxunaqlı edir. Kitabdakı hadisələr fəsillərə, fəsillər isə müxtəlif bölmələrə ayrılır, sonra isə vəfat edən şəxs və şəxsiyyətlərin qısa tərcümeyi-hallarını əhatə etməklə bitir. Baş vermiş hadisələrin ardıcıllığı pozulur və hər ilin hadisələri onların baş vermə məkanından və zamanından asılı olmayaraq ilbəil təsvir edilir. Müəllifin gah vaqiə, gah qəziyyə, gah da əhvalat adlandırdığı hadisələr Yaxın və Orta Şərqin, Kiçik və Mərkəzi Asiyanın, Qərbi və Şərqi Avropanın dövr tarixinin əsasən siyasi hadisələrini əks etdirir. Onlara misal olaraq Azərbaycan, Xorasan, Mavərənnəhr, Diyarbəkir, Rum (Osmanlı dövləti), İraqi-Ərəb, İraqe- Əcəm, Fars əyaləti, Naxçıvan, Şirvan, Əfqanıstan vilayətlərində habelə, Həsən bəyin təbiri ilə desək, “Firəngistanda”, o cümlədən Avstriya, Bosniya, Bolqarıstan, Böyük Yunaniyyə, Serbistan, Xorvatiya, Moldaviya, Albaniya, Hüngəri (Macarıstan), Rumıniya, İtaliya və başqa bölgələrdə cərəyan edən münaqişə, müharibə, kiçik və böyük cənglərlə əlaqədar məsələlər tarixçi qələmi ilə işıqlandırılır. Əsər habelə müxtəlif bəyliklər və dövlətlər, o cümlədən Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular, Osmanlılar (Rumlular), Cəlairilər, Qaramanlılar, Şirvanşahlar, Suriya, Gürcüstan, Gilan, Misir kimi tayfa dövlətləri həmçinin türklər, lurlar, qızılbaşlar, zülqədərlər, moğollar, oyratlar, rumlular, şamlılar, ustaclılar, təkəlilər, əfşarlar, varsaqlar, qacarlar adladırılan tayfalar haqqındakı məlumatlarla zəngindir.
Mən “Əhsənüt-təvarix”in tərcümə edilməsi və yüksək səviyyədə nəşr olunmasını AMEA-nın və Tarix İnstitutunun vacib nailiyyəti kimi dəyərləndirirəm. Güman edirəm ki, Azərbaycan tarixi ilə maraqlanan hər kəs bu kitabla tanış olduqdan sonra tarixi məlumatları daha da genişlənəcəkdir.
Kitab AMEA-nın “Elm” nəşriyyatında çap olunub. Kitabın elmi redaktoru tarix elmlər doktoru, professor Kərim Şükürov, rəyçiləri tarix elmləri doktoru, dosent Eynulla Mədətli, tarix elmləri doktoru,dosent Mehman Süleymanlı,tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadədir.
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi