10.02.2018 11:58
“Aprelin 11-dən 15-dək Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Türkiyənin Azərbaycandakı səfirliyi və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V beynəlxalq elmi konfrans keçiriləcək”.
Bunu institut direktoru, akademik Yaqub Mahmudov “Azərbaycan Xalq Cümhuriyyəti İli”nə həsr olunmuş Elmi Şurada deyib.
İnstitutun Elmi Şurasında qonaq qismində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral iştirak edib.
Yaqub Mahmudov bildirib ki, dostluq və qardaşlıq Azərbaycan-Türkiyə münasibətlərinin təməl prinsiplərini təşkil edir: “Son illərdə Tarix İnstitutu Türkiyənin elmi qurumları ilə birgə beynəlxalq elmi konfranslar keçirir. İnstitut olaraq, “Ortaq türk tarixi”nin yazılmasında iştirak edirik”.
İnstitut direktoru qeyd edib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan Demokratik Respublikası (ADR) şəklində təbliğ olunan dövlətimizin adını özünə qaytarıb və Azərbaycan Xalq Cümhuriyyəti kimi bərpa edib. Akademik bildirib ki, “İstiqlal Bəyannaməsi”ndə (1918) dövlətin adı Azərbaycan Xalq Cümhuriyyəti kimi yazılıb.
“Bakının azad olunmasında Azərbaycan xalqının çox böyük rolu var. Qafqaz İslam Ordusunun hərbi uğurlarında Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və Həbib bəy Səlimov fəal iştirak edib”, - deyə Yaqub Mahmudov qeyd edib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü isə Türkiyənin gücüdür: “Biz tarixi, soyu və mədəniyyəti bir olan xalqıq. Tariximizi birlikdə araşdırmalıyıq. Biz 70 il bir-birimizdən ayrı qalmışıq. O zamanlar “Çırpınırdı Qara dəniz” mahnısının Azərbaycan xalqına məxsus olmasını bilmirdik və “Qubanın ağ alması”nı isə “Iğdırın ağ alması” bilirdik. Türkiyə xaricində ən çox şəhid məzarlarımız Azərbaycandadır. Türkiyə-Azərbaycan münasibətləri dəmir bağlardan daha güclüdür. Azərbaycanın ən böyük yarası olan Dağlıq Qarabağ Türkiyənin də problemidir”.
Elmi Şuranın qərarına əsasən, azərbaycanlıların soyqırımının, Azərbaycan Xalq Cümhuriyyətinin və Bakının azad edilməsinin 100 illikləri ilə bağlı beynəlxalq elmi konfranslar keçiriləcək. Tarix İnstitutu “Cümhuriyyət İli”ndəki konfransları Türkiyənin Azərbaycandakı səfirliyi ilə birgə təşkil edəcək.
Sonda Yaqub Mahmudov Erkan Özorala ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”, ermənilərin törətdiyi soyqırımlarıyla bağlı kitablar, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və institutun digər nəşrlərini hədiyyə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.