30.03.2023 09:45
Çar Rusiyası erməniləri Cənubi Qafqaza köçürməklə regionda yeni münaqişələrin əsasını qoydu. Azərbaycanlıların sıxışdırılması nəticəsində onlara şərait yaratmaq, münbit torpaqların ermənilərin ixtiyarına verilməsi, sənaye mərkəzlərində onlara şərait yaradılması, iqtisadi gəlirlərin idarə olunmasında kadr potensialının artırılması kimi hallar ermənilərdə özünəinamın artmasına, onları yeni-yeni “ideyalar” irəli sürməsinə səbəb oldu. XVIII əsrin ortalarından Rusiyanın erməni dövləti yaratmaq planı açıq surətdə özünü göstərməyə başladı. XIX əsrin əvvəllərindən vəziyyət dəyişdi. Rus-İran, Rus-Türk müharibələrində Rusiyanın qələbəsi yeni geosiyasi reallıq yaratdı. Çar Rusiyasının yeritdiyi imperialist siyasət nəticəsində əvvəlcə İrəvan və Naxçıvan xanlıqları ləğv edildi. Regional maraqların öz xeyrinə dəyişməsi ermənilərdə dövlətçilik istiqamətində atılan addımların gedişinə stimul verdi. Bu addımlar mütəmadi olaraq Azərbaycan ərazisində inzibati ərazi dəyişikliklərinin başlanğıcını qoydu.
Bu fikirləri AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Ümumi tarix şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev söyləyib. O bildirib ki, çar Rusiyası hər vasitə ilə ermənilərə dəstək verərək onları real gücə çevirməyə çalışırdı. Köçürülmüş bir toplumdan dövlət yaratmaq və onlardan alət kimi istifadə etmək üçün çar Rusiyası bütün varlığı ilə çalışsa da bu toplum onların istəklərinə tam cavab vermirdi. Ermənilərin dayanıqlığını artırmaq məqsədilə imperiya onlara Avropaya və dünyaya çıxış üçün də şərait yaradırdı. Əksərən ermənilərin əvəzinə savaş açan, onların arzularını reallaşdırmağa çalışan Rusiya imperiyası özünün çox böyük potensialından istifadə edərək regional maraqlarını gerçəkləşdirib.
Ədalət Mustafayev qeyd edib ki, ermənilər təkcə Azərbaycan və onun hüdudlarında yaşayan türkləri deyil, digər etnik-milli mənsubiyyətə sahib olanları da məhv etməyə maraqlı olublar. Buna səbəb onların bu əraziyə və insanlarına yad olmaları, genetik nifrətdən doğan bir məsələ idi. Azərbaycan xalqına qarşı düşmən mövqe tutan ermənilərə hərbi-maddi-mənəvi kömək göstərən böyük güclər erməniləri Cənubi Qafqazda silahlandıraraq xalqın müqavimətini qırmağa, nəzərdə tutulan planların baş tutması üçün zəmin yaratmağa çalışıblar. İlk olaraq 1905-1907-ci illərdə böyük münaqişə törədərək azərbaycanlıların kütləvi şəkildə qətlinə şərait yaradıldı. Bundan sonra Birinci Dünya müharibəsindən məğlub çıxan Rusiya dövləti neft məsələsində hakimliyi əldən vermək istəmirdi. Bakı nefti olmadan Rusiya gələcək istilaları həyata keçirə bilməzdi. Bakıda minlərlə döyüşçünün cəmləşməsini koordinasiya edən güclər çox böyük faciələr törətməklə iqtisadi cəhətdən əlverişli olan bu bölgədə erməni üstünlüyünə nail olmaq, bütün idarəçiliyi onların nəzarətinə vermək, iqtisadi gəlirlərin bölüşdürülməsində xüsusi imtiyaz əldə etməyə çalışırdılar. 1918-ci ildə azərbaycanlılara qarşı amansız, planlaşdırılmış cinayət həyata keçirildi. Bu qırğınların törədilməsində əsas məqsəd sənaye mərkəzi olan Bakını erməni toplumunun və rusların mərkəzi şəhəri etmək, həmçinin nefti öz əllərində cəmləşdirmək istəyi olub. Bakıdan başlayaraq Şamaxıya, Qubaya qədər bir çox ərazidə amansız qırğınlar törətmək təkcə erməni birləşmələrinin cəsarəti deyil. Digər tərəfdən, Qubada xüsusi qırğınların törədilməsi də təsadüfi sayıla bilməzdi. Quba qırğınlarına rəhbərlik edən Amazasp deyirdi ki, oraya bolşevik hökuməti qurmağa gəlib. Onun əsas missiyası Şahdağdan Xəzərə qədər olan bütün müsəlmanları məhv etməkdir. Qubada dəhşətli qırğınlar törədən Amazasp evləri də qarət edərək Bakıya qayıtmışdı. Erməni cəlladlarının insanlara verdikləri işgəncələr çox amansız olmuşdu. Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Zəngəzurda, Qarabağda baş tutmuş soyqırımların dəhşətini təsəvvür etmək çox çətindir.
1918-ci ildə törədilmiş soyqırımı nəticəsində 10 minlərlə insanın məhv edilməsinə göz yumulub, cinayətkarlar heç bir təzyiqə məruz qalmayıb və növbəti dönəmlərdə də onlara şərait yaradılıb. Məhz qısa müddətdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna səbəb olan bolşevik Rusiyası repressiya və köçürmələrlə Azərbaycan xalqının müqavimətini qıraraq ermənilərə bir daha qətl və qarətlər törətmələrinə şərait yaratmış oldu. Həmçinin Qərb dövlətləri ilə sıx əlaqələr yaratmağa, güclü lobbiçilik fəaliyyətlərinin genişləndirilməsinə şərait yaradıldı. Dünyanın aparıcı təşkilatlarında onların yer alması, dünya ictimaiyyətində bu toplumun tanınması ermənilərin kütləvi informasiya vasitələrinə təsir imkanlarını artırdı. Azərbaycanlıları daim təzyiq altında saxlamaq üçün ermənilərın həmişə antitürk, antimüsəlman təbliğatının aparılmasına imkan yaradılıb.
Sovet hökuməti çar Rusiyasının qanlı siyasətini davam etdirərək 1920-1940-cı illər ərzində 10 minlərlə azərbaycanlını repressiya, sürgün, və digər adlar altında məhv edib. 1948-1953-cü illər ərzində Azərbaycanın qərb torpaqlarından insanların köçürülməsini təşkil edən, onların yerinə xarici dövlətlərdən gətirərək məskunlaşdırma siyasətini həyata keçirən antimilli hökumətin siyasəti bir an belə dayanmayıb.
“XX əsrin əvvəllərindən cəzasız qalan erməni toplumu elə əsrin sonlarında da dünyada gedən geosiyasi dəyişikliklərdən istifadə edərək, sovet hökumətində yüksək çinli məmurların köməyindən birmənalı şəkildə yararlandılar. Bu məsələdə onlara hakimiyyətin siyasi dairələrində əsas aparıcı güclər dəstək verdilər. Qərb dövlətləri də ermənilərin istəklərini daha dərindən bilərək sovet hökumətinə qarşı onlardan istifadə etdi. 1989-cu ildə Moskvada olan Türkiyə Prezidenti Turqut Özal Azərbaycan xalqına qarşı düşmən mövqedə olan SSRİ rəhbəri Mixail Qorbaçova demişdi: “Ermənilərin separatçılığının qarşısını almasanız, sovet hökuməti ağlamalı günə düşəcəkdir”. Hesab edirəm ki, çox yerində deyilmiş, təsdiqini tapmış bir fikirdir.
XX əsrin əvvəlində törədilən soyqırımından cəzasız qalan ermənilər ənənəvi siyasəti davam etdirərək 1992-ci ildə Qaradağlıda, Xocalıda növbəti soyqırımı törətdilər. Bu dəfə də SSRİ silahlı qüvvələrinin Zaqafqaziya komandanlığına tabe olan Xankəndidə yerləşdirilmiş 366-cı motoatıcı alay onların köməyinə yetişdi.
XX əsrdə həyata keçirilmiş soyqırımlara siyasi qiymət vermək üçün Ümummilli Lider Heydər Əliyev 1998-ci il 16 mart tarixli Fərman ilə martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü elan etdi. Soyqırımların dünya dövlətləri tərəfindən tanınması istiqamətində görülən tədbirlər Azərbaycanın xarici siyasətində vacib məsələlərdən biridir.
Ermənilərin Cənubi Qafqaza köçürülməsindən xeyli vaxt keçməsinə baxmayaraq onların nifrəti, riyakarlığı bu gün də dəyişməyib, əksinə, daha da artıb. Bu məqamda Ömər Faiq Nemanzadədən bir nümunə gətirmək istəyirəm. XX əsrin əvvəllərində “İrşad” qəzetində nəşr olunan məqalələrin birində Nemanzadə Azərbaycan xalqına xitabən yazırdı: “Ermənilər bizi özlərinin təbii düşməni sayır. Səni təbii düşmən sayana dost ola bilməzsən. Təbii düşmənlə düşmən kimi rəftar edərlər”. Tarix göstərdi ki, Cənubi Qafqaza gəlmə olan ermənilər iddialarından bir an belə geri çəkilməyiblər. Çar Rusiyasından sovet Rusiyasına, ondan da Rusiya Federasiyası adı altında dəyişən imperiyanın isə yalnız adı dəyişib, mahiyyəti dəyişməyib.
Ermənilər mənsub olduqları dövlətlərə daim xəyanət etmişlər. Rusiya Federasiyasında da ermənilərin irəli çəkilərək hakimiyyətin yüksək kürsülərində vəzifələr əldə etməsi, dövlətin müxtəlif strukturlarında onlara şərait yaradılmasına və Ermənistana verilən hərbi-siyasi-maddi dəstəyə baxmayaraq, Avropa İttifaqı missiyasının Ermənistana gətirilməsi, Cənubi Qafqazda güc balansının dəyişdirilməsi istiqamətində atılan addımlar yeni geosiyasi reallıqlara şərait yaradır”, - deyə Ədalət Mustafayev fikrini yekunlaşdırıb.