30.03.2023 11:36
Xəbər verdiyimiz kimi, ötən günlərdə “Xalq qəzeti” redaksiyasında Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun rəhbərliyi və bu elm ocağında yeni yaradılmış Qərbi Azərbaycan tarixi şöbəsinin əməkdaşları ilə Qərbi Azərbaycana Qayıdış ümummilli hərəkatının elmi-tarixi təminatı mövzusunda Dəyirmi masa keçirildi. Qəzetimizin sualları ətrafında aparılan aktual müzakirədə tarixçi alimlər indiki Ermənistan dövlətinin yerləşdiyi coğrafiyanın qədim zamanlardan bir əsr əvvələdək türk torpaqları olduğunu təkzibedilməz fakt və dəlillərlə sübuta yetirdilər.
“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov müzakirəni giriş sözü ilə açaraq bildirdi ki, milli tariximizin dərindən və obyektiv öyrənilməsi sahəsində ölkəmizdə baş elmi mərkəz olan İnstitutun aradığı ardıcıl və sistemli tədqiqatlar müstəqillik illərində redaksiyamızın önəm verdiyi mövzulardan olub. Yaranmış səmərəli əməkdaşlıq bu gün Qərbi Azərbaycan tarixinin əhatəli və dərindən araşdırılması istiqamətində də uğurla davam edir.
Baş redaktor daha sonra qeyd etdi ki, Qərbi Azərbaycan İcmasının doğma yurda qayıdışına media dəstəyi qazandırmaqda redaksiya tarixçi alimlərimizin vətənpərvərlik mövqeyinə, mötəbər qənaətlərinə ciddi və mötəbər mənbə kimi istinad edir. Bu missiyanın gerçəkləşməsinə layiqli töhfəni artırmaq üçün qəzet ilə institutun yaradıcılıq imkanlarını yenidən nəzərdən keçirməyə, əlbir səyləri artırmağa ehtiyac duyulur.
Dəyirmi masanın materiallarını– söylənən elmi açıqlamaları, bildirilən dəyərli mülahizələri, qaldırılan aktual məsələləri qəzetimizin bu nömrəsindən başlayaraq, oxucularımıza çatdırırırıq.
AMEA Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov önəmli birgə fəaliyyətin yüksək səviyyədə davam etdirilməsi yollarının axtarışı ilə bağlı müzakirənin hər iki kollektiv, bütövlükdə, geniş oxucu kütləsi üçün faydalı olacağını söylədi:
– Qərbi Azərbaycandan zorakı üsullarla qovulmuş soydaşlarımızın birləşdiyi Azərbaycan Qaçqınlar Cəmiyyətinin 35 ildən bəri doğma yurda qayıtmaq uğunda apardığı ictimai mübarizə Prezident İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış Qərbi Azərbaycana Qayıdış ümumxalq hərəkatına çevrilməklə tarixçi alimlərin də qarşısında yeni ciddi vəzifələr qoyub. Dövlət başçısının Qərbi Azərbaycana dinc və ləyaqətli şəkildə qayıdışının elmi-taririxi təminatının yaradılması çağırışından sonra AMEA-da yaradılmış 3 xüsusi bölmədən biri də Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsidir. Qısa müddətdə yeni strukturun əməkdaşları Qərbi Azərbaycan tarixinin ayrı-ayrı dövrlər, önəmli mövzular üzrə öyrənilməsi ilə bağlı kompleks və mükəmməl araşdırmalara başlayıblar.
Təəssüf ki, sovet dövründə Qərbi Azərbaycanda mövcud olmuş sonuncu türk feodal dövləti – İrəvan xanlığı ilə bağlı işıq üzü görmüş kitablarda bəzi təhriflərə yol verilmişdir. Bunun səbəbi həmin dövrdə fəaliyyət göstərən alimlərimizə olan təzyiqlər və mövcud olan sərt senzura idi. Bir faktı da diqqətə çatdırmaq istərdim ki, bu dövrdə tarixçi alimlərimizdən birinə Ermənistan ərazisində Azərbaycan mədəniyyəti tarixi ilə bağlı doktorluq dissertasiyası mövzusu təqdim olunsa da, bu istiqamətdə tədqiqatların aparılmasına icazə verilməmişdir. Bu səbəbdən həmin illərdə bu ərazilərin tarixi ilə bağlı əsaslı tədqiqatlara rast gəlmək mümkün deyil. Yalnız 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra bu istiqamətdə tədqiqat işlərinə başlanılmışdır.
Xatırladım ki, tarixçi alimlərimiz istər sovet, istərsə də müstəqillik dövründə Azərbaycanın milli mənafeyini əsas tutaraq onun qorunması üçün əllərindən gələni etmişlər. Ümumiyyətlə, Qərbi Azərbaycanla bağlı tarixi məsələlər son 30 il ərzində Tarix İnstitutunun diqqət mərkəzində olmuş, monoqrafiyalar və məqalələr yazılmış, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrini almaq üçün dissertasiyalar müdafiə olunmuşdur. Tarix İnstitutunda Qərbi Azərbaycanla bağlı əsaslı tədqiqatlara Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildikdən sonra başlanılmışdır. Məsələn, İrəvan xanlığı haqqında geniş məlumat ilk dəfə 1993-cü ildə nəşr edilmiş bir cildlik “Azərbaycan tarixi” kitabında öz əksini tapmışdır.
1998–2003-cü illərdə nəşr edilmiş 7 cildlik “Azərbaycan tarixi” kitabının 3, 4 və 5-ci cildlərində də bu barədə geniş məlumat təqdim olunmuşdur. Çoxcildlikdə Çuxur-Səəd bəylərbəyliyi, İrəvan xanlığı, XIX əsrdə bu ərazilərin işğalı, ermənilərin bura köçürülməsi və məskunlaşdırılması tarixi, İrəvan quberniyası, Qərbi Azərbaycan ərazilərinin – İrəvan şəhəri və Zəngəzurun qərb ərazilərinin ermənilərə güzəştə gedilməsi, erməni-daşnak respublikasının yaradılması, İrəvan quberniyası və Zəngəzurda azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımı cinayətləri öz əksini tapmışdır. 1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması, 1988–1991-ci illərdə baş verən hadisələr də ümumiləşmiş şəkildə tədqiqata cəlb edilmişdir. 2007-ci ildən Tarix İnstitutunda İrəvan xanlığının tarixi ilə bağlı araşdırmalara başlanmışdır.
Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması təmsilçiləri ilə görüşdəki çağırışlarını və tövsiyyələrini əsas götürərək, Qərbi Azərbaycan tarixinin mövzu və problemlərinin əhatəli surətdə öyrənilməsi, icmanın fəaliyyətinin elmi baxımdan yönləndirilməsi ilə bağlı qarşımızda duran vəzifənin məsuliyyəti və gərəkliyi kollektivimizi şərəfli bir mübarizəyə səfərbər edib.
Qərbi Azərbaycan şöbəsinin müdiri, professor Cəbi Bəhramov 9 nəfərlik kollektivin qarşısında duran ilkin hədəfin zəngin elmi qaynaq toplamaqla Qərbi Azərbaycan tarixinin akademik nəşrini və bu ərazinin çoxsaylı tarixi-coğrafi xəritələrdən ibarət atlasını yaratmaq olduğunu bildirdi:
– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcması ilə görüşdə tarixi yurd yerlərinə qayıdışa nail olmaq üçün həmin torpaqlarda deportasiyaya, soyqırımına məruz qalmış soydaşlarımızın taleyi ilə bağlı son 2 əsrlik tarix üzrə tədqiqatların aparılması və mükəmməl konsepsiya hazırlanması göstərişini vermişdi. Artıq belə bir konsepsiya hazırlanıb, bu strateji sənəd əsasında genişmiqyaslı tədbirlərə, fundamental tədqiqatların aparılmasına başlanılıb.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılmış vətən müharibəsindəki şanlı qələbə nəticəsində 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa olundu, Azərbaycanın ağrılı problemlərindən olan Qarabağ məsələsi tarixin arxivinə atıldı. Hazırda Azərbaycanın növbəti problemi öz əzəli və əbədi torpaqları olan Qərbi Azərbaycan torpaqlarından zaman-zaman vəhşiliklə çıxarılmış soyrdaşlarımızın öz məskənlərinə geri qaytarılması, vaxtilə bu torpaqlarda yaşamış əhalinin hüquqlarının bərpa olunmasıdır.
Avropada XVI əsrdə qəbul olunmuş və bütün xalqlara tətbiq olunan legitimlik prinsipi mövcuddur. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, qədim zamanlardan müəyyən torpaqlarda məskunlaşmış yerli əhalinin ərazisini bölmək, işğal etmək, mənimsəmək yolverilməzdir. Azərbaycan xalqının hüquqları pozulub, ərazisi iki hissəyə bölünüb. Bundan əlavə, xalqımızın bir sıra torpaqlarına ona düşmən kəsilən bir xalq köçürülüb və soydaşlarımıza qarşı ən ağır cinayətlərdən olan soyqırımı törədilib. Xalqımızın pozulmuş hüquqlarının, tarixi ədalətin bərpası olduqca zəruri məsələlərdəndir.
Bu səbəbdən Prezident İlham Əliyev 2022-ci ilin 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında həmin bölgədən olan bir qrup ziyalı ilə görüşündə Qərbi Azərbaycana qayıdışla bağlı fəaliyyətin bu torpaqların tarixi üzərində qurulmasının gərəkliliyini bildirmişdir. Biz bu istiqamətdə işlərə artıq başlamışıq. Şöbəyə cəlb etdiyimiz mütəxəssislər müxtəlif dövrlər üzrə tədqiqatlar aparmış yüksəkixtisaslı kadrlardır. Bundan əlavə, digər şöbələrlə birbaşa əlaqəli şəkildə fəaliyyət göstəririk. Aparılan tədqiqatların əsas istiqamətlərini ən qədim dövrdən bugünədək Qərbi Azərbaycanın tarixinin araşdırılması, tarixi atlasın tərtib edilməsi təşkil edir. Bu iki məsələnin həlli üçün dünyanın müxtəlif ölkələrində ayrı-ayrı dillərdə yazılmış elmi ədəbiyyatın toplanması işləri həyata keçirilir.
Qərbi Azərbaycanın qədim türk tarixi ilə bağlı məlumatlarına Assur və Urartu mixi yazılarında da tez-tez rast gəldiyini söyləyən şöbənin aparıcı elmi işçisi, dosent Ziyad Əmrahov isə dedi:
– Cənubi Qafqaz ərazilərinin Əhəməni və Sasani imperiyalarının tərkibinə qatılması ilə bəhs olunan bölgə də çox geniş ərazili imperiyaların bir əyaləti olmuşdur. Sasani imperiyasının indiki İran coğrafiyası da daxil olmaqla Cənubi Qafqazdakı hegemonluğuna son qoyan Ərəb xilafəti 661-ci ildən etibarən bölgəni öz təsir dairəsinə keçirmişdir.