AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Ulu Öndərin qadınların və gənclərin rəhbər vəzifələrə irəli çəkilməsi istiqamətində fəaliyyəti

10.04.2023 09:58

Gənc kadrların dövlət idarəçiliyi sistemində iştirakı gənclərin hərtərəfli inkişafı, səmərəli məşğulluğu və onların potensiallarından dövlətin rifahı üçün istifadə olunması baxımından çox vacib hesab edilir. Ötən əsrin 50-ci illərinin sonu və 60-cı illərinin əvvəlləri gənclərin ictimai-siyasi fəallığını artırmaq üçün bəzi işlər görülsə də, bu tədbirlər səthi xarakter daşıdığından və gənclər təşkilatları yalnız yuxarı partiya orqanlarının müəyyən etdiyi şərtlər daxilində fəaliyyət göstərdiklərindən səmərəli nəticə vermirdi. Bütün bunlar isə gənclərin öz qüvvəsinə inamını, təşəbbüskarlığını, sosial fəallığını zəiflədir, onların hakimiyyətə, siyasətə və idarəetmə işinə yadlaşması ilə nəticələnirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin kiçik elmi işçisi Yüzdanə Cabbarlı deyib.

Onun sözlərinə görə, 1969-cu ildə Azərbaycan SSR-də siyasi rəhbərliyə gələn Heydər Əliyev öz çıxışlarında dəfələrlə bu məsələlərə toxunub. Ulu Öndər idarəetmədə gənclərin və qadınların təmsil olunmasının çox aşağı səviyyədə olduğunu qeyd edərək, mövcud çatışmazlıqları faktlar əsasında təhlil edib. O, köhnə kadrlardan düzgün istifadə edilməklə bərabər, gənclərin və qadınların vaxtında daha məsul bir işə irəli çəkilməli olduqlarını nəzərə alaraq bu məsələni xüsusi diqqətdə saxlayıb. Ümummilli Lider Heydər Əliyev bu sahədə irəliləyişi təmin etmək məqsədilə gənclərin digər ölkələrin ali təhsil müəssisələrinə göndərilməsinə, müxtəlif ixtisasartırma kurslarında iştirakına, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında İctimai Elmlər Akademiyası, Ali Partiya Məktəbi, Qiyabi Ali Partiya Məktəbi və Bakı Ali Partiya Məktəbi kimi təhsil müəssisələrində təhsilalanların sayının artırılmasının təmin edilməsinə nail olub.

“1970-1980-ci illərdə Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasət nəticəsində respublikada ictimai həyatın bütün sahələrində baş verən müsbət dəyişikliklər gənclərin sosial-psixoloji vəziyyətinə, siyasi fəallığına müsbət təsir göstərib. 16 mindən çox gənc vətəndaş xalq deputatları sovetlərinin, o cümlədən 118 nəfər SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 1970-ci ildə ilk partiya təşkilatlarının katibləri arasında qadınların xüsusi çəkisi 23,2 faiz idisə, 1980-ci ildə 29,7 faiz təşkil edirdi. Azərbaycan KP MK-nın üzvləri arasında qadınların sayı daha da artaraq, XXIX qurultayı tərəfindən Azərbaycan KP MK üzvlüyünə 25 nəfər, MK namizədliyinə isə 9 nəfər qadın seçilib. Həmçinin 1967-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatlarından 42 nəfəri (11,4 faizi) 30 yaşınadək olan gənclər idisə, 1985-ci ildə isə artıq Azərbaycan SSR Ali Sovetində 30 yaşınadək olan deputatların sayı 112 nəfərə, gənclərin sayı isə 87 nəfərə çatmışdı.

1970-ci illərdə Heydər Əliyevin gənclərin və qadınların rəhbər vəzifələrə irəli çəkilməsi istiqamətində böyük əhəmiyyət daşıyan fəaliyyətinin nəticəsi olaraq bir çox rəhbər vəzifələrdə gəncləşmə prosesi gedib. Bu, təkcə yaşda deyil, həm də təfəkkürdə, işə yanaşmada da təzahür edib, idarəetmə ilə iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə yaradıb. Bu dövrdə Heydər Əliyevin böyük əməyinin nəticəsində bütün istiqamətlərdə həyata keçirilən dəyişikliklər həcminə, ictimai-iqtisadi islahatların səviyyəsinə görə əvvəlki dövrlərdən kəskin şəkildə fərqlənərək Azərbaycan SSR-in tarixində böyük əhəmiyyət kəsb edib. Gələcək müstəqil Azərbaycanın güclü kadr potensialının hazırlanması məhz bu dövrdə böyük uzaqgörənliklə həyata keçirilib”, - deyə Yüzdanə Cabbarlı fikrini yekunlaşdırıb.

Paylaş: