13.04.2023 14:50
12 aprel 2023-cü il tarixində AMEA A.A Bakıxanov adına Tarix İnstitutunda “Azərbaycan və dünya tarixi” mövzusunda respublika elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov tədbirin mahiyyətindən danışıb.
Daha sonra tarix elmləri doktoru,professor İradə Bağırova “Azərbaycan və dünya tarixi” mövzusunda məruzə ilə çıxış edib. İradə Bağırova bildirib ki, 1970-ci illərin sonlarında Humanitar və informatika elmlərinin kəsişməsində informasiya texnologiyalarının inkişafı ilə əlaqədar olaraq yeni fənlərarası istiqamət – tarixi informatika (və onun tətbiqi sahəsi – Rəqəmsal Tarix), və ya “seriyalı tarix”, kliometriya yaranır. Rəqəmsal tarix geniş fənlərarası əməkdaşlığa təsir göstərir: mənbəşünaslıq və arxeoqrafiyadan tutmuş informasiya sistemlərinin alqoritmləşdirilməsinə və memarlığına qədər. Daha sonra natiq qeyd edib ki, tarix elmində əsl çevriliş etmiş cərəyanlardan biri də XX əsrin sonunda meydana çıxan post-modernizm olmuşdur. Bu istiqamətin tədqiqatçıları tarixi reallığı inkar edir, tarixi mənbələrin müxtəlif oxunuşlarının və şərhlərinin mümkünlüyünü qəbul edirlər, bu səbəbdən tarixçilər tərəfindən yaradılmış mətnləri müxtəlif diskursiv strategiyaların subyektiv variantı hesab edirlər. Yəni obyektiv tarix yoxdur və mümkün deyil. Postmodernizmin tarix elminə təsiri birmənalı deyil: idrakın yeni imkanları və yolları yaratmaqla postmodernizm tarix nəzəriyyəsində böhran vəziyyətini dərinləşdirdi. Amma böhran elm tarixində təbii bir hadisə kimi qəbul edilməlidir, çünki həmin vəziyyət XX əsrin əvvəllərində də yaranmışdı və tarix elminin sonrakı sıçrayışı tənəzzül dövrünə son qoydu.
Müasir Azərbaycanda tarixi tədqiqatlar dinamik inkişaf və yüksəliş dövrünü yaşayır. Lakin, çox vaxt bu artım sırf kəmiyyət xarakterlidir ki, bu da son nəticənin keyfiyyətinə mənfi təsir göstərir. Tarixçilərimizin böyük əksəriyyəti hələ də pozitivist ruhda, yəni faktoloji, təsviri (narrativ) tarixi əsərlər yazmağa üstünlük verirlər və bunu “obyektiv” tarix adlandırırlar.
Dünya tarix elminin müasir cərəyanları Azərbaycan tarixşünaslığına hələki o qədər də təsir göstərmir, bu təsir daha çox politologiyada və fəlsəfə elmində özünü biruzə verir. Tarixçilər də bu elmlərin terminologiyasından və təhlil metodlarından geniş istifadə etsələr, daha uğurlu nəticələr alına bilər və ölkədən xaricə çıxmaq imkanı genişlənə bilərdi.
Daha sonra konfransda iştirak edən tarixçi alimlər çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi