10.02.2018 12:20
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu “Gənclərin dostu” mükafatını təsis edib.
Bu barədə qərar institutun genişləndirilmiş Elmi Şurasının 2 fevral - Gənclər Gününə həsr olunmuş iclasında verilib.
Bu mükafat görkəmli alimlərə gənclərin alim kimi yetişməsində rolu və xidmətləri nəzərə alınaraq veriləcək.
İclasda çıxış edən gənclərin təklifləri nəzərə alınaraq, ilk mükafatın AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə təqdim olunması qərara alınıb. Bildirilib ki, AMEA elm və təhsilin inteqrasiyasını ən vacib bir istiqamət kimi qəbul edərək, bu sahədə aktiv fəaliyyət göstərməkdədir. İclasda qeyd ediblər ki, Akif Əlizadənin təşəbbüsü ilə 2015-ci ildən AMEA-da ilk dəfə magistratura təhsilinə başlanılıb.
Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, institutun magistrları qədim mixi yazıları (Şumer, Akkad, Elam, hurri və Urartu) və osmanlı xətlərini (siyaqət) öyrənirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.