02.05.2023 10:39
Azərbaycan Respublikası keçən əsrin 70-ci illərindən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaşayıb və inkişaf edib. 1969-cu ildə Heydər Əliyev Azərbaycan SSR-in Mərkəzi Komitəsinin birinci katibi təyin edildiyi gündən dövrün ideoloji ağırlığına baxmayaraq, respublikanın bütün iqtisadi, ictimai, sosial, elm və təhsil sahələrində azərbaycançılıq siyasətini həyata keçirməyə başladı. Bu siyasət çox incə motivləri hədəf alaraq gələcəyə köklənmiş strateji məqsədləri əhatə edirdi. Daxili və xarici siyasət sahəsində həmin kursun əsas qayəsi bütün dövrlərdə Azərbaycanın ictimai-siyasi, iqtisadi və milli-mənəvi inkişafını təmin etməkdir. Azərbaycanın uzaqgörən siyasi kursu bütün taleyüklü məqamlarda xalqın gücünü birləşdirib və bu gücü dövlətin inkişafına yönəldib. Bu, Heydər Əliyev siyasi kursudur.
Bu fikirləri AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi , tarix üzrə fəlsəfə doktoru , dosent Leyla Hüseynova söyləyib.
O deyib ki, XX əsrdən uğurla həyata keçirilən strateji inkişaf istiqamətləri növbəti əsr üçün güclü təməl yaradıb. XXI əsrdə də Azərbaycanın inkişaf konsepsiyasının ana xətti Heydər Əliyevin Azərbaycanı dünya miqyasında tanıdaraq və sosial-iqtisadi potensialını artıraraq Vətənə, xalqa xidmətinin davamıdır. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk deyib: “Ən böyük şəxslər özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması yolunda həyatını verən insanlardır”. Məhz Heydər Əliyev həyatını xalqına bağışlamış şəxsiyyətdir.
“Quruculuq və inkişaf layihələrini həyata keçirməklə gələcəyin inkişaf proqramını hazırlamaq Heydər Əliyev uzaqgörənliyinin, fenomenliyinin və müdrik siyasətinin əsas məzmununu təşkil edib. Tarixi inkişafın yekunu göstərir ki, XX əsrin sonunda Cənubi Qafqazda yeni bir Azərbaycan dövləti təşəkkül tapıb. Azərbaycan artıq dünya birliyinin ayrılmaz tərkib hissəsinə çevrilib. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməli üzərində inkişaf edir. Əsl vətəndaş cəmiyyəti yaranıb. İqtisadi cəhətdən getdikcə inkişaf edən və möhkəmlənən bir respublikaya çevrilərək dünya inkişafının başlıca meyilləri olan mədəni inteqrasiya və qloballaşmaya Azərbaycan da öz töhfəsini verir. Bütün bunlar Azərbaycan Respublikasının gələcək inkişafının - XXI əsrdə inkişafının əsas meyillərini müəyyən edir. İftixarla qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyev XX əsrdə qazanılan müvəffəqiyyətlər əsasında XXI əsrin inkişaf istiqamətlərini də uzaqgörənliklə göstərib. Onun “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında: yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” və sonrakı çıxış və nitqləri keçən əsrin tarixi salnaməsi olmaqla yanaşı, həm də XXI yüzilliyin siyasi və sosial-iqtisadi inkişafının bütöv konsepsiyasıdır. Heydər Əliyev həmin müraciətində deyirdi: “Sizi əmin edirəm ki, Azərbaycan dövləti indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində daim duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır. Müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır. Azərbaycanın 2000-ci ilin başlanğıcındakı uğurları bunu bir daha sübut edir”.
Heydər Əliyev xalqımızı və dövlətimizi uzunmüddətli perspektiv inkişaf proqramı ilə silahlandırıb. Bu gün Azərbaycan Respublikası Qafqazın ən nüfuzlu dövləti olaraq öz müqəddəratını müəyyən edir. Tarixin ən çətin, ən ümidsiz problemlərindən biri olan Qarabağ məsələsi beynəlxalq hüquq normaları çərçivəsində həll olunub. Zəfər qazandıqdan dərhal sonra Azərbaycan Respublikası revanşizm hərəkətlərini cilovlayıb, sülh yolunda önəmli addımlar atıb. Ümummilli Lider Heydər Əliyevin miras qoyduğu siyasət səmərəli nəticələrlə davam edir.
Qədim tarixi keçmişə malik Azərbaycan xalqı və onun sivilizasiyalar qovşağındakı geosiyasi mövqelərinin möhkəmlənməsi XXI əsrin ilk onilliklərində özünü tam təsdiq etdi, Azərbaycan Respublikasını regionun lider dövlətinə çevirdi. Xalqımızın ən böyük sərvətlərindən biri onun zəngin milli, mənəvi, mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Milli dövlətin formalaşmasında, güclü və əbədiyaşar olmasında onun mənəvi əsaslarının milli dəyərlərlə səsləşməsi böyük əhəmiyyət kəsb edir. Hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır. Azərbaycan xalqı məhz milli-mənəvi dəyərlərinə sadiqliyi sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu və ən əsası həmrəyliyini bugünədək qoruyub saxlaya bilib”, - deyə Leyla Hüseynova fikrini yekunlaşdırıb.
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi