03.05.2023 10:13
XIX əsrin əvvəllərində Rusiya imperiyası Azərbaycanın Araz çayından şimaldakı torpaqlarını müharibə yolu ilə işğal etdikdən sonra bu ərazidə müstəmləkə idarəçilik sistemi qurmaqla yanaşı, yerli Azərbaycan türklərinin və digər müsəlman əhalisinin sıxışdırılmasına da qərar verdi. Bu siyasətin nəticəsi olaraq Rusiya hökuməti, ilk növbədə, Qərbi Azərbaycan ərazisinin sürətlə erməniləşdirilməsinə başladı.
Bunun ardınca çarizm inzibati dəyişikliklər edərək qondarma “erməni vilayəti” adlanan ərazi yaratdı. Ermənilərin xaricdən bu bölgəyə kütləvi köçürülməsi təşkil edildi. Bu köcürmələr ermənilərin bölgədə süni surətdə çoxalması ilə nəticələndi, yüz minlərlə Azərbaycan türkü öz doğma yurd-yuvasından didərgin salındı. Ermənilər bu ərazilərdə yerləşdikdən sonra cinayətkar əməllər törətmək üçün təşkilatlanmağa başlayaraq, münasib zamanın gəlməsini gözlədilər. İlk belə bir məqam çar Rusiyasında baş verən 1905–1907-ci illər inqilabı oldu.
Bölgədə inqilabın hökumət əleyhinə güclənməsinin qarşısını almaq üçün çar hökuməti etnik münaqişənin baş verməsində maraqlı oldu. Ermənilərin bölgədətürk-müsəlman əhaliyə qarşı törətdikləri qanlı cinayətlərə göz yummaqla hakimiyyət orqanları bir növ bu soyqırımı aktlarına dəstək verdi. Hətta türk-müsəlman əhalisinə qarşı ermənilər tərəfindən törədilən bu qırğınlarla bağlı 1906-cı ildə Dumanın müsəlman fraksiyasının müraciətinə də baxılmamışdı. Çünki ermənilərin bölgədə törətdiyi bu cinayətlər hökumətin bölgədəki maraqlarını təmin edirdi.
Ermənilər tərəfindən törədilmiş bu cinayətlərlə bağlı arxiv materialları minlərlə azərbaycanlının vəhşicəsinə öldürülməsi faktına şahidlik edir. O zaman zorakılıqlardan yaxa qurtarmaq üçün on minlərlə azərbaycanlı yaşadığı əraziləri tərk etmək məcburiyyətində qalmışdı. Bu hadisələrdən sonra ermənilər bir müddət gözləmə mövqeyi tutaraq növbəti cinayətlərə hazırlıq görməyə başladılar. Birinci Dünya müharibəsinin başlanması ilə ermənilər yenə də öz cinayətlərini törətmək üçün məqamın yetişdiyini düşünərək hərəkətə keçdilər.
Nəhayət, XX əsrin əvvəllərində Rusiyanın davam edən imperialist siyasəti nəticəsində Qərbi Azərbaycan vilayətlərində 1918-ci ildə Ararat (Ermənistan) Respublikası elan edildi. Bu respublika elan ediləndə heç onun paytaxtı da yox idi. Azərbaycan şəhəri İrəvan bu məqsədlə daşnaklara peşkəş edilmişdi. Bu lütfkarlığa baxmayaraq,1918–1920-ci illərdə ermənilər terror dəstələri yaradaraq Azərbaycan türklərinə qarşı kütləvi cinaytlər törətmişdilər.
Bu illər ərzində yüz minlərlə azərbaycanlı ermənilərin yaratdığı terror dəstələri tərəfindən qətlə yetirilmişdi, yüz minlərlə soydaşımız bölgəni tərk etmək məcburiyyətində qalmışdı. Azərbaycan Respublikası Dövlət Tarix Arxivində olan sənədlərdən aydın olur ki, təkcə Zəngəzur ərazisində 10 min 68 nəfər qətlə yetirilmiş, 50 mindən çox əhali isə canlarını qurtarmaq üçün doğma yurdunu tərk edərək qaçqın kimi ayrı-ayrı bölgələrə getmişlər.
1920-ci ildə regionda bolşeviklərin hakimiyyətə gəlməsi ilə bu prosesslər başqa bir istiqamətdə cərəyan etməyə başladı. Bolşevik-daşnak birləşmələri minlərlə milli düşüncəli qabaqcıl ziyalını məhv etdi. Cənubi Qafqazda Azərbaycan türklərinə qarşı bolşevik hökumətinin yeritdiyi bu siyasət sonradan dövlət səviyyəsində Azərbaycan türklərinin bu bölgədən etnik təmizlənməsinə yönəldildi. II Dünya müharibəsindən sonra sovet hökumətinin Türkiyə ilə münasibətlərinin gərginləşməsindən istifadə edən ermənilər yenə də hərəkətə keçərək Azərbaycan türklərinin bölgədən tamamilə köçürülməsinə nail olmağa çalışırdılar.
1947-ci ildə SSRİ Nazirlər Soveti Azərbaycan türklərinin Qərbi Azərbaycandan köçürülməsi ilə bağlı qərar qəbul etdi və 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min nəfərin köçürülməsi nəzərdə tutuldu. Bu qərar nəticəsində on minlərlə Azərbaycan türkü bölgədən köçürüldü, minlərlə soydaşımız yollarda, çöllərdə məhv oldu. Ancaq bu basqılara baxmayaraq, xeyli Azərbaycan türkü öz ata-baba yurdunu tərk etməkdən imtina etdi.
Azərbaycan türklərinin Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qaldığı son faciəli hadisələr sovet imperiyasının çökməsi zamanı baş verdi. Erməni millətçiləri regionda yaranmış dağıdıcı vəziyyətdən və başıpozuqluqdan istifadə edərək sonuncu etnik təmizləmə siyasətini tam həyata keçirə bildilər. 1988-ci ildə başlayan bu deportasiya nəticəsində 1991-ci ildə sonuncu Azərbaycan türkü də bugünkü Ermənistan (Qərbi Azərbaycan) ərazisindən zor gücünə çıxarıldı.
Qərbi Azərbaycan ərazisindən 53 mindən artıq ailə məcburi qaydada bu əraziləri tərk etməli oldu. 1988-ci ildə Ermənistan SSR ərazisinin 261 kəndindən 200 mindən çox azərbaycanlı qovuldu, onlara məxsus 31 mindən artıq ev içindəki əşyalarla birlikdə ermənilər tərəfindən ələ keçirildi.
Bu gün dünyanın nadir ölkələrindən biri kimi Ermənistan monoetnik bir respublikadır. Ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi davamlı, sistemli vəhşiliklər isə tarixə insanlığın qara ləkəsi, erməniliyin bəşəri cinayətləri kimi yazılıb.
Bəxtiyar HƏSƏNOV,
AMEA Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi