22.05.2023 14:25
Müstəqil Azərbaycan Respublikasında dövlət siyasətinin bütün prioritet istiqamətlərində olduğu kimi, təhsil sahəsində də xüsusi strategiyanın işlənib hazırlanması və həyata keçirilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu strategiyanın həyata keçirilməsi sayəsində Azərbaycanın müstəqil inkişafının təməli qoyulub, sonrakı mərhələdə bu təməl gücləndirilərək daha böyük inkişafa zəmin yaradıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin elmi işçisi Vüsalə Əlləzova deyib. Onun sözlərinə görə, Azərbaycana rəhbərliyinin birinci dövründə sovet ideologiyasının və siyasi sisteminin bütün qadağalarına baxmayaraq, Ümummilli Lider Heydər Əliyev milli dəyərlərə sadiq qalaraq, Azərbaycan təhsilinin və Azərbaycançılığın inkişafına xüsusi diqqət ayırırdı. Həmin illərdə Azərbaycan təhsilinin qarşısında həllini gözləyən problem çox idi. Bu problemlər, təhsil sisteminin milli kadrlarla komplektləşdirilməsi, xüsusilə kənd yerlərində yeni məktəblərin geniş şəkildə tikintisi, müəllimlərə qayğının təzahürü, gənclərin ali təhsil almasına şərait yaradılması, Azərbaycan kəndini yüksəkixtisaslı mütəxəssislərlə təmin etmək üçün kənd gənclərinin ali məktəblərə müsabiqəsiz qəbulu, ali məktəblərin sayının artırılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi və sair məsələlərlə bağlı idi.
“Heydər Əliyevin rəhbərliyi altında 1970-1980-ci illərdə dövlət büdcəsindən ümumi təhsilə ayrılan vəsait artırılaraq 1970-ci ildə 219,8 milyon manatdan 1980-ci ildə 363,9 milyon manata çatdırılmışdı. Ötən əsrin 70-ci illərində respublikada məktəb tikintisi geniş vüsət aldı. Heydər Əliyevin sədrliyi ilə 1973-cü il avqustun 28-də keçirilən Azərbaycan KP MK bürosunun iclasında respublika ərazisində yeni məktəb binalarının tikintisinə dair qərar qəbul edildi. Bu illərdə Azərbaycanın sosial-iqtisadi inkişafının təməl məsələlərindən biri də bölgələrin mədəni inkişafı idi. Ali təhsilli müəllimlərin sayının artmasına və kənd məktəblərinin ixtisaslı müəllim kadrları ilə təmin edilməsinə xüsusi diqqət yetirilirdi. Qeyd etmək lazımdır ki, 1969-cu il sentyabr ayında Azərbaycanda ibtidai, səkkizillik və orta məktəblərdə işləyən 75 min müəllimin yalnız 50 faizi ali təhsilli idi. Heydər Əliyev mövcud vəziyyəti dəyişmək üçün qətiyyətli tədbirlər həyata keçirmişdi. Rayonlarda təhsil müəssisələrinin yüksək hazırlıqlı kadrlarla təmin edilməsi üçün Azərbaycan KP MK Bürosunun hələ 1969-cu il 12 avqust tarixli iclasında respublikanın müxtəlif rayonlarından gənclərin ali məktəblərə müsabiqədənkənar qəbulu haqqında qərar çıxarılmışdı.
Heydər Əliyevin təşəbbüslərindən biri də Azərbaycanda çoxillik tarixə malik olan məktəblərin yubileylərinin keçirilməsi ilə bağlı idi. Azərbaycan KP MK Bürosunun 1982-ci il 12 yanvar və 9 fevral tarixli iclaslarında Şuşa və Şəkidəki orta məktəblərin 150, Lənkərandakı 1 nömrəli məktəbin isə 125 illiyinin qeyd edilməsi barədə qərar qəbul edilmişdi. Həmçinin Azərbaycan müəllimlərinə fəxri adların verilməsində, onların ölkədə tanınmasında da Heydər Əliyevin müstəsna rolu olub”, - deyə o bildirib.
V.Əlləzova vurğulayıb ki, Azərbaycanın təhsil sisteminin milli kadrlarla təmin edilməsi üçün başlıca şərtlərdən biri Azərbaycan gənclərinin ali təhsili ilə bağlı idi. Heydər Əliyev Azərbaycanda ali təhsilin inkişafına xüsusi diqqət yetirir, onun şəbəkəsini genişləndirir, tələbələrin sayını artırır, müəllimlərə qayğı göstərirdi. Heydər Əliyev hakimiyyətə gələrkən respublikada cəmi 13 ali məktəb vardı. Lakin o belə hesab edirdi ki, ali məktəblərin sayı Azərbaycan əhalisinin artan tələbatını ödəmir. Ona görə də Azərbaycan rəhbəri ali məktəblərin açılması işinə xüsusi diqqət yetirirdi. “Təsadüfi deyil ki, Heydər Əliyevin səyi ilə 1981-ci ildə Azərbaycanda artıq 18 ali məktəb fəaliyyət göstərirdi. 1976-1980-ci illərdə ali məktəblərdə 23 yeni fakültə, 72 yeni kafedra yaradıldı. Beləliklə, Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycanda 5 yeni ali məktəb açılmış, bu ali təhsil ocaqlarının maddi-texniki bazası formalaşdırılmış, inkişaf etmiş xarici ölkələrdən cihazlar və digər texniki ləvazimatlar alınıb gətirilmiş, tələbələr üçün yataqxanalar inşa edilmiş, bütün bu addımlar hesabına Azərbaycan sovet hakimiyyəti illərində ilk dəfə olaraq Cənubi Qafqaz regionunda qabaqcıl təhsil mərkəzinə çevrilmişdi”, - deyə V.Əlləzova fikrini yekunlaşdırıb.