23.05.2023 12:15
AMEA-nın elmi-tədqiqat institutlarında, o cümlədən Tarix institutunda əməkdaşların elmi ezamiyyətləri mühüm yer tutur. Elmi ezamiyyətlərin maliyyə təminatı institutun xərclər smetası (büdcəsi) vasitəsilə həyata keçirilir. Bu sahədə aşkarlıq və şəffaflığı təmin etmək məqsədilə hər il institutun büdcəsinə dair cədvəl Elan lövhəsindən asılır.
2023-cü il büdcəsi üzrə xarici ezamiyyətlər üçün Tarix institutuna 50 min manat, daxili ezamiyyətlər üçün 10 min manat vəsait ayrılmışdır. Xarici ölkələrə ezamiyyət zamanı əməkdaşların, əsasən, kitabxana və arxivlərdə işləməsinə, Azərbaycan tarixinə dair elmi dövriyyəyə yeni sənəd və materiallar gətirilməsinə üstünlük verilir.
Hazırda institutun Qədim dövr tarixi şöbəsinin böyük elmi işçisi Ramin Əlizadə Ankara universiteti Dil, Tarix, Coğrafiya fakültəsinin Qədim dillər bölümünün nəzdində olan kitabxana və arxiv fondlarından istifadə etmək məqsədi ilə Türkiyə Cümhuriyyətinin Ankara şəhərinə ezamiyyətə (21 may-1 iyun 2023-cü il) göndərilmişdir.
İnstitutun icraçı direktoru tarix elmləri doktoru İlqar Niftəliyev Daşkənd şəhərinə elmi ezamiyyətə (21-25 may 2023-cü il) getmişdir. Bu ezamiyyətin maliyyə xərcləri dəvət edən tərəfindən ödənilib.
İnstitutun şöbə müdiri akademik Nərgiz Axundova, şöbə müdiri tarix elmləri doktoru Tofiq Nəcəfli və tarix üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi, dosent Sahibə Budaqova 1-ci Uluslararası İpək Yolu Konqresində məruzələr ilə çıxış etmək məqsədi ilə Naxçıvan şəhərinə (25-28 may 2023-cü il) ezam olunacaqdır.
İnstitutun Qərbi Azərbaycan tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov və həmin şöbənin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov azərbaycanlıların Ermənistandan deportasiyasının tarixinə dair sənəd və materiallar toplanması və nəşrə hazırlanması üçün Moskva şəhərinə elmi ezamiyyətə (15-20 iyun 2023-cü il) göndəriləcəkdir.
AMEA Rəyasət Heyətinin qərarına uyğun olaraq institutların 2023-cü ilin elmi ezamiyyət planında gənc alimlərə də yer ayrılması nəzərdə tutulur. Tarix institutu üzrə Gənc Alimlər və Mütəxəssislər Şurasının tövsiyəsi ilə Qədim dövr tarixi şöbəsinin kiçik elmi işçisi Selcan Həşimovanın elmi ezamiyyətə göndərilməsi təmin ediləcəkdir.
2023-cü il ərzində istər ölkə daxilində, istərsə də xarici ölkələrə elmi ezamiyyətlər haqqında sonra da məlumat veriləcəkdir.
Hazırda elmi ezamiyyətdə olan və elmi ezamiyyəti nəzərdə tutulan əməkdaşlarımıza uğurlar arzulayıram
Baş direktor