AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutu 2023-cü ilin I yarısı üzrə hesabatını təqdim etdi

22.06.2023 14:41

21 iyun 2023-cü il tarixində Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Elmi şurasının ilin I yarısı üçün hesabat iclası keçirilmişdir. İclası institutun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov açaraq Tarix İnstitutunun 2023-cü il üçün baş planda nəzərdə tutulan elmi istiqamətlər üzrə problem və mövzulardan, həmçinin onların yerinə yetirilməsi vəziyyətindən danışmışdır. İlin I yarısının hesabatını institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Ellada Bəkirova təqdim etmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli sərəncamının icrası ilə əlaqədar Tarix İnstitutunda mühüm tədbirlər həyata keçirilmişdir. Onların sırasında “Heydər Əliyevin regionların inkişaf etdirilməsi siyasəti və müasir mərhələdə Azərbaycanın regional inkişafı” adlı respublika elmi konfransı, tarix elmləri doktoru, dosent Nazim Məmmədovun Heydər Əliyev ilinə töhfəsi olan “Qarabağın inkişaf konsepsiyası (1960-cı illərin sonları-1980-ci illərin əvvəlləri)” adlı monoqrafiyası qeyd edilə bilər.

Həmçinin, Azərbaycan Respublikası Prezidentinin “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi haqqında” 06 dekabr 2022-ci il tarixli sərəncamının icrası  ilə əlaqədar Tarix İnstitutunda “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa”nın maddi-mədəniyyət abidələri erməni vandallarının hədəfində” adlı dəyirmi masa təşkil olunmuşdur.

Tarix İnstitutunun şöbə və əməkdaşlarının baş elmi-tədqiqat planına uyğun gördükləri işlər, institutun tədqiqat istiqamətləri üzrə araşdırmalar hesabatda mühüm yer tutmuşdur. İnstitutda “Azər­baycan tarixinin tədqiqi”“Ümumi tarix” elmi istiqamətləri üzrə 8 müxtəlif problem (1. “Azərbaycan tarixinə dair ümumiləşdirici tədqiqatlar”, 2. “Tarixşünaslıq və mənbəşünaslıq tədqiqatları”, 3. “Əliyevşünaslıq tədqiqatları”, 4.“Azərbaycanın ictimai-siyasi tarixi”, 5. “Sosial-dini tarix”, 6. “Azərbaycanın tarixi bölgələrinin tədqiqi”, 7.“Beynəlxalq münasibətlər tarixi”, 8. “Cənubi Qafqazın siyasi tarixi”) tədqiqat obyekti olmuşdur. Tarixçi alimlər bu müddət ərzində bircildlik Azərbaycan tarixinin redaktə işlərinə başlamış, çoxcildlik üzrə işləri plana uyğun olaraq davam etdirmişlər. Onlar Azərbaycan tarixinin tarixşünaslığı, Azərbaycan tarixinin mənbəşünaslığı, Azərbaycanın erkən orta əsrlər tarixi (Ərəbdilli qaynaqlarda), XV-XVIII əsrlər Azərbaycan tarixinin tarixşünaslığı, Azərbaycan SSR-nin 1920-1953-cü illər tarixinin tarixşünaslığı, Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası: XIX-XX əsrlər (arxiv sənədləri), Heydər Əliyev və tarix problemləri, Heydər Əliyev və Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf məsələləri, Albaniya (Qafqaz): siyasi tarixi, XIX əsrin ilk sülsündə Şimali Azərbaycanda baş vermiş hərbi-siyasi proseslərin tarixindən, Cümhuriyyət dövründə Azərbaycanda ictimai-siyasi proseslər, Azərbaycan Respublikasının ictimai-siyasi  həyatı (1991-2003-cü illər), Qədim Azərbaycan əhalisinin ictimai-siyasi və mədəni həyatında din amili (e.ə. III minillik – e. 700-cü illər), Qarabağ tarixi (1736 – 1920-ci illər), XVIII – XIX əsrin əvvəllərində Azərbaycan və qonşu dövlətlər, Azərbaycan beynəlxalq münasibətlər sistemində və ölkənin xarici siyasəti, Cənubi Qafqazın inteqrasiya təcrübəsi: federativ qurumların yaranması və fəaliyyəti (1917-1936-cı illər)mövzuları üzrə tədqiqatlar aparmış, bu mövzularda 10 monoqrafiya və 15 həmmüəllifli kitab, 80-dən çox məqalə, 100-ə qədər məruzə və tezis çap etdirmişlər. İlin I yarsında istitut əməkdaşlarının xaricdə nüfuzlu elmi jurnallarda 36 elmi məqaləsi nəşr olunmuşdur. Bunlardan biri SCOPUS indeksli jurnalda, digərləri isə ULAKBİM, РИНЦ indeksli və başqa nüfuzlu elmi jurnallardadır. Hesabat ilinin I yarısında institutun elmi əməkdaşlarının hər birinin elmmetrik bazalarda (Google Scholar, Researchgate və s.) profillərinin açılması, institutun özünün profilinin formalaşdırılması işi sürətləndirilmiş, nəticədə institutun və ayrı-ayrılıqda əməkdaşların H-indeksi və istinad sayı yüksəlmişdir.

Tarix İnstitutu dünya ölkələrinin bir çox elmi müəssisələri ilə: Türkiyə Cümhuriyyəti Atatürk Kültür, Dil, Tarix Yüksek Kurumu; Atatürk Araşdırma Mərkəzi; Türk Tarix Qurumu; Türkiyə Strateji Düşüncə İnstitutu; Polşa Respublikası Elmlər Akademiyasının Tarix İnstitutu; Varşava Dövlət Universiteti Şərqşünaslıq fakültəsi, Siyasi Elmlər və Beynəlxalq Münasibətlər fakültəsi və Poznan Universitetinin Tarix Fakültəsi; Çin İctimai Elmlər Akademiyasının Dünya Tarixi İnstitutu; “Web of Science” seriyasında “Вопросы истории” jurnalı; Akademik Tarih ve Düşünce dergisi; “Современная научная мысль” elmi jurnal ilə bağlanan ikitərəfli müqavilələrə əsasən elmi əməkdaşlığı daha da inkişaf etdirmişdir. Həmçinin, 2023-cü ilin I yarısında (5 iyun 2023-cü il) Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyinin Elm Komitəsinin Ç.Ç.Vəlixanov adına Tarix və Etnologiya İnstitutu ilə əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

Tarix İnstitutunun əməkdaşları dövriyyəyə yeni sənəd və materialların gətirilməsi işini də diqqətdə saxlamış, institut əməkdaşları Türkiyə Cümhuriyyətinin Ankara şəhərində Ankara Dövlət Universitetinin “Eski çağ mədəniyyətlər və dillər” bölməsi - İnstitutun elmi işçisi Ramin Əlizadə qədim dillərin öyrənilməsi sahəsində nailiyyətlərlə tanış olmaq və mövzusu üzrə material toplamaq üçün (21 may – 1 iyun 2023-cüil tarixləri), Rusiya Federasiyası Moskva şəhərinin Rusiya Dövlət Arxivi, Rusiya Dövlət Sosial-Siyasi Tarix arxivi və Rusiya Dövlət Kino-foto sənədlər arxivində “Heydər Əliyevin Vyetnama səfərinin 40 illiyinə həsr olunmuş sənədlər toplusuna material toplamaq üçün institutun aparıcı elmi işçisi Aypara Rüstəmova və elmi işçi Cəmilə Məmmədova (19-29 aprel 2023), Rusiya Federasiyası Moskva şəhərinin Rusiya Dövlət Arxivi 1948-1953 və 1988-1991-ci illərdə Ermənistan SSR ərazisindən azərbaycanlıların Azərbaycan SSR ərazisinə köçürülməsi mövzusunda tədqiqat aparmaq üçün institutun aparıcı elmi işçisi Ziyad Əmrahov və Bəxtiyar Həsənov (15-30 iyun 2023), Böyük Britaniyanın London şəhərinə Britaniya kitabxanasında Səfəvilər dövlətinin tarixinə dair mənbələri araşdırmaq məqsədi ilə institutun aparıcı elmi işçisi Əhməd Quliyev (17-24 iyun 2023) elmi ezamiyyətdə olmuşlar. İnstitutun 3 elmi əməkdaşı isə uzunmüddətli elmi ezamiyyətdədirlər (tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Axundova - Polşa Respublikası Varşava Universiteti; kiçik elmi işçi Könül Vəliyeva - Türkiyə Cümhuriyyəti İstanbul Universiteti; kiçik elmi işçi Samirə Hadıyeva - Türkiyə Cümhuriyyəti Karadeniz Teknik Universiteti).

Tarix İnstitutunun portalı mütəmadi olaraq yenilənir, institutda görülən işlər, keçirilən beynəlxalq və respublika səviyyəli konfranslar, sessiyalar, dissertasiya müdafiələri haqqında məlumatlar, institutun təhsil fəaliyyəti ilə bağlı məlumatlar və sənədlər davamlı olaraq portalda, həmçinin institutun rəsmi feysbuk, instaqram, tvitter səhifələrində paylaşılır. İnstitutun rəsmi Youtube səhifəsində institutun əməkdaşlarının iştirak etdiyi televiziya və radio çəkilişlərinin videoyazıları yerləşdirilir.

          Hesabat ilinin I yarısında institutda Azərbaycan və dünya tarixinin müxtəlif aktual problemləri üzrə 1 beynəlxalq elmi konfrans, 2 respublika konfransı, 9 dəyirmi masa, 2 elmi sessiya, 3 elmi seminar, 2 kitab təqdimatı, 6 elmi şura keçirilmişdir. Bunlardan, "Naxçıvanın muxtariyyəti: tarixçilərin müasir baxışı", “Siyasi тarixdə metodoloji tədqiqatlar”, "Rusiya Siyasi Tarix Çalışmaları: Orta Əsrlər və Məsihçilik” mövzularında elmi seminar,  “Qayıdış ümummilli hərəkatının elmi-tarixi təminatı”, "Azərbaycan elminə tarixçi baxışı: gerçəklik və inkişaf perspektivləri", “Azərbaycan tarixinin aktual problemləri” adlı dəyirmi masaları, Azərbaycan və dünya tarixi” mövzusunda respublika elmi konfransı, “Qafqaz Albaniyası: Dini və sosial həyatı” X Beynəlxalq konfransı misal göstərmək olar.

            Cari ilin I yarısı ərzində A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi kadrların hazırlanması prosesi davam etdirilmişdir. Hazırda institutda 14 nəfər doktorant (fəlsəfə doktorluğu üzrə),10 nəfər dissertant (fəlsəfə doktorluğu üzrə), 3 nəfər doktorant (elmlər doktorluğu üzrə), 28 nəfər dissertant (elmlər doktorluğu üzrə) təhsil alır. 2023-cü ilin may ayında institutda ixtisas fənləri üzrə minimum imtahanı təşkil edilmiş, 6 nəfər iştirak etmişdir. İnstitutun magistraturasında 4 ixtisas üzə ümumilikdə 15 nəfər magistrant təhsil alır, onlardan 2 ixtisas üzrə 6 nəfər iyun ayında uğurla müdafiə etmişdir. İlin I yarısında ED.1.30 saylı Dissertasiya Şurasında 2 nəfərin (hər ikisi Tarix İnstitutundan olmaqla) elmlər doktoru və 2 nəfərin (1 nəfər Tarix İnstitutundan olmaqla) fəlsəfə doktoru dissertasiyasının da müdafiələri keçirilmişdir. Hesabat ilində institutun 2 nəfər əməkdaşı elmlər doktoru elmi dərəcəsinə, 3 nəfəri isə dosent elmi adına layiq görülmüşdür.

            Tarix İnstitutunda 2023-cü ilin I yarısında həyata keçirilən elmi-tədqiqat işləri bütövlükdə cari il üçün qarşıya qoyulan məqsəd və vəzifələrin həyata keçirilməsi üçün möhkəm baza yaratmışdır.

 

 

Paylaş: