18.07.2023 10:37
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşmüş və bu görüşdə dərin məzmunlu nitq söylmişdir. Bu nitqin əsasında Qərbi Azərbaycana qayıdış üzrə kompleks tədbirlər planı müəyyən edilmişdir. Onlardan biri də “Qərbi Azərbaycan Ensiklopediyası“nın hazırlanmasıdır. Bunu nəzərə alan AMEA Rəyasət Heyəti 19 iyun 2023-cü il tarixli qərarı ilə “Qərbi Azərbaycan Ensiklopediyası“nın hazırlanmasına dair işçi qrupu yaratmışdır. İşçi qrupuna AMEA-nın Tarix, Folklor, Memarlıq və İncəsənət, Dilçilik institutlarının, o cümlədən Elm və Təhsil Nazirliyinin Coğrafiya institutunun müvafiq mütəxəssisləri daxil edilmişdir. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə Qərbi “Azərbaycan Ensiklopediyası“nın hazırlanmasına elmi-metodiki dəstək verilməsi həvalə edilmişdir.
17 iyul 2023-cü il tarixində AMEA-nın Tarix İnstitutunda baş direktor tarix elmləri doktoru, professor Kərim Şükürovun sədrliyi ilə “Qərbi Azərbaycan Ensiklopediyası”nın hazırlanması ilə bağlı işçi qrupun ilk iclası keçirilmişdir. İclasda işçi qrupunun qarşıda duran vəzifələri uğurla həyata keçirməsi üçün təşkilati və elmi məsələlər müzakirə edilmişdir.
AMEA-nın Rəyasət Heyyətinin qərarına uyğun olaraq, “Qərbi Azərbaycan Ensiklopediyası” sözlüyünün 20 sentyabr 2023-cü il tarixədək hazırlanıb Rəyasət Heyətinə təqdim edilməsi üçün vəzifələr müəyyən edilmişdir. Ensiklopediyanın yüksək səviyyədə hazırlanmasını təmin etmək məqsədi ilə işçi qrupun iclasları davamlı olaraq keçiriləcəkdir.
AMEA Tarix institutunun İctimaiyyətlə əlaqələr şöbəsi