AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya institutunda ilk dəfə elektron kitabların nəşrinə başlanmışdır

20.07.2023 11:51

Müasir dövrdə elektron nailiyyətlərin tətbiqi kitab nəşri işinə də ciddi təsir göstərmişdir. Hazırda dünyanın qabaqcıl akademik dairələrində kitabların və dövri nəşrlərin ilkin olaraq elektron formatda nəşrinə üstünlük verilir. Bu halda, ən böyük üstünlüklərdən biri kimi elmi informasiyanın geniş oxucu kütləsinə çatdırılması daha operativ olur. Elektron kitablar internet resurslara daxil olaraq, qlobal miqyasda sürətlə yayılır, tez əks-səda yaradır. Bu proses hər hansı bir elmi mərkəzin öz məhsulunu istifadəçiyə vaxtında çatdırmasına da kömək etməklə, onun elmi imicinin formalaşmasına müsbət təsir edir.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya institutunda da bir ilkə imza atılmışdır. İnstitutda aparılmış elmi tədqiqatların və aktual mövzular üzrə araşdırmaların nəticələrinin kağız variantından əvvəl elektron kitab formatında nəşri tətbiq edilməyə başlanmışdır. Hazırda institutun Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi şöbəsində hazırlanmış " İrəvan şəhəri XIX-XX əsrin əvvəllərində " adlı fundamental monoqrafiyanın elektron variantı Azərbaycan və rus dillərində hazırlanmışdır. Digər elekton kitab Azərbaycan moderninin mənbələrinə həsr edilmişdir. Azərbaycan tarixşünaslığında ilk dəfədir ki, bu problem araşdırma predmetinə çevrilmişdir.

İlin sonunadək institutun nəşr planında olan digər 30-dək kitabın da elektron versiyası hazırlnaraq, nəşr ediləcəkdir. Onların içərisində " 1590-cı il tarixli İrəvan vilayətinin müfəssəl dəftəri", "1729-1732-ci illər Gəncə-Qarabağ əyalətinin icmal, ruznamə və təhvil dəftərləri ", " Zəngəzur tarixi ", "Azərbaycanın tarixi coğrafiyası ", "Səfəvilər dövlətinin tarixi Venesiya mənbələrində", " Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi siyasəti: optimal model axtarışı " və digər kitabları, həmçinin institutun "Azərbaycan tarixşünaslığı " adlı elmi nəşrinin növbəti saylarını qeyd etmək olar.

İnstitutda kitab və dövri nəşrin elektron formatda hazırlanıb, nəşr edilməsilə birgə, Elmi arxiv və kitabxananın elektron sənəd və kitablar fondunun yaradılması da nəzərdə tutulur.

İctimaiyyətlə əlaqələr şöbəsi

Paylaş: