AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Xarabalığa çevrilən Balıqlı kəndinin məscid və məzarlığı – erməni vandalizmi

25.07.2023 12:17

İrəvan quberniyasında 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 391 məscid olub. Bu artım dinamikası həmin dövrdə bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlmanların güclü mövqeyindən xəbər verir.

Qərbi Azərbaycanın Amasiya rayonunun Balıqlı kəndi də belə yaşayış məntəqələrimizdəndir. Balıqlı Qars vilayətinin Qars qəzasında, indiki Ermənistan Respublikasının Amasiya rayonunda inzibati yaşayış məntəqəsidir. Rayon mərkəzindən 20–21 kilometr şimal-şərqdə, Arpa gölünün şimal-şərq sahilində, Arpa çayının qərb sahilində, təpəlikdə yerləşir.

Balıqlı toponimi qədim türk dilində “sığınacaq, şəhər, qala” mənası bildirən balıq sözünə -lı sözdüzəldici şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. XIII əsrə aid mənbədə Balak, 1728-ci ilə aid arxiv sənədində İrəvan əyalətinin Dərələyəz nahiyəsində Balaklı kimi qeyd olunub. XIX əsrdə Qars əyalətinin Qars dairəsində və Kaqızman dairəsində Balıqlı adlı üç kənd olub.1991-ci il tarixdə Ermənistan prezidentinin sərəncamı ilə kəndin adı dəyişdirilib Zorakert adlandırılıb.

Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov bildirib.

“1988-ci ildə Ermənistanda baş verən etnik təmizləmə zamanı kəndin 200-dən çox əhalisi ermənilər tərəfindən qovuldu. Kənd əhalisinin mülkləri ermənilər tərəfindən mənimsənildi. Kəndin mədəni irs nümunələri dağıdılaraq məhv edildi”, - deyən F.İsmayılovun sözlərinə görə, Balıqlı qəbiristanlığının ümumi görünüşü xüsusilə gözəldir. Parlaq boyalı azərbaycanlı xəttatlar tərəfindən fərqli yerli qırmızı tufasından kəsilmiş köhnə daşları bəzəyir. Məzar daşları üzərində parlaq qırmızı ulduzlar (aylı və ya aysız) və müasir qəbir daşları üzərində Azərbaycan dilində şeirlər və bayatılar bu daşların bəzəyi idi. Müasir qəbirlər üzərində açılan dördkünc çuxurlar mərhumun xatirə şəkillərinin saxlanc yeri idi. Təəssüf ki, o şəkillər ermənilər tərəfindən çıxarılaraq məhv ediliblər.

Balıqlı kəndinin merinin etirafına görə kəndin indiki sakinlərinin çoxu Gürcüstanın şimalındakı Cavaxeti bölgəsindən gəlib kənddə məskunlaşan etnik ermənilərdir. Onlar 1989-cu və 1990-cı illərdə kənddən qovulan azərbaycanlıların boş qalan evlərində məskunlaşdırılıblar. Kənddə məskunlaşdırılan gürcüstanlı ermənilər burada heyvandarlıqla məşğul olurlar.

Balıqlı kəndinin məscidi 1988-ci ildə ermənilər tərəfindən xüsusi amansızlıq və vəhşiliklə dağıdıldı. Balıqlı kənd məscidinin özünəməxsus maraqlı memarlıq üslubu var idi. Bunu məscidin dağıdılmış divarlarının xarabalıqlarından da görmək olur. Məscidin qismən salamat qalmış daş və divarlarındakı yazılar bina haqqında xatirələrin bir qismini hələlik özündə saxlaya bilib.

Dördkünc planda tikilmiş Balıqlı kənd məscidinin salamat qalan daş və divar üzərindəki solğun ərəb qrafikası ilə yazıları və mehrab məscidin xarabalığı içərisində hələ də qalmaqdadır. Bəzi ermənilər anlaşılmaz bir jestlə məscidin divarlarında hərdən gəlib şam yandırırlar.

Balıqlı kənd qəbiristanlığında vəziyyəti ürək ağrıdır. Ermənilər qəbiristanlıqda qəbirlərin 80 faizdən çoxunu məhv ediblər. Bəzi sındırılmış qəbir daşlarından onun sahibini müəyyənləşdirmək olur. Bu qəbir daşlarının birinin üzərində Allahverdiyev (1907-1972) soy adını doğum və ölüm tarixini bilmək olur.

1926-cı ilin siyahıya almasına görə indiki Amasiya bölgəsindəki Balıqlı kəndinin Qarapapaq türk tayfasından olanların sayı 6311 nəfər olub. Bundan sonrakı siyahıyaalma zamanı bu say əvvəlkindən çox idi. 1989-cu ildə isə azərbaycanlılar Amasiya rayonunun 73 faizini təşkil edirdi. Lakin ermənilər azərbaycanlıların qovulması üçün hər cür vəhşiliyə əl atırdılar. Nəhayət 1989-cu ildə sonuncu azərbaycanlı da bu kəndi tərk etdi. Balıqlıdan qovulan azərbaycanlılar bu ərazini Ağababa mahalı kimi xatırlayırlar.

Paylaş: