21.08.2023 11:20
Qərbi Zəngəzur əraziləri oğuz-türk abidələrinin çoxluğu ilə diqqət çəkir. Tarixin yaratdığı bu maddi sübutlar bu ərazilərin bir zamanlar oğuz-türk yurdu olması gümanını da təsdiqləyir. Bu abidələr Qafan, Mehri, Qarakilsə və Gorus rayonları ərazilərində daha çoxdur. Qədim qəbiristanlıqlar, məqbərələr, məscidlər, qalalar, daş fiqurlar, süjet xarakterli oymaların bir çoxu zaman-zaman ermənilər tərəfindən dağıdılsa da, onların bir çoxu dövrümüzə qədər gəlib çıxıb.
Ermənilər xristianlıq dövrünə qədər olan abidələrin hamısını bazilika, sovmə, qəbirüstü tikili və qurğuları, inzibati binaları, xatirə abidələrini hətta yeraltı qazmaları və kahaları erməni kilsələri adlandıraraq, bu ərazilərdə ermənilərin ulu əcdadlarının yaşadıqlarını “sübut” etməyə çalışırlar.
Qərbi Zəngəzurun memarlıq abidələri sırasında, sayca çox olan Alban dövrü kilsə, monastır və digər inanc, ibadət yerləri, eləcədə xatirə abidələrinin albanlara məxsusluğunu, ermənilər birmənalı şəkildə rədd edirlər. Tarixdə daha çox Qafqaz Albaniyası kimi tanınan min illik tarixi olan bir dövlətin mədəniyyətinin və tarixinin inkar edilməsi əlbəttə erməni saxtakarlığından başqa bir şey deyil. Erməni saxtakarlığı bu ərazilərdə daha çox memarlıq abidələrində özünü büruzə verir.
Qərbi Zəngəzurun memarlıq abidələri sırasında, sayca çox olan Alban dövrü kilsə, monastır və digər inanc, ibadət yerləri, eləcədə xatirə abidələrinin albanlara məxsusluğunu, ermənilər birmənalı şəkildə rədd edirlər. Tarixdə daha çox Qafqaz Albaniyası kimi tanınan min illik tarixi olan bir dövlətin mədəniyyətinin və tarixinin inkar edilməsi əlbəttə erməni saxtakarlığından başqa bir şey deyil. Erməni saxtakarlığı bu ərazilərdə daha çox memarlıq abidələrində özünü büruzə verir.
Ermənilər, nadir alban dövrü tikililərinin üzərindən bir çox bədii ornamental görüntüləri, yazı və simvolları silir, abidələrin daxili və xarici interyerində dəyişiklik edərək abidəni tanınmaz hala salırlar. Bir çox hallarda türklərin yaşadıqları qədim inzibati yaşayış məntəqələrini dağıdaraq xarabalığa çevirirlər. Təəssüf hissi ilə demək olar ki, Qərbi Zəngəzur ərazilərində 200 tarixi əhəmiyyətli türk kənd və şəhər dağıdılıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.
O bildirib ki, Qərbi Azərbaycan ərazisinin əzəli yerli sakinləri Azərbaycan türkləridir. Halbuki, ermənilər bu ərazilərdə Çar Rusiyasının təşəbbüsü ilə tarixin müəyyən mərhələlərində müxtəlif ölkələrdən köçürülərək məskunlaşdırılıblar. Bu baxımdan Qərbi Azərbaycanın müxtəlif şəhərlərində məskunlaşdırılan ermənilər dil, ləhcə və xarakter baxımından bir-birləri ilə kəskin fərqlənirlər. Məsələn İrəvanda yaşayan ermənilər, Mehridə, Gorusda və Qarabağda yaşayan ermənilərin dillərini çətin anlayırlar. Bir əsrdən çoxdur ki, Qərbi Zəngəzurda ermənilər, Azərbaycanın mədəni irs nümunələrinin məhv edilməsini həyata keçirirlər. Vorotan (Bazarçay, Bərguşadçay) dərəsindəki Köhnə Xot, Köhnə Şinuayr, Köhnə Əlidərə kəndlərinin xarabalıqları döyüş meydanına oxşayır, sanki burada xeyirlə şərin mübarizəsi gedib. Baxanda vahimələnirsən, sanki hər bir binanın xarabalığında bir vampir yaşayır. Bu kəndlərdə ermənilər tərəfindən 800-dən çox tarix və mədəniyyət abidələri, yaşayış evləri, məscidlər, Alban dövrü bazilika və sovmələr, bədii daş nümunələri, qəbirüstü abidələr, qəbir daşları, at, qoç fiqurları dağıdılaraq yararsız hala salınıb. Azərbaycanın mədəni-irs nümunələrindən təmizlənən bu ərazidə, yalnız Bazarçay dərəsinin sol yamacında Alban memarlığının yadigarı Tatev monastırı öz əzəmətini qoruyub saxlaya bilib. Keçən əsrin əvvəllərindən süni şəkildə Rusiya tərəfindən bölgədə məskunlaşdırılan ermənilər Cənubi Qafqazdakı Alban abidələrinin üzərindəki ornamentləri, elementləri və digər yazı nümunələrini dəyişərək saxtalaşdırırlar, yəni erməniləşdirirlər. Bu da kütləvi şəkildə Alban dövrü abidələrinin ilkin görkəminin itirilməsinə və Alban mədəniyyətinin tədricən məhv edilərək tarixdən silinməsinə səbəb olur. Rus çarı I Nikolayın 1828-ci il martın 21-də verdiyi Fərmana görə Azərbaycanın qərbində İrəvan xanlığı ləğv edilərək, əvəzində rus imperatorluğu tərəfindən idarə olunan “Erməni mahalı” adlanan yeni vilayət yaradılıb. Vilayətin yaradılmasında məqsəd, birbaşa İran və Türkiyə sərhədlərində Rusiyaya qarşı baş verə biləcək hər hansısa hücumların qarşısını almaq məqsədilə itaətkar erməni millətindən ibarət cəbhə formalaşdırmaq idi.
“Azərbaycan torpaqlarında Rusiyanın vilayət yaratma təşəbbüsü ermənilərin işinə yaradı. Çünki heç vaxt dövləti və dövlətçilik ənənəsi olmayan bir millət üçün bu, tarixi bir fürsət idi. Dünyanın bir çox ölkələrindən bu ərazilərə köçürülən ermənilər bu hadisəni sevinclə qarşıladılar. Qısa zaman ərzində ermənilər nəinki Qərbi Azərbaycan ərazilərində, eyni zamanda, Qarabağ, Gəncə, Şamaxı və Quba bölgələrində də sürətlə məskunlaşmağa başladılar. Bu tarixi fürsətdən məharətlə yararlanan ermənilər Rusiyanın təhriki ilə Azərbaycan ərazilərinə yerləşdirildikdən sonra yerli xalqların tarixini və mədəniyyətini də mənimsəməyə başladılar. Tarixdən məlumdur ki, antik dövrlərdə və erkən orta əsrlərdə indiki Azərbaycanın bütün bölgələri Qarabağ da daxil olmaqla Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olub. Məhz həmin dövrlərdə memarlıq sənəti bu ərazilərdə çox yüksək səviyyədə və böyük sürətlə inkişaf edib. Təqribən min illik tarixi olan Alban dövlətinin mövcud olduğu dövrlərdə Şimali Azərbaycanın bütün bölgələrində, o cümlədən Zəngəzurda və Dağlıq Qarabağda öz spesifik quruluşuna görə tamam fərqli alban-xristian dininə aid məbədlər, bazilikalar və sovmələr meydana gəlməyə başlayıb. Öz dövrü üçün xarakterik olan bu cür memarlıq üslubundan aydın olur ki, o dövrdə Albaniyada şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf edib. Hələ orta əsrlərdən başlayaraq bu tarixi həqiqətləri inkar edən ermənilər, alban xristian abidələrinin divar yazılarını və bəzi bədii ornamentlərini dəyişdirərək bu abidələrin ermənilərə məxsus olduğu barədə təbliğat aparırlar. Cənubi Qafqazda mədəni dəyərlərin erməniləşdirilməsində Rusiyanın dəstəyinin mühüm rolu olub. Belə ki, 1836-cı ildə Azərbaycanda fəaliyyət göstərən Alban Patriarxat kilsəsinin ləğv olunaraq və onun mülklərinin erməni Qriqoryan kilsəsinin tabeçiliyinə verilməsi barədə rus çarı I Nikolay xüsusi olaraq Fərman da imzalayıb”, - deyə Faiq İsmayılov qeyd edib.
İctimaiyyətlə əlaqələr şöbəsi.