AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunda Bakının işğaldan azad edilməsinin 105 illiyi qeyd olundu

13.09.2023 15:20

Bu gün AMEA A.A Bakıxanov adına Tarix institutunda 1918-ci il 15 sentyabrda Bakının bolşevik-daşnak qüvvələrinin işğalından azad olunmasının 105 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

Dəyirmi masanı giriş sözü ilə açan Tarix institutunun icraçı direktoru, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev Azərbaycan və Türkiyənin qardaşlığndan, keçdiyi keşməkeşli yollardan söz açdı.

Daha sonra tarix üzrə fəlsəfə doktoru,dosent Kamran İsmayılovun məruzəsi dinlənildi. Məruzəçi qeyd etdi ki , Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir.1918 –ci ilin mayında Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra gənc dövlətin qarşısında duran ən mühüm vəzifələrindən biri təbii paytaxtı olan Bakını düşmənlərdən azad etmək və ölkənin ərazi bütövlüyünü təmin etmək idi.Bu vəzifənin yerinə yetirilməsi kompleks hərbi siyasi – diplomatik tədbirlərin yerinə yetirilməsini tələb edirdi.

1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi - Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyi təsəvvür oluna bilməzdi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi.Yeni yaranmış öz ərazi bütövlüyünü təmin etmək üçün kifayət qədər hərbi gücü olmadığından kənardan hərbi yardıma ehtiyac var idi və yaranmış şəraitdə ümüd yalnız qardaş Türkiyəyə idi .

Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən, Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi.

Tarix boyu Türkiyə Azərbaycana daim öz dəstəyini nümayiş etdirib. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.

Osmanlı ordusu Bakının azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verdi.

Məruzə ətrafinda tarix elmləri doktoru ,dosent Vaqif Abışov,tarix üzrə fəlsəfə doktoru,dosent Hacı Həsənov,tarix elmləri doktoru,dosent Vasif Qafarov, tarix elmləri doktoru,dosent Güllü Yoloğlu, t.ü.f.d., dosent Rafiq Səfərov çıxış etdilər.

                                               

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: