AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Atropatena və Albaniya tarixinin aktual problemləri” mövzusunda dəyirmi masa keçirilmişdir.

25.09.2023 15:41

22 sentyabr 2023-cü il tarixində AMEA Tarix İnstitutunda “Atropatena və Albaniya tarixinin aktual problemləri” mövzusunda dəyirmi masa keçirilmişdir. İclası giriş sözü ilə açan tarix üzrə fəlsəfə doktoru, dosent Ellada Bəkirova mövzunun aktuallığı və Azərbaycan tarixi üçün əhəmiyyətindən bəhs etdi. O qeyd etdi ki, Azərbaycanın dövlətçilik tarixində əhəmiyyətli yeri olan Albaniya və Atropatena dövlətlərinin tarixi həm yerli, həm də xarici tarixşünaslıqda hər zaman araşdırma predmeti olsa da, hələ də bu istiqamətdə müəyyən boşluqlar var. Bu istiqamətdə tədqiqatların kəyfiyyətinin artırılması məqsədilə qədim dillərin öyrənilməsi işinə, bu istiqamətdə kadr hazırlığı işinin sürətləndirilməsi məsələsinə diqqətin artırılmasının vacibliyi vurğulandı.

Ellada Bəkirova 2023-cü ildə Cost Gippert və Jasmin Dum-Traqutun redaktəsi ilə çap olunmuş “Caucasian Albania: an international handbook” və Qriqori Ayvazyanın “Udinlər. Tarixi-etnoqrafik oçerk” monoqrafiyası barədə də məlumat verərək hər iki kitabda Azərbaycanın siyasi, etnik tarixinin, tarixi coğrafiyası, mədəniyyət tarixinin ciddi şəkildə təhrif olunması və saxtalaşdırılması faktlarını da vurğuladı. O qeyd etdi ki, erməni təbliğat maşınının məhsulu olan birinci kitabın dünyanın məşhur nəşriyyat evlərindən birində çap olunması və Cost Gippet kimi nüfuzlu şəxsin belə bir oyuna alət olması sadəcə təəssüf doğurur. Həmçinin, Qriqori Ayvazyanın alban etnosunun tarixinə dair hər cür təhrifin yer aldığı monoqrafiyasının xalqımızın bütün cəhdlərlə sülhə nail olmaq istədiyi, region qonşumuz olan ermənilərə dostluq təklifləri etdiyimiz bir vaxtda çap olunmasının da təəssüf doğurduğunu vurğuladı.

Dəyirmi masanın gedişində tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Həsənovun, tarix elmləri doktoru, dosent Güllü Yoloğlu, elmi işçi Ramin Əlizadə və Nigar Camalovanın çıxışları ətrafında müzakirələr davam etdirildi, bu tip müzakirələrin daha geniş auditoriyada aparılması haqqında qərar qəbul edildi.

İctimaiyyətlə əlaqələr şöbəsi

Paylaş: