27.09.2023 16:40
Öncə vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Bu Qələbə xalqımızın və Ordumuzun gücünü,milli birliyini, mübarizliyini bütün dünyaya sübut etdi.Azərbaycan xalqı hər zaman qəhrəman övladlarının xidmətlərini yüksək qiymətləndirir,bütün şəhidlərimizin ruhuna hörmət və ehtiram göstərir,əziz xatirəsini uca tutur.
Daha sonra Tarix İnstitutunun baş direktoru tarix elmləri doktoru,professor Kərim Şükürov “Böyük Zəfərdən Böyük Qayıdışa “ adlı məruzə ilə çıxış edib. Qeyd edib ki, Birinci Qarabağ müharibəsinin ilkin dövrü SSRİ tərkibində başlandı. Həm Ermənistan, həm də Azərbaycanın dövlət müstəqillyini elan etməsi və SSRİ-nin dağılması ilə müharibə yeni fazaya keçdi. Bu dövrdə Ermənistan 1992-ci ilin fevralında Xocalıda soyqırım törədir. 1992-ci il mayın 8-də Şuşanın işğalı ilə keçmiş DQMV-nin ərazisinin (1991-ci noyabrın 26-da Azərbaycan tərəfindən rəsmən ləğv edilmişdir) tutulması, əsasən, başa çatır. Konfliktin nizama salınması məqsədi ilə 1992-ci ilin yayında ATƏM-in (1995-ci ilin yanvarından ATƏT) Minsk qrupu yaradılır. Ermənistan Dağlıq Qarabağın hüdudlarından kənarda hərbi əməliyyatları genişləndirir. 1993-cü ilin aprelində Kəlbəcər işğal olunur. BMT TŞ Kəlbəcərin işğaldan qeyd-şərtsiz azad edilməsi haqqında 1993-cü il aprelin 30-da qətnamə (822) qəbul edir, lakin yerinə yetirilmir.
1993-cü ilin qışı-1994-cü ilin yazı Prezident Heydər Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində ölkənin müdafiə qabiliyyəti möhkəmləndirilir. Bu tədbirlər nəticəsində, nəinki düşmənin hücumu dayandırılır, həm də 1993-cü il 6 dekabr-1994-cü il 6 yanvar Horadiz əməliyyatı nəticəsində ermənilərin işğal etdiyi bir sıra ərazilər azad edilir.
Azərbaycan və Ermənistan arasında 1994-cü il mayın 8-də atəşkəs haqqında Bişkek protokolunun imzalanması ilə müharibə dayandırılır. Mayın 12-də isə atəşkəs elan edilir.
Uzun illər ermənilər tərəfindən dinc əhalimiz terrora məruz qalıb, xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilib və 30 ilə yaxın torpaqlarımız işğal altında qalmışdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı siyasət , xalq və rəşadətli Ordu Azərbaycanı öz tarixi torpalarına qovuşdurmağı bacardı. 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən yadda səhifələrindən biri kimi tariximizə yazıldı.
Tarix elmləri doktoru ,professor Mais Əmrəhov “44 günlük Zəfər tariximiz və 23 saatlıq tam qələbəmiz” adlı məruzə ilə çıxış edərək qeyd edib ki, 44 günlük Vətən müharibəsi dünya hərb tarixinə həm də informasiya müharibəsi kimi düşdü. Müharibə dövründə İlham Əliyev 6 dəfə xalqa müraciər etdi, dünyanın 30-a yaxın televiziya və mətbuat orqanlarına verdiyi müsahibədə, diplomatik görüşlərində, telefon danışıqlarında da Azərbaycanın mövqeyini əsaslandırdı. İnformasiya müharibəsində Prezident İlham Əliyevin nümayiş etdirdiyi "konspektsiz” sərbəst nitq, analitik təhlil mədəniyyəti, problemə kompleks yanaşmaq istedadı, ümumiləşdirmə və proqnozlaş¬dırmaq məharəti dövlət başçımızın dünya liderləri sırasında fərqli bir təfəkkür sahibi kimi qəbul olunmasını şərtləndirmişdir. 44 günlük II Qarabağ - Vətən müharibəsində Azər¬baycanın qələbəsini ön və arxa cəbhədə bir sıra amillər təmin etdi. Birinci amil 27 sentyabrda başlanmış 44 günlük Vətən müharibəsində Azərbaycanın qə¬ləbəsini şərtləndirən, Zəfəri təmin edən başlıca faktor Azərbaycan Res-pub¬likasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin vaxtında müəyyən¬ləşdirdiyi düzgün döyüş strategiyası oldu.
Azadlıq aşiqi, hər sətri ilə millətin vətən sevgisinə sevgi qatan, “yoxdur millətimin imzası imzalar içində” deyən Məhəmməd Hadi, ruhun şad olsun, millətinin imzası həm dövlətlər içində, həm də xalqlar içində vardır, özü də elə bir imzadır ki, onu təcavüzkarlar görəndə belə müvazi¬nətlərini itirirlər. Bu imzaların kredosu Türkçülük və Azərbaycançılıqdır.
Azərbaycan Respublikası daha bir imzanı-23 saatlıq tam və qəti qələbə imzasını tarixləşdirdi.
Daha sonra Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru fəlsəfə elmləri doktoru ,professor İlham Məmmədzadə “Qələbənin fəlsəfəsi və Cənubi qafqazda yeni geosiyasi vəziyyət”, filologiya elmləri doktoru Esmira Fuad “ Azərbaycan ədəbiyyatında Zəfər diskursu” adlı məruzələrlə çıxış ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi