AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya institutunda elmi forum keçirilib

02.10.2023 15:16

AMEA Tarix və Etnologiya institutunda Azərbaycanın görkəmli dövlət xadimi Uzun Həsən Bayandurun (1423-1478) anadan olmasının 600 illiyi münasibətilə elmi forum keçirilib.

Elmi forumun təşkili və keçirilməsi üzrə koordinator: İnstitutun Azərbaycanın XV-XVIII əsrlər tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Tofiq Nəcəflidir.

Forumu açan tarix institutunun icraçı direktoru tarix elmləri doktoru İlqar Niftəliyev bildirdi ki, Ağqoyunlu dövlətinin banisi Həsən padşahın Azərbaycan dövlətçiliyinin tarixində xüsusi yeri vardı. Onun yaratdığı Ağqoyunlu dövləti XV-XVI əsrlərin əvvəllərində Yaxın Şərqin siyasi xəritəsində mühüm faktora çevrilmişdir. Ağqoyunlular Avropa dövlətləri siyasi-diplomatik əlaqələr quran ilk Azərbaycan dövləti idi. Həsən padşahın hazırladığı Qanunnamə hətta sonrakı dövrdə Azərbaycan dövlətlərinin sosial-iqtisadi siyasətində geniş tədbiq olunmuşdur. Ağqoyunlu dövləti Azərbaycan torpaqlarının bütövlüyünün qorunmasında xüsusi rol oynamışdır

Daha sonra tarix elmləri doktoru, dosent Tofiq Nəcəfli “AZƏRBAYCAN AĞQOYUNLU DÖVLƏTININ QURUCUSU – BÖYÜK DÖVLƏT XADİMİ HƏSƏN PADŞAH BAYANDUR”adlı məruzə ilə çıxış edib.Qeyd edib ki, XV əsr xalqımızın tarixində ən keşməkeşli, siyasi hadisələrlə zəngin və mürəkkəb dövrlərdən biri olmuşdur. Məhz həmin əsrin başlanğıcında Azərbaycan torpaqları yadelli əsarətindən azad edildi və Oğuz-türk ənənələrinə söykənən milli dövlətçiliyimiz bərpa olundu. Bu dövrdə Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin yaranmasında və möhkəmlənməsində mühüm əməyi olan, dövrünün tanınmış dövlət xadimləri və sərkərdələri olan Qara Yusif və Həsən Padşah Bayandur kimi tarixi şəxsiyyətlər Azərbaycan dövlətçiliyinin inkişafında, qonşu dövlətlərlə qarşılıqlı münasibətlərinin qurulmasında və inkişaf etdirilməsində əhəmiyyətli rol oynadılar.

Azərbaycanın XV əsrdə yaşamış görkəmli dövlət xadimi Həsən Padşah Bayandur dövlətçilik tariximizdə mühüm yer tutan nadir şəxsiyyətlərdəndir. Azərbaycanın və bütün Şərqin zəngin dövlətçilik ənənələri və yaşadığı dövrün beynəlxalq münasibətləri ilə, o cümlədən xristian dünyasında baş verən hadisələrlə dərindən tanış olan Həsən Padşah son dərəcə tədbirli siyasi xadim kimi tanınmışdır.

Həsən bəy Bayandurun səyləri nəticəsində həmin dövrdə kiçik bəylik olan Ağqoyunlu dövləti Osmanlı və Qaraqoyunlu dövlətləri kimi iki qüvvətli rəqib arasında müstəqilliyini saxlaya və möhkəm-ləndirə bildi.Uzun Həsən daxili çəkişmələrə son qoymağa çalışaraq, mərkəzi Diyarbəkr şəhəri olan Ağqoyunlu bəyliyini daha da möhkəmləndirmək və bu dövlətin ərazisini Azərbaycanın mərkəzi əraziləri hesabına genişləndirmək, Azərbaycanın cənub torpaqlarında dövlət hakimiyyətini ələ keçirmək məqsədilə orada hökmranlıq edən Qaraqoyunlulara qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə başladı. O, öz əyanlarına böyük imtiyazlar və vədlər verməklə onları ətrafında sıx birləşdirməyə nail oldu.

Ağqoyunlu tarixçisi Fəzlullah ibn Ruzbihan Xunci Həsən Padşah Bayandurun titullarını və əldə etdiyi uğurları belə təqdim edir: “Xaqan əl-afaq, sahibqran, muin əl-xilafə vəs-səltənə Əbunəsr Həsən Bahadur xan... dünyanın hakimiyyət düzündə alaq otları olan Qaraqoyunluların cahan şahlığına son qoydu. O, Cahanşahın xəzinə alovundan şam yandırmaq istəyən oğlu Həsən Əliyə ölüm şərbətini içdirdi. Uzaq Otrar və Qaşğar vilayətlərindən yüz min döyüşçü ilə Qarabağ üzərinə hücuma gələn Teymuri Sultan Əbu Səidin yasəmən bağını qara bağa döndərdi. Beləliklə, cəmisi bir neçə il ərzində o, öz hakimiyyətinin sərhədlərini Amudərya və Rumdan Ümman adalarına qədər genişləndirdi. Onun atlarının ayaqları altında gürcülərin torpaqları dəfələrlə tapdandı. O, öz bayrağını Ruma və Suriyaya qədər apardı. O, sərhədyanı torpaqlarını və yolları qoruyub müdafiə etdi və bununla da İslamın rəmzlərinə yeni can verdi. O, çox böyük səxavət göstərib, 400-dən artıq xeyriyyə idarəsi (zaviyə və ribat və xanəgah) yaratdı...”.

Həsən Padşah Ağqoyunlu dövlətini böyük imperiyaya çevirən görkəmli dövlət xadimi idi. O, imperiyasında yaşayan hər bir təbəəsinə önəm verir, onların adət-ənənələrinə hörmət edirdi. Məhz xalqa qarşı mərhəmətli olmasına görə dövrü¬nün əksər mənbə¬lərində o, adil Sultan adı ilə tanınır. Həsən Padşah döyüş meydanında məğlub olan düşməninə qarşı münasibəti də onun şəxsiyyətinin ucalığını göstərirdi. İstər onun xarici görünüşü, yaşayış tərzi, istərsə də davranışları, hökmdarlıq xüsusiyyətləri haqqında yazılanlar onun dövrün ən güclü türk hökmdarlarından olduğunu təsdiq edir. Bu böyük hökmdar elmə böyük qiymət vermiş, dövrünün alimlərini, elm xadimlərini himayə etmiş və cümə axşamları tanınmış elm adamlarını sarayına toplayaraq xüsusi elmi müzakirələr keçirmişdi.

Daha sonra tarix üzrə fəlsəfə doktoru, dosent Əhməd Quliyev Həsən Padşah Bayandurun şəxsiyyəti ingilisdilli tarixşünaslıqda” adlı məruzə ilə çıxış edib. İngilisdilli tarixşünaslıqda Ağqoyunlular dövlətinin tarixi, o cümlədən Ağqoyunlu imperiyasının qurucusu Həsən Padşah Bayandurla bağlı xüsusilə amerikan tədqiqatçısı Con Vuds mühüm araşdırmalar aparmışdır. Vuds Ağqoyunlu tarixini dövrləşdirərkən onu 2 əsas mərhələyə ayırmışdır: bəylikdən 1467-ci ilə qədərki dövr və 1467-dən, yəni imperiyanın yaranmasından 1508-ci ilə - onun süqutuna qədər uzanan dövr. C.Vuds, V.Minorski, H.Römer kimi qərb tarixçiləri Ağquyunlu tarixində Həsən Padşahın müstəsna rol oynadığını bildirməklə, məhz onun siyasi və hərbi fəaliyyətləri nəticəsində imperiyanın Yaxın Şərqin qüdrətli dövlətinə çevrildiyini vurğulamışdırlar.

Sonra Forumda tarix elmləri doktoru ,professor Şahin Fərzəliyev Həsən Padşah Bayandur Cəlaləddin Dəvaninin "Uzun Həsənin ordusu : Hərbi keçidə baxış"əsərində" ,Azərbaycan dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Sevil Kərimova "Təsviri sənətdə Ağqoyunlu Həsən Padşahın İkonoqrafiyası",tarix üzrə fəlsəfə doktoru,dosent Səbuhi Əhmədov "Heydər Əliyev Mərkəzində "Həsən Padşah - Ağqoyunlu dövlətinin hökümdarı "Ağqoyunlu tarixinin az məlum olann səhifələrinin tədqiqi və təbliğində vasitə kimi",tarix institutunun kiçik elmi işçisi Aynur Orucova  "Həsən Padşah Bayandurun şəxsiyyəti italyandili qaynaqlarda" ,tarix institutunun əyani doktoru Nəriman Şirəliyev "Görkəmli sərkərdə Həsən Padşah Bayandur" mövzular üzrə çıxış və müzakirələr aparıldı.   

 

Paylaş: