AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır

29.03.2018 21:51

Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov “Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti – son 100 il” adlı konfransda deyib.

Y.Mahmudov bildirib ki, 1918-ci ilin mart ayında törədilən soyqırımla bağlı əsas sənədlər Azərbaycan Xalq Cümhuriyyətinin dövründə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının topladığı sənədlərdir: "26 Bakı Komissarlarının yaratdığı hakimiyyət əslində erməni daşnak hakimiyyəti olub və Stepan Şaumyanın mart soyqırımından sonra Leninə göndərdiyi məktub da bunu bir daha təsdiqləyir. Şaumyan Leninə məktubunda Bakıya 4 min erməni daşnak qüvvələri cəlb etdiyini, bu hadisələr olmasaydı, Bakının azərbaycanlıların yaradacağı dövlətin paytaxtı olacağını yazıb".

O qeyd edib ki, Hamazasp da məhz Şaumyanın göstərişi ilə Qubada və digər ərazilərdə soyqırımlar törədib. Y.Mahmudov bildirib ki, böyük dövlətlərin və Osmanlı imperiyasının bəzi siyasi dairələrinin təzyiqi ilə Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 29-da qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı 9 min kvadrat kilometrlik ərazi ilə birlikdə ermənilərə güzəştə gedib:

"Sənədlər sübut edir ki, erməni tərəfi Batum danışıqları və müqavilələrinə əsasən, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərinə bir neçə öhdəlik götürmüşdü. Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən, ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər. Həmin öhdəliklər sırasında Ermənistan hökumətinin erməni silahlı qüvvələrinin ən tez bir zamanda Bakıdan çıxarılması üçün bütün qüvvələrini səfərbər edəcəyi, Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilən kütləvi qırğınların dayandırılması dururdu. Bundan başqa, Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öhdəsinə götürmüşdü. Lakin ermənilər məqsədlərinə nail olduqdan sonra üzərilərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozdu və işğalçılıq siyasətini davam etdirdilər. Bununla həm Batum müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirdi. Buna görə də Xalq Cümhuriyyəti Milli Şurasının qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır”.

Y.Mahmudov deyib ki, 9 min kvadrat km ərazi ermənilərə ona görə verilib ki, bir daha azərbaycanlılara qarşı ərazi iddiaları irəli sürülməsin:

"Ararat Respublikası 1918-ci il mayın 29-da elan edilib. Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski həmin ilin iyulunda Məhəmməd Əmin Rəsulzadəyə yazıb ki, ermənilərə bildirin ki, əgər Dağlıq Qarabağla bağlı iddialarından əl çəkməsələr, 9 min kv. km ərazinin ermənilərə verilməsi barədə qərarı ləğv edəcəyik. Yəni Cümhuriyyət qurucuları 2 ay sonra ermənilərə dövlət yaratmaq üçün 9 min kv. km. ərazinin verilməsinin səhv olduğunu anlamışdılar."

O, 26 Bakı Komissarlarının məzarının açılması qərarının düzgün olduğunu vurğulayıb: "Həmin məzardan Şaumyan və digər erməni cəlladlarının cəsədlərinin qalıqları çıxmadı. Dövlət başçısının göstərişi ilə aşkarlanan cəsədlərin qalıqları Bakıda məzarlıqların birində dəfn edildi. Biz Stepan Şaumyanın Daşnaksütyun Partiyası Bakı Komitəsinin üzvü olduğuna dair sənədləri də üzə çıxarmışıq".

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.

Paylaş: