20.10.2023 11:03
30 ilə yaxın düşmən işğalı altında qalan doğma Qarabağımız Ali Baş komandanımız İlham Əliyevin başçılığı ilə qəhrəman oğullarımız və əbədiyyətə qovuşan şəhidlərimizin qanı bahasına azad olundu.
Belə igid oğullarımızdan biri, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Sabir oğlu Cavanşirdir. Onun II Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin rəhbəri kimi keçdiyi şərəfli döyüş yolu təkcə ailəsinin, doğmalarının deyil, bütün Azərbaycan xalqının əbədi yaddaşında yaşayacaq.
Generalın tərcümeyi-halı
Zaur Sabir oğlu Cavanşir (Məmmədov) 21 sentyabr 1974-cü ildə Ağcabədi rayonu Hindarx kəndində anadan olub. 1991-ci ildə Hindarx kənd orta məktəbini qızıl medalla bitirən Zaur Cavanşir ata-babalarının yolunu davam etdirərək vətəninin, xalqının, bayrağının keşiyində dayanmaq üçün Ali Hərbi Komandirlər məktəbinə daxil olub.
1993-cü il fevral ayında hələ Ali Hərbi komandirlər məktəbinin kursantı olaraq mənfur düşmənə qarşı Kəlbəcər, Ağdərə istiqamətlərində döyüşə qatılmış, şiddətli döyüşlərdə bölmələrə komandirlik edib. 1994-cü ilin yanvar ayından may ayının 12-si atəşkəs elan edilənədək öz yaşıdları olan əsgərləri ilə Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib.
1994-cü ildən 2000-ci il iyul ayınadək Tərtər rayonu ərazisində cəbhə bölgəsində birbaşa ön xətdə tağım komandiri vəzifəsindən tabor komandiri vəzifəsinədək xidmət edib.
Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaranması ilə 2000-ci il iyul ayından kapitan Zaur Cavanşir Xüsusi Təyinatlı Qüvvələr məktəbinə rəis təyin edilib, 2002-ci il fevral ayında artıq mayor rütbəsində olan Zaur Cavanşir Xüsusi Təyinatlı Qüvvələrdə yeni formalaşmış Xüsusi Təyinatlı alayın qərargah rəisi vəzifəsinə təyin edilib.
2002-ci il iyul ayında Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olmuş və təhsildə birinci yeri tutaraq 2004-cü ilədək Türkiyə Silahlı Qüvvələrin Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb. 2004-cü il avqust ayından 2006-cı il may ayınadək XTQ-in “Yaşma” xüsusi təyinatlı alayının komandiri vəzifəsində xidmət etmiş və dəfələrlə düşmən arxasında xüsusi əməliyyatlarda iştirak edib. 2005-ci ildə xüsusi əməliyyatlarda rəşadət və mərdlik göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Polkovnik-leytenant rütbəsində Zaur Cavanşir 2006-cı il may ayından 2011-ci il may ayınadək Füzuli və Beyləqan bölgəsində 702,181,706 saylı motoatıcı briqadaların komandiri olub. 2011-ci ildən 2013-cü ilin noyabr ayınadək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində silah və atış kafedrası rəisi vəzifəsində xidmət etmiş və gələcək zabitlərin hazırlığında müstəsna rol oynayıb.
2013-cü il noyabr ayında polkovnik Zaur Cavanşir XTQ komandanının müavini vəzifəsinə təyin edilib, 2013-2015-ci illər ərzində dəfələrlə düşmən arxasında xüsusi əməliyyatların keçirilməsində iştirak və rəhbərlik etiv. 2016-cı ilin sentyabr ayında Azərbaycan Ordusunun o vaxtkı Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun qanunsuz tələblərinə əməl etməkdən qəti şəkildə imtina etdiyinə görə ona qarşı aparılan ədalətsizliyə etiraz olaraq öz arzusu ilə ordu sıralarından ehtiyata tərxis edilib.
Zaur Cavanşir Vətən müharibəsində
27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başlanması ilə ordu sıralarına qatılmaq üçün müraciət edən polkovnik Zaur Cavanşir Nəcməddin Sadıqovun ancaq XTQ sıralarında sıravi əsgər olaraq döyüşməyə razı olacağı halda orduya geri qaytara biləcəyi şərti ilə razılaşaraq döyüşlərə sıravi döyüşçü olaraq qatılıb, öz sərkərdəlik bacarığı ilə dərhal aktiv döyüşlər aparan xüsusi təyinatlı qüvvələrin birləşmə və hissələrinindən ibarət hücum qruplaşmasının idarəetməsini öz üzərinə götürərək Hadrut-Şuşa istiqamətində hücum edən bütün qoşun qruplaşmasının rəhbəri olaraq davam edib, torpaqlarımızın azad edilməsində əsgər və zabitləırimizə müstəsna igidlik və qəhrəmanlıq nümunəsi göstərərək Azərbaycan bayrağını ata-baba yurdu Şuşaya sancıb.
Pənahəli xanın nəvəsi, Şuşanın ilk komendantı
O, ulu babası Pənahəli xan Cavanşirin əsəsını qoyduğu Şuşanın ilk komendantı olub. General-mayor Zaur Cavanşirin nəsil şəcərəsi Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirin (1747-1763) oğlu İbrahimxəlil xanın (1763-1806) Hüngütlü Allahyar bəyin qızından olan oğlu Məhəmməd Qasım ağaya (?- 1843) bağlanır. Məhəmməd Qasım ağa əmisi Mehrəli bəy Cavanşirin qızı Xədicə bəyimlə evlənib və onların bu izdivacdan 4 oğlu – Nəcəfqulu ağa, Paşa ağa (təq.1820-?), Kərim ağa (1826-1907), Qasım ağa (1834-?) və 2 qızı – Cahan xanım və Bala xanım Cavanşirlər doğulub.
Kərim ağa XIX əsrin sonlarında Şuşa şəhərini məcburən tərk edib və Yelizavetpol (Gəncə) quberniyasının Qubadlı bölgəsinə yerləşib.
Onun nəticəsi olan Nəsib Kərim oğlu Cavanşir (1911-1996) öncə Şuşa qəzasının Kəbirli mahalının Baharlı kəndində yaşayıb. O, öz qohumu olan Qasım bəy Zakirin nəticəsi sayılan Xurşid xanımla evlənmiş və onların bu nigahdan Mafizə adlı qızları dünyaya gəlib.
Lakin, çox keçmədən onlar ayrılıblar. Böyük Vətən müharibəsinin ağır illərində Nəsib Kərim oğlu traktor sürücüsü işlədiyi üçün cəbhəyə aparılmayıb. Kəbirli mahalının Hindarx kəndində çalışan Nəsib kişi ikinci dəfə ailə həyatı quraraq, bu kənddən olan Sümayə xanımla evlənib və burada yaşayıb. Nəsib Kərim oğlunun 10 övladından biri olan Sabir Məmmədov və onun oğlu Zaur Cavanşir Hindarxda dünyaya gəlib.
Şərəfli döyüş yolu:
Tərcümeyi-haldan göründüyü kimi, kifayət qədər dövlət təltifləri və hərbi rütbələrə malik, ehtiyatda olan polkovnik Zaur Cavanşir II Qarabağ müharibəsinin ilk günündən savaşa qatıldı. Ön cəbhəyə XTQ sıralarında sıravi əsgər olaraq qatılmağı belə qəbul etdi. Və ən ağır, ən çətin və olduqca şərəfli bir yol seçdi. Çünki onun ən böyük arzusu Azərbaycanın işğal altında olan torpaqlarının – ulu babalarının əmanəti olan doğma Qarabağın, Şuşanın azad edilməsi idi.
General-mayor Zaur Cavanşirin Şuşanın azad olunması ilə bağlı dediklərini olduğu kimi yazmaq istəyirəm:
“Real olaraq Şuşaya noyabrın 6-da gecə girdik, 7-si düşməndən təmizlədik, 8-i qələbəni məruzə etdim. Amma ondan bir həftə əvvəl artıq biz Şuşa ətrafında idik. Ermənilər bilirdilər və məlumat yayırdılar ki, biz artıq Şuşanın 5 kilometrliyindəyik.
Biz artıq Çanaqçı kəndini keçmişdik, Sığnaqda idik və artıq onun ətrafında mövqelərimizi qururduq. Əməliyyatların hər anını düşmən üzərində qələbəmiz üçün nə qədər əhəmiyyətli olduğunu bildiyimə görə hər şeyə şəxsən nəzarət etməli və anında qərar qəbul etməliydim.
Bütün bölmələrimiz əməliyyat planına uyğun olaraq yerləşdirmişdik və noyabrın 6-dan 7-sinə keçən gecə Şuşa ətrafındakı sıx meşəlik və sərt dağlıq olan yüksəkliklərlə hərəkət etməyə başladıq. Öncə Zarıslı kəndinin yaxınlığında Laçın – Xankəndi yolu üzərində bölmələrimizi komanda olan kimi yolu bağlamağa hazır vəziyyətdə yerləşdirdim.
Sonra İsa bulağı ətrafındakı yüksəklikləri tutduq. Digər bölmələrimiz Keybalı kəndi üzərindən keçərək Xankəndi – Şuşa arasındakı yolun üzərində, əsas bölmələrimizi Cıdır düzü istiqamətində qayalarla dırmaşaraq qayalıqda yerləşdirdim.
Düşmənin bütün yollarını bağladıq və beləliklə Şuşa ətrafında möhkəmlənməyə başladıq. 7-si gecə saat 03-dən etibarən Şuşa istiqamətində hücum əmri verdim və komandamla bölmələrimiz düşmənin bütün hərəkət yollarını bağlayaraq Şuşaya 3 istiqamətdə, İsa bulağı istiqamətindən, Xankəndi istiqamətindən və qayalıqla dırmaşaraq Cıdır düzü istiqamətindən hərəkət edərək düşməni təmizləyərək Şuşanı azad etməyə başladıq.
Düşmən bizim hər tərəfdən gəldiyimizi görərək pərakəndə halda hara gəldi qaçırdı. Hava buludlu və dumanlı olduğuna görə nə Bayraqdar nə də artilleriyamız işləyə bilmirdi. Texnikaları gətirmək mümkün deyildi. Ancaq atıcı silahlar və süngü bıçaqlarla döyüşürdük.
7-si səhər ala toranlıqda artıq düşmənin müqavimətini qırdıq və şəhərin mərkəzi küçələrini düşməndən təmizləməyə başladıq. Düşmən dəlicəsinə Şuşanı artilleriya atəşinə tutmuşdu. Şuşanın hər kvadrat metrinə mərmi düşürdü. Toz-duman bir birinə qarışmışdı.
Dərhal şəhərin dairəvi müdafiəsinin qurulmasına, bütün məhəllə və evlərin aranıb təmizlənməsinə göstəriş verdim. Biz müdafiəni təşkil edəndən sonra mənim sərəncamıma verilmiş digər bölmələr də gəldi. Düşməndən bizə qənimət olaraq qalmış mühəndis texnikaları ilə Zarıslı kəndi yaxınlıgında Lacın-Xankəndi yolunu və Xankəndi-Şuşa asfalt yolunu 3 m enində və 3 m dərinliyində qazdırdım.
Artıq Şuşaya gələn bütün yollar düşmən texnikası üçün keçilməz idi. Babalarımın tarix boyu böyük rəşadətlə qoruduğu Şuşa doğrudan da bir qala idi və biz bu üstünlükdən istifadə edərək düşmənin 3 gün (11 noyabr 2020 ci il saat 01:00-dək) hər gün 3 dəfə olmaqla Laçın və Xankəndi istiqamətində eyni zamanda olan bütün hücumlarının qarşısını aldıq. Onlara böyük itki verdik və geri otuzdurduq”.
Cavanşirlər nəslinin layiqli davamçısı
Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan cənab İlham Əliyev Şuşanın azad edilməsindən bir gün əvvəl 05.11.2020-ci il tarixində polkovnik Zaur Cavanşirə zəng edərək Şuşa şəhərinin azad edilməsin əhəmiyyəti, onun Cavanşirlər nəslinin nümayəndəsi olaraq öz ata-baba yurdunun azad edilməsində rolu olduğunu bildiyini, onu Şuşa şəhər komendantı təyin etdiyini, şəhər azad edildikdən sonra, Şuşa şəhəri uğrunda aparılmış döyüşlər zamanı şəhərin müdafiəsinin təşkil edilməsinin nə qədər vacib olduğunu deyib.
Müharibə bitdikdən sonra hələdə XTQ komandanının sərəncamında olan polkovnik Zaur Cavanşir 25 noyabr 2020-ci ildə XTQ komandanının müavini vəzifəsinə təyin edilib, 2020-ci il dekabr ayının 7-si general-mayor rütbəsi alıb.
Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətlərə görə “Vətən müharibəsi Qəhrəmanı” adına layiq görülmüşdür.
Füzulinin, Şuşanın, Kəlbəcərin, Qubadlının, Xocavəndin azad olunmasına və “Hərbi xidmətlərə görə” medalları, “Vətənə xidmətə görə” ordeni və digər fəxri adları ulu Cavanşirlər nəslinin layiqli davamçısı general-mayor Zaur Cavanşirin bu şərəfli ömrünə çox şey sığdıra bilməsindən xəbər verir.
General-mayor Zaur Cavanşir Şuşaya sancdığı və Zəfər Bayrağı elan edilmiş Azərbaycan bayrağı ilə 2020-ci ildə Bakıda keçirilən Qələbə Paradında döyüş bayraqları qrupuna rəhbərlik edib . Bununla da o, ulu babalarının, ən əsası Qarabağ xanlığının və Şuşa qala şəhərinin əsasını qoyan Pənahəli xan Cavanşirin ruhu qarşısındakı mənəvi borcunu ləyaqətlə yerinə yetirib.
Sonda onu demək istəyirəm ki, ata yurdu hər kəs üçün sadəcə olaraq doğulduğu kənd deyil, bizim hər birimizin, xüsusilə də buğünkü gəncliyimizin Ata yurdu bütöv Azərbaycandır.
Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin mükəmməl sərkərdəlik və diplomatik bacarığı ilə Qarabağımızı mənfur düşməndən azad etməklə şanlı, qürurverici bir tarix yazdı. Əsrlərə bərabər 44 gün – Qarabağın azadlığı uğrunda gedən Vətən müharibəsi həm də Azərbaycanın bütövləşməsi tarixininin başlanmasıdır.
Qarabağın azadlığı uğrunda gedən Vətən müharibəsində başlanan Azərbaycanın bütövləşməsi tarixi bu günlərdə, 19-20 sentyabrda ordumuzun Qarabağda apardığı anti-terror tədbirləri nəticəsində başa çatdı.
Bir gün əvvəl daha qürurlu bir tarix yaşadıq:
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 15 oktyabrda Qarabağ xanlığının qurucusu mərhum Pənahəli xan tərəfindən əsası qoyulmuş, Xanın kəndində - Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bir daha bu şanlı tarixi bizə yaşadan, torpaqlarımızın, sərhədlərimizin bütövlüyünü təmin edən bütün hərbçilərimizlə fəxr edirik!
Güntəkin Cəmil qızı Nəcəfli AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət Mükafatı laureatı