AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tanınmış etnoqraf Emil Əli oğlu Kərimov vəfat etmişdir

27.10.2023 15:34

Tanınmış tədqiqatçı, etnoqraf AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., Emil Kərimov 1933-cü il mayın 15-də Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olmuşdur. 1948-ci ildə Azərbaycanlılara qarşı kütləvi deportasiya nəticəsində Xanlar rayonuna köçürülüb.

Emil Kərimov 1960-1963-cü illərdə Rusiya EA Etnoqrafiya və Antropologiya İnstititunun aspirantı olmuşdur. O, 1963-cü ildən Azərbaycan EA Tarix İnstitutunda elmi işçi vəzifəsində işləmişdir. 1968-ci ildə “Rusiyada Azərbaycan Etnoqrafiyasının öyrənilməsi tarixi (XVIII-XIX əsrlər)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

E.Kərimov 5 monoqrafiyanın və 100-ə yaxın elmi məqalənin müəllifi olmuşdur. O, bir sıra xarici ölkələrdə (Rusiya, Hindistan, İsrail, Gürcüstan, İran və s.) Azərbaycan etnoqrafiyasının aktual problemlərinə aid məruzələrlə çıxış etmişdir.

Emil Kərimovun görkəmli arxeoloq və müzeyşünas Hümmel tərəfindən təsis edilmiş Xanlar Diyarşünaslıq Muzeyinin XX əsrin 60-cı illərində ermənilər tərəfindən dağıdılması və talan edilməsi məsələlərinə həsr edilmiş məqaləsi Moskvada almanlara həsr olunan dövrü mətbuat orqanında nəşr edilmişdir. Bundan başqa Emil Kərimov M.F.Axundovun “Rusiya Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsi” nin fəxri üzvü olduğu müddətdə yerli toponimlərlə məşğul olması faktını aşkar etmişdir.

E.Kərimovun “Etnoqrafiya” ixtisası üzrə kadr hazırlanması işində xidmətləri çox böyükdür. O, 2003-cü ildən 2023-cü ilin mart ayınadək Müasir dövr etnoqrafiyası şöbəsinə rəhbərlik etmişdir.

Azərbaycan Etnoqrafiya elminin inkişafında mühüm xidmətləri olan alim Emil Əli oğlu Kərimov 27 Oktyabr 2023-cü il tarixində vəfat etmişdir. Allahdan Emil müəllimə rəhmət diləyir və yaxınlarına dərin hüznlə baş sağlığı veririk.

Allah rəhmət eləsin!

__________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: