AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunda “Heydər Əliyev” ili çərçivəsində Elmi konfrans keçirilib

16.11.2023 21:53

15 noyabr tarixində AMEA A.A Bakıxanov adına Tarix və Etnologiya institutunda“Heydər Əliyev” ili çərçivəsində "Əliyevşünaslıq” və “Dünya tarixi” şöbələrinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsi dünya arenasında”Elmi konfransı keçirilib.

İlk öncə institutun icraçı direktoru tarix elmləri doktoru İlqar Niftəliyev çıxış edərək qeyd etdi ki, cənab Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. İ.Niftəliyev Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətləri haqqında məlumatı  tədbir iştirakçılarının diqqətinə çatdırıb. İ.Niftəliyev bildirmişdi ki, Kremldə işlədiyi dövrdə Heydər Əliyevin ən mühüm fəaliyyət istiqamətlərindən biri beynəlxalq işlər olmuşdur. Ölkə daxilində xarici siyasət aksiyalarında iştirak etməklə yanaşı, Andropov, Çernenko və Qorbaçovun dövründə  Heydər Əliyev tez-tez xarici səfərlərdə Sovet nümayəndə heyətlərinə rəhbərlik edirdi. Bu səfərlər zamanı Heydər Əliyev özünü bacarıqlı diplomat kimi göstərirdi. Bundan əlavə, Heydər Əliyev Sovet  hökumətində xarici işlər naziri, mədəniyyət naziri, təhsil naziri və s. olmasına baxmayaraq, ölkə daxilində Qərbi Avropa, sosialist düşərgəsi və üçüncü dünya ölkələrinin dövlət xadimlərini qəbul edirdi, həmin  ölkələrlə siyasi və mədəni əlaqələrin inkişafında  mühüm rol oynayırdı. Heydər Əliyev Siyasi Büroda SSRİ-nin xarici siyasətinin şərq istiqamətinə nəzarət edirdi. Heydər Əliyev müxtəlif vaxtlarda Vyetnam, Suriya, Şimali Koreya, Laos və Anqolaya gedən dövlət nümayəndə heyətlərinə rəhbərlik etmişdir.

Daha sonra Tarix və Etnologiya  İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Ədalət Qasımov “Heydər Əliyev: Dünya siyasətində iz qoymuş dahi lider” adlı məruzə ilə çıxış edib.Ə.Qasımov qeyd edib ki, Azərbaycan xalqının bəxti onda gətirib ki, tanrı onun qismətinə dünyanın ən güclü şəxsiyyətlərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevi bəxş edib. Heydər Əliyev istər totalitar sovet rejiminin sərt qadağaları çərçivəsində, istərsə də müstəqil Azərbaycan dövlətinin ağır sınqalarla üzləşdiyi bir şəraitdə ümummilli lider kimi özünü göstərərək bu ada layiq olduğunu, xalqın yaddaşında əbədi qalmaq hüququ qazanmışdı. 
Fəaliyyət göstərdiyi bütün dövrlərdə o, üzərinə götürdüyü missiyanı şərəflə daşımış, xalqının ən çətin və bəzi hallarda çıxılmaz vəziyyətlərdən xilas etmişdir. 
1982-ci ildə o  Sovet Siyasi Bürosuna seçilməsini bir çox xarici kütləvi informasiya vasitələri və analtikləri əslində çox təbii və qanunauyğun bir hadisə kimi qarşıladılar.
 Heydər Əliyev yeni vəzifəsində də qeyri-adi keyfiyyətlərini göstərə bilmiş, o vaxt sovet sistemi daxilində ayrı-ayrı sahələrdə həyata keçirilmiş islahatların təşəbbüskarı və icraçısı olmuşdur. 
Həmin dövrdə bir sıra dünya kütləvi informasiya vasitələrində Heydər Əliyevin fəaliyyəti təqdir edilir və o, sovet dövlətinin ən bacarıqlı rəhbərindən biri kimi qiymətləndirilirdi.  
1993-cü ildən sonra Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə göstərdiyi çoxşaxəli fəaliyyət, müstəqil dövlətin xilası üçün atdığı addımlar dünya siyasətşünaslığının mühüm səhifəsini təşkil  edir.
Heydər Əliyevin dünya şöhrətli siyasətçi kimi səciyyələndirən əsas cəhətlərdən biri də öz fəaliyyətində təkcə Azərbaycan deyil, eləcədə regional və dünya (qlobal) problemlərini gündəmə gətirməsi və həllinə çağırması olmuşdu. Bu baxımdan onun beynəlxalq dövlətlərarası dialoq məsələləri ilə  bağlı fikirləri bu gün də dünyanın bir çox regionlarında amansız müharibələrin qızışdığı bir dövrdə öz aktuallığını qoruyub saxlamaqdadır.
Heydər Əliyevi dünya siyasətçisi kimi səciyyələndirən digər mühüm amil onun beynəlxalq iqtisadi münasibətlər sisteminin inkişafı istiqamətində atdığı addımlardır. O, prezidentliyinin ilk günlərindən başlayaraq qarşılıqlı iqtisadi münasibətlərin inkişaf etdirilməsi, dünyanın aparıcı dövlətləri, transmilli şirkətləri ilə əlaqələrin yaradılması, Azərbaycana xarici investisiyaların cəlb edilməsi ilə bağlı genişmiqyaslı təşəbbüs və layihələrin icrasına nail olmuşdur. 
Bütün bunlar Heydər Əliyevin ümumdünya iqtisadi fikrinin ən parlaq simalarından biri olmasının təcəssümüdür.

Sonra Tarix və Etnologiya İnstitutunun Dünya tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İradə Bağırova “ Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli və işğal olunmuş ərazilərin azad edilməsi uğrunda mübarizəsi” adlı məruzə ilə çıxış edib. Qeyd  edib ki, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə dövlətin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiya edilməsi idi.
     Ölkəmizin gələcək xarici siyasətinin istiqamətlərini müəyyən edərək Heydər Əliyev aşağıdakı istiqamətləri müəyyənləşdirmişdir: “Vəzifəmız bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı münasibətlər qurmaq və inkişaf etdirmək, onlardan həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, həm də dövlətlərarası münasibətlərin inkişafı üçün səmərəli istifadə etməkdir... Bununla yanaşı, biz xarici siyasət imkanlarından istifadə edərək, nəyin bahasına olursa-olsun, respublikanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü təmin etməyə çalışacağıq. Hesab edirəm ki, bundan sonra görülən işlər Azərbaycanın daha geniş şəkildə tanınmasına şərait yaradacaq və respublika dünya birliyində öz layiqli yerini tutacaqdır”.
       Prezidentin xarici siyasət doktrinasında Qarabağ münaqişəsinin sülh yolu ilə həlli problemi xüsusi yer tuturdu. H.Əliyev bu məsələnin mahiyyətinə beynəlxalq hüquq kontekstində baxılmasına çağırırdı, həmin hüququn həyata keçirilməsində isə ikili standartlar siyasəti nəticəsində böyük əngəllər meydana çıxırdı.
      Ümummilli lider Heydər Əliyev  həmçinin Azərbaycanın dünya birliyi tərəfindən tanınmasını, beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı, ölkəmizin milli-mənəvi dəyərlərini, mədəniyyətini və incəsənətini təbliğ etmək məqsədilə mötəbər qurumlara üzv olmaq istəyini dövlətimizin xarici siyasəti qarşısında duran başlıca vəzifələrindən biri kimi müəyyən etmişdir. Bu fəaliyyət sayəsində beynəlxalq əlaqələr il-bə-il genişlənir və möhkəmlənirdi, Azərbaycan BMT, ATƏT, NATO və İƏT (İslam Əməkdaşlıq Təşkilatı) kimi 55 müsəlman ölkəsini birləşdirən təşkilatlarla əməkdaşlıq keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdi.

Daha sonra Tarix İnstitutunun Dünya tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev “Dağlıq Qarabağ problemi Heydər Əliyevin xarici siyasətinin prioritet məsələsi kimi”, Azərbaycan Xalq Cümhuriyyəti şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı “Heydər Əliyev diplomatiyasının dönüş mərhələsi: Lissabon sammiti”, Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Hüseynova “Heydər Əliyev və dünya azərbaycanlılarının təşkilatlanması”, Dünya tarixi şöbəsinin elmi işçisi Nigar Camalova “Almaniya Azərbaycan əlaqələrində Heydər Əliyev dövrü: Qarabağ probleminin həlli məsələləri”, Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı “Heydər Əliyevin Azərbaycanın idman ölkəsi kimi beynəlxalq aləmdə tanınmasında rolu”, Dünya tarixi şöbəsinin elmi işçisi Ruhəngiz Soltanova “Heydər Əliyevin Nizami Gəncəvi irsinin dünyada təbliğində rolu”, Dünya tarixi şöbəsinin elmi işçisi Sənubər Həsənova “ Heydər Əliyev və Xəzərin enerji potensialının mənimsənilməsi ” adlı məruzələrlə çıxış edərək müasir Azərbaycan dövlətinin banisi və qurucusu ulu öndər Heydər Əliyevin həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən ,Ulu Öndərin mənalı ömür yolunun hər anından danışıblar.

__________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: