22.11.2023 10:17
AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Azərbaycanın VII-XIV əsrlər tarixi" şöbəsinin aparıcı elmi işçisi, dosent Şahlar Şərifovun Türkiyədə Akademik Tarih ve Düşünce Dergisində (Academic Journa lof History and Idea ISSN: 2148-2292 10 (4) 2023) “Azərbaycanın Bab əl-Əbvab (Dərbənd) şəhərinin erkən orta əsrlər tarixi ərəbdilli mənbələrdə” mövzusunda məqaləsi çap olunmuşdur.
Məqalədə Azərbaycanın qədim şəhərlərindən olan Bab əl-Əbvabın Erkən orta əsrlər tarixi ərəbdilli mənbələr əsasında işıqlandırılmışdır. Müəllif ərəbdilli mənbələr əsasında tarixi və coğrafi mövqeyinə, iqtisadi və siyasi əhəmiyyətinə görə Bab əl-Əbvabın orta əsrlərdə Azərbaycanla yanaşı, Yaxın və Orta Şərqin də ən məşhur şəhərlərindən biri olduğunu qeyd etmişdir. Ərəbdilli müəlliflərdən əl-Bəlazuri, əl-İstəxri, əl-Yəqubi, ət-Təbəri, Əsəm əl-Kufi, İbn əl-Fəqih, İbn Xordadbeh, İbn Havqəl, əl-Müqəddəsi və başqaları Bab əl-Əbvab haqqında ətraflı məlumat verirlər. Ərəbdilli müəlliflərin verdikləri məlumatlardan aydın olur ki, şəhərdə bir çox məşhur alimlər yaşamışdır. Onlardan Hakim ibn İbrahim Dərbəndini, Hilal ibn Harun Dərbəndini və Əbu Bəkr Məhəmməd Dərbəndini qeyd etmək olar. Mənbələrdə dərbəndli yazarların nisbəsinin "əl-Babi" kimi yazıldığının da şahidi oluruq. Ərəbdilli mənbələrdə Bab əl-Əbvab böyük, məhsuldar, hasarlarla əhatələnmiş, strateji baxımdan əhəmiyyətli bir şəhər kini qeyd olunur. Müəllif mənbələr əsasında Bab əl-Əbvab şəhərinin tarix boyu Şimalla Cənubu, eyni zamanda Şərqi Avropa ilə Yaxın-Orta Şərq ölkələrini əlaqələndirən əsas ticarət yollarından biri olduğunu qeyd edir.
_________________
İctimaiyyətlə əlaqələr şöbəsi