AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak edib

24.11.2023 17:02

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan Respublikasının Tarixi şöbəsinin aparıcı elmi işçiləri Nigar Axundova və Alı Balayev 23-24 noyabr 2023-cü il tarixində BDU-nun Qazax filialında “Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak etmişlər. Konfransda Nigar Axundova “Heydər Əliyev irsində mədəniyyət məsələləri” adlı məruzə ilə, Alı Balayev “Ümummilli Lider Heydər Əliyevin dövlətçilik konsepsiyasinin siyasi aspektləri” adlı mövzu ilə çıxış etmişlər.

Alı Balayev öz məruzəsində Ümummilli lider Heydər Əliyevin Azər¬baycan xalqının təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı, dövlət müstəqilliyinin möhkəmləndirilməsi sahəsində atdığı addımlar 1995-ci il mart hadisələri zamanı dövlət çevrilişi cəhdinin qarşısının alınması, respublikanın daxilində siyasi sabitliyin bərqərar olunması, 1995-ci il noyabr ayının 12-də Azərbaycan dövlətinin yeni Əsas Qanununun Konstitusiyasının ümumxalq referendumu yolu ilə qəbul edilməsi, Azərbaycan Respublikasının beynəlxalq və diplomatik münasibətlərinin inkişaf etdirilməsi respublikanın iqtisadi böhrandan çıxarılmasına yönəldilən tədbirlər, xarici iqtisadi-ticarət əlaqələrinin bərpası və inkişaf etdirilməsi Azərbaycan xalqının milli tarixində müstəsna yer tutduğunu vurğulamışdır.

Nigar Axundova öz çıxışında vurğulamışdır ki, uzun əsrlər boyu Azərbaycan xalqı dünya mədəniyyətinin ən yüksək nailiyyətlərini özündə əks etdirən öz mədəniyyətini yaratmışdır. Azərbaycan ərazisində qədim zamanlardan çox müxtəlif mədəniyyət sahələri inkişaf etmiş, müxtəlif incəsənət məktəbləri və dünya şöhrətli memarlıq məktəbi yaradılmışdır. Zaman keçdikcə öz əhəmiyyətini itirməyən bu zəngin mədəni-mənəvi irs Azərbaycan xalqı tərəfindən bu günədək qorunur və inkişaf etdirilir.

Əvəzolunmaz milli-mənəvi irsə malik olan Azərbaycanın milli mədəniyyəti misilsiz inkişaf yolu keçmişdir. XX əsrin 70-80-ci illərində Azərbaycan milli mədəniyyətinin inkişafı yüksək səviyyəyə çatır. Bu dövr ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

__________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: