AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunun əməkdaşının məqaləsi xarici jurnalda çap olunub.

27.11.2023 16:07

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan Cümhuriyyəti Tarixi şöbəsinin aparıcı elmi işçisi, dosent Mübariz Ağalarlının Türkiyədə Akademik Tarih ve Düşünce Dergisində (Academic Journa lof History and Idea ISSN: 2148-2292 10 (2) 2023) “Atatürk dönemi Türkiye-İran ilişkilerinde Güney Azerbaycan meselesi” məqaləsi çap olunmuşdur.

Məqalədə Atatürk dövründə Türkiyə-İran münasibətlərinin siyasi aspektləri təhlil edilərkən qeyd edilmişdir ki, Anadoluda Türkiyə Cümhuriyyəti qurulduqdan (1923-cü il) və fars pəhləvi sülaləsi Qacarlar dövlətində hakimiyyəti ələ keçirdikdən sonra da (1925-ci il) iki qonşu dövlət arasında siyasi münasibətlər davam etmişdi. Hələ 1923-cü ildə Türkiyə Cümhuriyyəti elan edildikdən bir neçə ay sonra Türkiyə Cümhuriyyəti Qacar hökmdarı Əhməd şah tərəfindən tanınmışdı. Dövlətlərarası münasibətlər çərçivəsində 7 oktyabr 1922-ci ildə Mühiddin Paşa Türkiyənin Tehran səfiri təyin olundu və o, 7 fevral 1923-cü ildə Türkiyənin Tehrandakı ilk səfiri olaraq Baş nazir Rza xana etimadnaməsini təqdim etmişdir.

Məqalədə qeyd edili ki, Pəhləvi rejiminin Güney Azərbaycanda həyata keçirdiyi antitürk siyasəti dövründə Türkiyənin əyalət rəsmiləri Güney Azərbaycanda baş verənlər və Türkiyənin burada görə biləcəyi tədbirlərlə bağlı bir neçə dəfə yuxarı instansiyalara hesabat təqdim etmişdilər. 5 yanvar 1926-cı ildə Van Sərhəd Komandanlığından "Erkan-ı Harbiye Ümumi Müdirliyi" Kəşfiyyat İdarəsinə, oradan isə 10 yanvar 1926-cı ildə Baş Qərargah rəisi müşir Fevzi Çakmaka İrandakı vəziyyətlə bağlı hesabat göndərilmişdi. Müəllif, Osmanlı qaynaqlarına istinadən Türkiyə-İran münasibətlərində Güney Azərbaycan məsələsini təhlil edərək, əhəmiyyətli məlumatları diqqətə çatdıra bilmişdir. Bununla bağlı məqalədə qeyd edilir ki, Əhməd şah Qacarın yerinə Rza Pəhləvinin şah elan edilməsinin Güney Azərbaycanda fəsadları ilə bağlı mühüm məlumatların və Van Sərhəd Komandanı Süleyman Harbinin fikir və təkliflərinin yer aldığı sənəddə qeyd edilir ki, "Qacarlar sülaləsinin əvəzinə Pəhləvilərin şah elan edilməsi Güney Azərbaycanda narazılığa səbəb olmuşdur. Çünki Rza Pəhləvi azəri türklərinin etnik kimliyini məhv edərək farslaşdırmağa çalışır. Bu səbəbdən məktəblərdə türkcə dərslər qadağan edilir. Yeni hakimiyyət Urmiyadakı türk valisini vəzifəsindən azad etmiş və yerinə fars vali təyin etmişdir. Bundan əlavə, Təbrizdə ingilislər və Urmiyada amerikalılar Güney Azərbaycanda erməni-aysor dövlətinin qurulması istiqamətində fəaliyyətlərini davam etdirirlər. Bu hadisələr fonunda Türkiyə Cümhuriyyəti türk dostu Zəfər-üd Dövləni Təbrizdəki konsulluğa təyin etməklə bölgədə siyasi üstünlüyü ələ keçirməyi hədəfləyir". Məqalədə həmçinin İran Pəhləvi hakimiyyəti dövründə Güney Azərbaycan türklərinə qarşı həyata keçirilən aqressiv tədbirlər araşdırılmış, Güneyli ziyalıların Tükiyədəki fəaliyyəti təhlil edilmişdir. Ümumilikdə, məqalənin əsas tədqiqat obyekti Atatürk dövrü Türkiyə-İran münasibətlərində Güney Azərbaycan məsələsi olmuşdur.

__________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: