29.11.2023 09:04
Noyabrın 23-26-da Ç.Ç. Vəlixanov adına Tarix və Etnologiya İnstitutunun baş direktoru, Qazaxıstan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Ziyabek Yermuxanoviç Kabuldinov Tarix İnstitutunun qonağı olmuşdur.
Səfər çərçivəsində Tarix İnstitutunun baş direktoru Kərim Şükürov tərəfindən geniş proqram təşkil olunmuşdur, İlk gün qonaq Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etmiş, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin rəhbərliyi ilə görüşlər keçirmiş, İçərişəhər ilə tanış olmuşdur.
Noyabrın 24-də cənab Kabuldinov AMEA Tarix İnstitutuna gəlmiş, institutun bütün elmi şöbələri ilə tanış olmuş, doktorluq dissertasiyasının müdafiəsində iştirak etmiş və Dissertasiya Şurasının üzvləri ilə görüş keçirmişdir.
Tarix İnstitutunun direktoru Kərim Şükürov qonağı salamlayaraq onu dissertasiya Şurasına təqdim edərək, alimin səfərindən məmnunluğunu ifadə etmiş, ikitərəfli görüş zamanı institutlar arasında ikitərəfli komissiyanın (assosiasiyanın) yaradılması, iki xalqın tarixinin daha dərindən öyrənilməsi və yay məktəblərinin təşkili və keçirilməsi nəzərdə tutulan razılaşmaların müzakirə olunduğunu bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, daha öncə institutlarımız arasında əməkdaşlıq memorandumu imzalanıb və tərəflər bundan sonra praktiki tədbirlər həyata keçirmək niyyətindədirlər.
Professor Kabuldinov çıxışında öz İnstitutu və gələcək əməkdaşlığın prioritet istiqamətləri barədə qısa məlumat vermişdir. O qeyd etmişdir ki, hazırda institutda 2 böyük proqram həyata keçirilir: "XX əsrin 20-50-ci illərində Qazaxıstanda kütləvi siyasi repressiyalar və reabilitasiya prosesləri: vahid məlumat bazasının yaradılması" və "Qazaxıstanın tarixi qədim dövrlərdən bu günə qədər ". Bu mövzularla bağlı yeddi cildlik akademik nəşrin hazırlanması planlaşdırılır. O, Tarix İnstitutu ilə birgə sənədlər toplusunun nəşrində, birgə layihələrdə, proqramlarda, konfranslarda, dissertasiya müdafiələrində iştirak edilməsində, Gənc tarixçilərin yay məktəblərinin təşkilində, RSCI, Scopus nəşrlərində məqalələrin birgə hazırlanmasında, böyük tədbirlərdə qarşılıqlı iştirak etmək arzusunu bildirmişdi.
Həmin gün AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli professor Z,Kabuldinovla görüşmüşdür. O, giriş nitqində Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin bütün sahələrdə, o cümlədən elm sahəsində yüksələn xətlə inkişaf etdiyini, aparılan elmi tədqiqatların istiqamətlərini qeyd etmişdir. Akademik bildirmişdir ki, Qazaxıstan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq uzun illərdir davam edir və müstəqillik dövründə onlara xüsusi diqqət yetirilir.
AMEA-nın Tarix İnstitutu ilə Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının Tarix və etnologiya İnstitutu arasında imzalanmış əməkdaşlıq müqaviləsinin əhəmiyyətindən danışan AMEA rəhbəri ümumi dəyərlərə malik xalqlarımızın tarixi və etnoqrafiyası üzrə birgə tədqiqatların aparılmasının, birgə konfransların təşkilinin və monoqrafiyaların hazırlanmasının zəruriliyini vurğulayaraq, qardaş ölkələrin tarixçi alimləri arasında qurulan əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirmişdir.
Noyabrın 25-də səfər proqramı çərçivəsində qonaq Milli Azərbaycan Tarixi Muzeyini, Nizami Gəncəvi adına Milli Azərbaycan ədəbiyyatı Muzeyini, Azərbaycan Milli İncəsənət Muzeyini və Azərbaycan milli xalça muzeyini ziyarət etmişdir.
Noyabrın 26-da Heydər Əliyev Mərkəzində olmuşdur. Noyabrın 27-də səfər başa çatmışıdır.