29.11.2023 15:36
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu vəTürk Tarix Qurumunun birgə təşkilatçılığı ilə “Rəvandan İrəvana və Qərbi Azərbaycana” mövzusunda beynəlxalq konfrans keçirilir.
Tədbiri açan Tarix İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru İlqar Niftəliyev konfransın əhəmiyyətindən danışaraq bildirib ki, bu, Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrlərdə tarixi torpaqlarımızla bağlı apardığı uğurlu siyasətin, Qərbi Azərbaycanla bağlı çağırışlarının bu gün müasir proseslərdə təzahürüdür.
Türkiyəli professor, elmlər doktoru Mehmet Akif Okur konfransın əhəmiyyətindən danışaraq bildirib ki, Türkiyə-Azərbaycan qardaşlığı bütün platformalarda özünü göstərdiyi kimi, bundan sonra daha da yüksələrək uğurla davam edəcək. Bunun üçün bizə tariximizin ortaq, birləşdirici hisslərini mənimsəmək gərəkdir.
Daha sonra I ci panel üzrə məruzələr dinlənilib. Professor, doktor Ali Sinan Bilgili “Rəvan Osmanlı sənədlərində”, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Qafarova “İrəvan şəhərinin bünövrəsinin qoyulması tarixindən”, professor, doktor Cihat Aydoğmuşoğlu “Rəvan XVII əsrdə”, dosent, doktor Zülkif Dağlı “Qanuninin Rəvan səfəri zamanı bölgənin sosial-mədəni quruluşu”, Tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Qarayev “İrəvan şəhərinin maddi mədəniyyət abidələri (1748-1827)”, professor, doktor İbrahim Tellioğlu “Ermənilərin xəyali “Böyük Ermənistan”ı, dosent, doktor Ahmet Toksoy “Rus işğalının Rəvanda nəticələri” adlı məruzələrlə çıxış ediblər.
Konfrans davam edir.
______________
İctimaiyyətlə əlaqələr şöbəsi