AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu adlandırılması haqqında vəsatət qaldırılıb

03.12.2023 00:32

Son dövrlər Azərbaycan Milli Elmlər Akademiyasında həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elmi müəssisələrin strukturunun təkmilləşdirilməsi sahəsində kompleks tədbirlər təşkil edir. Bu tədbirlərdə əsas məqsəd optimal elmi-təşkilati modellərin  yaradılması, onlar arasında qarşılıqlı əlaqə mexanizmlərinin qurulması ilə elmin bu və ya digər sahəsində aparılan tədqiqatların səmərəliliyinin artırılmasıdır. Bu məqsədə nail olmaq üçün əsas metodoloji meyar elmi problem və istiqamətlərlə məsul elmi struktur qurumlar arasında funksional əlaqələrin müasir dünya elminin çağırışları baxımından yenidən uyğunlaşdırılması təşkil edir.

Bu sözləri AMEA-nın Ümumi yığıncağında Akademiyanın prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu adlandırılması haqqında məsələyə münasibət bildirərkən deyib.  AMEA rəhbəri qeyd edib ki, hazırda müasir dünyanın çağırışlarına uyğun olaraq ictimai və humanitar elmlərin müasir dünya elmindəki akademik fənn təsnifatına uyğun olaraq, tarixi tədqiqatların etnoqrafik və etnoloji araşdırmalarla əlaqəli inkişafının təmin edilməsi, xalqımızın maddi və mənəvi mədəniyyət abidələrinin, adət-ənənələrinin, məişətinin tarixi aspektdən kompleks tədqiqinin daha sistemli təşkil edilməsi müasir dövrdə həm elmi, həm də ictimai baxımdan xüsusi əhəmiyyətə malikdir.

Akademik İsa Həbibbəylinin sözlərinə görə, etnoqrafiyanın ümumi elmi problematikasına uyğun olaraq, Azərbaycan xalqının və dünyаnın digər хаlqlаrının məişət və mədəniyyətinin, аdət-ənənələrinin, еtnik birliklərin yаrаnmаsı və inkişаfının, оnlаrın yаyılmаsı və qаrşılıqlı mədəni əlаqələrinin tarixi aspektdən araşdırılması zamanı hər hansı bir xalqın tarixi və mədəniyyəti haqqında tam elmi mənzərənin əldə edilməsi mümkündür: “Bu baxımdan Azərbaycan  xalqının tarixi və etnologiyası sahəsində fundamental tədqiqatların birgə olaraq hərtərəfli inkişafı, tarixşünaslığın, tarixi demoqrafiyanın, mənbəşünaslığın, arxivşünaslığın, mədəniyyət və tarixi etnososiologiyanın aktual problemlərinin vahid elmi kontekstdə öyrənilməsi, yeni dövrləşdirmə konsepsiyası əsasında Azərbaycan çoxcildliyinin hazırlanması, son nəticədə Azərbaycan xalqının yeni tarix şüurunun formalaşdırılması konsepsiyasının işlənib hazırlanması qarşıda duran əsas vəzifələrdəndir”.AMEA prezidenti diqqətə çatdırıb ki, tarixi Azərbaycan torpaqlarının, xüsusən Qərbi Azərbaycanın tarixinin araşdırılması, tarixi və mədəni özəllikləri baxımından bu ərazilərin Azərbaycana məxsusluğunun elmi sübutu üçün tarixi və etnoqrafik tədqiqatların birgə öyrənilməsi xüsusi əhəmiyyətə malikdir.

Akademik İsa Həbibbəyli bu istiqamətdə dünyanın qabaqcıl tarixçi və etnoqraf alimləri ilə aparılan müzakirələrin nəticələrini, həmçinin beynəlxalq akademik qurumların təcrübələrini nəzərə alaraq, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun etnoqrafiya elmi istiqamətini əhatə edən şöbələrinin AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun strukturuna keçirildiyini söyləyib. Qeyd edib ki, nəticədə AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu kimi mövcud olmuş bu elmi müəssisənin bundan sonra A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu adlandırılması zərurəti meydana çıxıb.

Akademik İsa Həbibbəyli sözügedən məsələnin Tarix İnstitutunun Elmi şurasında, AMEA-nın İctimai Elmlər Bölməsində və nəhayət, AMEA-nın Rəyasət Heyətində müzakirə olunduqdan sonra Ümumi yığıncağın müzakirəsinə çıxarıldığını bildirib.Ümumi yığıncaqda qeyd olunanları nəzərə alaraq, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu adlandırılması haqqında AR Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb.

Paylaş: