AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və tarixi qarşısında xidmətləri və rolu

14.12.2023 21:20

XX əsr Azərbaycan tarixinin ən parlaq və nadir şəxsiyyətlərdən biri olan Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranmasında, onun inkişaf etdirilməsində müstəsna xidmətləri və rolu var. Heydər Əliyev böyük və mənalı ömrünün hər anını xalqının tərəqqisi və rifahına sərf edib, onun dünya xalqları arasında şərəfli yer tutmasına, doğma vətəni Azərbaycanın nüfuzunun yüksəlməsinə həsr edib. Harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq istər Naxçıvanda adi dövlət məmuru, SSRİ kimi nəhəng imperiyanın başçılarından biri kimi yüksəldiyi totalitar sovet cəmiyyətində, istər düşmən məngənəsində ölüm-dirimlə çarpışan Naxçıvan MR-ə rəhbərlik etdiyi, qurucusu olduğu Azərbaycan Respublikasının Prezidenti olduğu müstəqillik dövründə o, yalnız bu amallarla yaşamış, öz xalqına xidməti həyatının mənası, fəaliyyətinin məramı hesab edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru Ədalət Qasımov söyləyib. O bildirib ki, 1969-cu ildə Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə xalqın və Vətənin taleyində mütərəqqi dəyişikliklər dövrü başlayıb. Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən ardıcıl və məqsədyönlü iqtisadi və sosial siyasət nəticəsində 1970-ci ildə uzunmüddətli geriliyə son qoyulub, təsərrüfatın bütün sahələrində sabit, yüksək sürətli, dinamik artım əldə edilib. Məhz bu dövrdə Azərbaycanın müstəqil dövlət kimi yaşaya bilməsi üçün zəruri əsaslar – iqtisadi, mədəni, mənəvi potensial yaradılıb, milli kadr problemi həll edilib. O dövrdə iqtisadiyyat, mədəniyyət, təhsil sahəsində əldə edilən tərəqqi, milli birliyə nail olunması, milli özünüdərkin yüksəlişi, müstəqil dövlətin yaranmasına xidmət edən strategiyanın bünövrəsini qoyub.

“Nəticədə 1969-1980-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil oldu və cəsarətlə demək olar ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi iqtisadi və mənəvi inkişafında qazanılan uğurların kökü məhz həmin illərə təsadüf edir. Sovet rəhbərliyində təmsil olunduğu 1982-1987-ci illərdə Heydər Əliyev öz siyasi və mənəvi prinsiplərinə sadiq qalmış, nə yüksək vəzifədə işlədiyi illərdə, nə də 1991-ci ilə qədər təqiblərə məruz qaldığı dövrdə öz xalqının maraqlarına heç vaxt xilaf çıxmayıb. Bu dahi şəxsiyyət o zamankı SSRİ və Azərbaycan SSR rəhbərliyinin təqiblərindən doğma yurduna geri dönüb, bu kiçik Vətən torpağını erməni işğalından qurtarmaqla yanaşı, Azərbaycan xalqının xilaskarlıq missiyasını öz üzərinə götürüb”, - deyə Ədalət Qasımov fikrinə əlavə edib.

O, 1993-cü ildə Azərbaycanın parçalanmaq, bir əsrdə ikinci dəfə öz dövlət müstəqilliyini itirmək, dünya siyasi xəritəsindən bir müstəqil dövlət kimi silinmək təhlükəsi ilə üzləşəndə ölkəni bu təhlükədən məhz Heydər Əliyevin xilas etdiyini söyləyib: “Ulu Öndər öz müdrik qərarları ilə ölkəni vətəndaş qarşıdurmasından, etnik toqquşmalardan, siyasi xaosdan xilas edən, bütün dünyanın diqqətini Azərbaycana cəlb etməyi bacaran böyük siyasətçi, həm də Azərbaycanın ağır dərdi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində siyasi diplomatik və hərbi səciyyəli addımlar atmaqla gələcək qələbələrimizin əsasını qoydu. Dahi şəxsiyyət olduqca mürəkkəb vəziyyətdə Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqla, həm də yeni, müstəqil, demokratik Azərbaycan dövlətinin memarına çevrildi.

2003-cü ildən sonra İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi altında Azərbaycan dövlətinin qazandığı bütün uğurlar, ərazi bütövlüyümüzün bərpa edilməsi, şərəf və ləyaqətimizin simvolu olan üçrəngli bayrağımızın 30 il işğal altında inildəyən mənəviyyat və mədəniyyət paytaxtımız Şuşada dalğalanması Heydər Əliyevin arxitekturasını yaratdığı milli dövlətimizin sarsılmaz təməllərinə əsaslanır.

Bu gün Azərbaycan xalqı qarşıya qoyduğu hədəflərə qüdrətlə və inamla irəliləyir, Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının həyata keçirilməsi istiqamətində möhtəşəm nailiyyətlərə imza atır”

Paylaş: