AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunda Elmi konfrans keçirilib

22.12.2023 10:05

Dekabrın 20-də AMEA-nın Tarix və Etnologiya İnstitutunun İclas zalında İnstitutun “Türk xalqlarının etnoqrafiyası” şöbəsinin təşkilatçılığı ilə “ŞUŞA VƏ TÜRK DÜNYASINDA QARDAŞLAŞMIŞ ŞƏHƏRLƏR: tarixi aspektləri” adlı beynəlxalq elmi konfrans keçirilmişdir.

Giriş sözü ilə çıxış edən İnstitutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev konfrans iştirakçılarını, qonaqları, Türkiyədən, Qazaxıstandan və Özbəkistandan onlayn qoşulan ziyalı və elm adamlarını salamladı. Sonra “Türk xalqları etnoqrafiyası” şöbəsinin müdiri t.e.d., türkoloq Güllü Yoloğlu konfransın işini proqrama uyğun davam etdirərək Şuşanı bizə bəxş edərək şəhid olan əsgər və zabitlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Güllü Yoloğlu qardaşlaşmış şəhərlər anlayışına toxunaraq qeyd etmişdir ki, qardaşlaşmış şəhərlər və ya doğmalaşmış, qohum olmuş şəhərlər anlayışının kökündə bu şəhərlərin bir-biri ilə dostluq əlaqələri qurmaq, bir-birinin həyatını, tarixini, mədəniyyətini daha yaxından tanımaq, bir sözlə hərtərəfli əməkdaşlıq durur. Müasir dövrdə əməkdaşlıq deyəndə, nümayəndə heyətlərinin səfərləri, bədii və idman kollektivlərinin görüşləri, sərgilər, ədəbiyyat günlərinin keçirilməsi, kinofilmlərin nümayişi, şəhər təsərrüfatının həyata keçirilməsi ilə bağlı fikir, təcrübə mübadiləsi nəzərdə tutulur. Daha sonra türkoloq alim ilk qardaşlaşmış şəhərlərin hələ 836-cı ildə alman şəhəri Padenbörn və fransız şəhəri Lö Man arasında olduğunu vurğulayaraq 1957-ci ildə qardaşlaşmış şəhərlərin nümayəndələri Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyasını qurulduğundan, 1964-cü ildə SSRİ-nin qardaşlaşmış şəhərlərinin birləşərək Sovet və Xarici Şəhərlərin Əlaqələri Üzrə Assosiasiya yaratdıqlarındam, 1963-cü ildə isə Parisdə qəbul olunmuş qərara əsasən hər ilin aprel ayının son bazar günü Ümumdünya qardaşlaşmış şəhərlər günü elan olunduğundan bəhs etmişdir. Güllü Yoloğlu onu da vurğulamışdı ki, hazırda Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyasının 4 mindən çox üzv şəhəri var. 1978-ci ildən Bakı da bu Federasiyanın üzvüdür.

“Türk xalqalrının etnoqrafiyası” şöbəsinin əməkdaşları Şuşa ilə qardaşlaşmış şəhərlər arasından Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin şəhərlərini xüsusi qeyd edərək Ərzurum, Kayseri (Türkiyə), Türkistan (Qazaxıstan), Xivə (Özbəkistan), Vesperm və Dyöndyöş (Macarıstan) şəhərləri ilə bağlı maraqlı çıxışlar və videogörüntülər hazırlamışdılar. Eyni zamanda Şuşa Rayon İcra Hakimiyyətindən, Türkiyədən, Qazaxıstan və Özbəkistandan da konfransa qatılanlar vardı.

Konfrans Şuşa ilə bağlı videoçarxın nümayişi ilə işinə davam etdi. Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini, ictimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva, Kayseri Bünyan İlçəsi sabiq Bələdiyyə başqanı Mehmet Özmen (Türkiyə), Erzurum Böyükşehir Belediyyesi Dairə Başqanı Ergün Engin (Türkiyə), Dünya İqtisadiyyatı və Diplomatiyası Universitetinin professoru, sosial elmlər doktoru Azamat Seitov (Özbəkistan), Özbəkistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Beynəlxalq Münasibətlər üzrə Elmi-Tədqiqat Mərkəzinin rəhbəri f.e.d.Baxtiyor Karimov (Özbəkistan), Xoca Əhməd Yasəvi Universiteti Tarix fakültəsində müəllimi Eren Akdeniz (Qazaxıstan), “Türk xalqları etnoqrafiyası” şöbəsinin əməkdaşları t.ü.f.d., dos. Mehparə Əliyeva, e.i. Nəzirə Şalbuzova, b.lab.Nərminə Hüseynova, “Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi” şöbəsinin əməkdaşı t.ü.f.d., dos. Eldar Əliyev çıxış edərək Şuşanın mədəni mühiti, qardaşlaşmış şəhərlərlə bağlı məlumat verdilər, video görüntülər nümayiş etdirdilər. Sonda müzakirələr oldu.

Türk Ağsaqqalları İctimai Birliyinin İdarə Heyətinin üzvləri, Gənclər Təşkilatının rəhbəri və üzvləri də müzakirələrdə fəal iştirak etdilər.

Sonda xatirə şəkilləri çəkilib.

_______________

İctimaiyyətlə əlaqələr şöbəsi

Paylaş: