AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunda Elmi seminar keçirilib

19.01.2024 09:22

17 yanvar 2024-cü il tarixində AMEA A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda "Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi" şöbəsinin təşkilatçılığı ilə "Cavad xan Gəncəlinin azadlıq mücadiləsi-220" adlı elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev iclasın əhəmiyyətindən danışıraq bildirib ki, Gəncəli Cavad xanın rus işğalçılarına qarşı vuruşaraq həlak olmasından 220 il ötür. İ.Niftəliyev qeyd etmişdir ki, sovet tarixçilərinin əsərlərində Azərbaycan xanlıqlarının Rusiyanın hakimiyyətini güya könüllü qəbul etdikləri iddia olunsa da, Gəncə xanlığının misalında biz bunun tam əksini görürük.

Daha sonra professor Hacı Həsənov "Gəncənin Rusiya tərəfindən işğalı Azərbaycan tarixşünaslığında" adlı məruzə ilə çıxış edib. Hacı Həsənov bildirib ki, 1803-1804 –cü illərdə Gəncə xanlığı ətrafında baş verən hadisələrə Azərbaycan sovet tarixşünaslığında birtərəfli qiymət verilib və Cavad xanın başçılığı ilə Gəncənin rus ordusuna müqaviməti barədə heç yerdə yazılmamışdır. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bu hadisələrə düzgün qiymət verilməyə başlanılıb. Tarixçilərimizin əməyi sayəsində o hadisələrin üzərindən örtük götürülüb və yazılan əsərlərdə 1804-ci il rus ordusu tərəfindən Gəncənin işğalı tarixi mötəbər sənədlərə əsasən yazılıb.

Digər məruzəçi tarix üzrə fəlsəfə doktoru, dosent Ramil Niftəliyev "Cavad xan Gəncəlinin siyasi portiretinin bəzi cizgiləri" adlı məruzə ilə çıxış edib. R. Niftəliyev qeyd edib ki, Cavad xan və ya Cavad xan Ziyadoğlu Qacar (1748-1804) 1786-ci ildən 1804-cü ilin yanvar ayının 3-dək Gəncənin xanı olmuşdur. O, rus generalı P.D.Sisianovun başçılğı ilə mühasirədə saxlanılan Gəncənin azadlığı uğrunda mübarizədə Rusiyanın işğalçı qoşun birləşmələri ilə döyüşdə qəhrəmancasına vuruşmuş və şəhid olmuşdur. Cavad xan XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən hərbi-siyası hadisələrdə fəal iştirak edən Azərbaycan xanlarından biri idi. Məlum tədqiqatlara görə Cavad xan 35 döyüşdə iştirak etmişdir. Qeyd edək ki, o, hakimiyyətdə olduğu zaman hərb deyil, hər zaman sülh tərəfdarı olmuşdur.1825-ci ildə Rusiya nəşr olunan jurnallarının birindəki məqalədə yazılmışdı: “Dağılmış və boş qalmış evlər şəhərin ağlar hadisənin şahidi olmasından xəbər verir. Bütün Azərbaycanda ən möhkəm qalalardan biri olaraq bu hadisəni yaşadı.” Digər bir jurnalda “Gəncə, hələ Assuriyanın çiçəkləndiyi, Yunanıstan və Romanın yeni yarandığı dövrdə böyük rola malik olmuşdur. O gündən bu günədək heç bir Avropa dövləti buraya ayaq aça bilmədi. Türkiyə, Persiya, Midiya, Mesopotamiya, Assuriya, Albaniya bu möhkəm strateji bazanın qiymətini bilirdilər. Gəncəyə yiyələnmək, yalnız bütün Kür düzənliyinə sahib olmaq deyil, həmçinin bütün Azərbaycana, Qafqazın bütün cənub maililiyinə yiyələnmək deməkdir” yazılırdı.

Sonra tarix üzrə fəlsəfə doktoru, dosent Ənvər Məmmədov "Şəmsəddil bölgəsi uğurunda Cavad xanın mübarizəsi" adlı məruzə ilə çıxış edib. Öz məruzəsində natiq Cavad xanla ilə rus generalı P. Sisianov arasında aparılan məktublaşmalardan bəhs etmiş, həmin məktublarda Cavad xanın Şəmşəddil bölgəsinin hələ 600-700 il əvvəl Gəncə hakimləri tərəfindən idarə olunduğunu və bu əraziyə gürcü çarlığının iddialarının əsassız olduğunu qeyd etmişdir.

Sonda məruzələr ətrafında geniş müzakirələr aparılıb.

______________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

 

 

Paylaş: