22.01.2024 11:14
19 yanvar 2024-cü il tarixində AMEA A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda“SOVET DÖVRÜ TARİXİ ŞÖBƏSİ”NİN təşkilatçılığı ilə “ 20 YANVAR - AZƏRBAYCAN XALQININ QƏHRƏMANLIQ SƏHİFƏSİ”adlı dəyirmi masa keçirilib.
İlk öncə 20 Yanvar faciəsi şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev çıxış edərək 20 Yanvar faciəsindən danışıb. İ. Niftəliyev bildirib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri həm də millətin azadlıq səsini ucaltdığı şərəfli bir tarixdir.20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir. Gənclərimiz tarixi həqiqətləri bilməlidir. Yaxın tariximiz öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır.
"Azərbaycanın Sovet dövrü tarixi" şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İkram Ağasiyev “20 Yanvar - tariximizin qəhramanlıq səhifəsi” adlı məruzə ilə çıxış edərək qeyd edib ki,1990-cı il yanvarın 20-də SSRİ Ali Soveti Rəyasət Heyəti “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Fərman əhalidən gizlədildi. Bu fərmandan Azərbaycan xalqı xəbərsiz idi. Yanvarın 19-da saat 20:00-da televiziya verlişləri stansiyasının enerji bloku partladıldı və xalq bu barədə məlumat ala bilmədi.
Yanvarın 19-dan 20-nə keçən gecə hər tərəfdən Sovet ordusunun hücumu başlandı. Əməliyyata SSRİ Müdafiə Naziri D.Yazov başçılıq edirdi. Silahsız adamlara atəş açıldı, onlar döyüş maşını ilə amansızcasına əzdilər. Bakıda və digər rayonlarda 131 nəfər öldürüldü, 744 nəfər yaralandı, 400 nəfər həbs olundu. Bu qanlı hadisə Azərbaycan xalqının tarixinə “Qanlı yanvar” günü kimi daxil oldu.
Xalqın azadlıq mübarizəsinə, 20 Yanvar qətliamına mədəniyyət xadimləri öz əsərləri ilə ciddi reaksiya verdilər. Azərbaycan poeziyasının görkəmli siması olan Xəlil Rza Ulutürk ömrü boyu azadlıq və müstəqillik uğrunda mübarizəyə sadiq qalmış, şerlərini silaha çevirmişdir. O, “Davam edir 37” və “Zindan” adlı silsilə şerlərinə görə M.F. Axundov mükafatına layiq görüldü. Bu dövrdə B.Vahabzadə, M.Dilbazi, N.Xəzri, M.Araz xalqın mənəvi aləmi ilə bağlı əsərlər yaratdılar. B.Vahabzadə “Şəhidlər” poemasında xalqı mətinliyə, birliyə çağırırdı.
Daha sonra tarix üzrə fəlsəfə doktorları Nəzərli Əzizə “1920-ci ilin apreli – 1990-cı ilin yanvarı: tarixi paralellər”,Rüstəmova Aypara “20 Yanvar xatirələrdə”, Hüseyinova Nailə “Qan yaddaşınızın tarixi kökləri”, Cəfərova Raisə “20 Yanvara gedən yol” və elmi işçi Osmanova Aybəniz “20 Yanvar – Azərbaycana qarşı törədilmiş bəşəri cinayət”adlı geniş məruzələrlə çıxış ediblər.
_____________
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi