AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunda akademik Yaqub Mahmudovun 85 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

16.02.2024 10:06

14 fevral 2024-cü il tarixində Tarix və Etnologiya İnstitutunda görkəmli tarixçi alim Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, 17 il Tarix İnstitutunun direktoru vəzifəsində çalışmış, akademik Yaqub Mahmudovun 85 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Konfransda çıxış edən institutun direktoru Kərim Şükürov bildirib ki, akademik Yaqub Mahmudov Azərbaycan tarixinin öyrənilməsində mühüm xidmətlər göstərib.

O, 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində dünyaya göz açıb. 1956-cı ildə Balakən rayonunun Sarıbulaq kənd tam orta məktəbini bitirib. 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində təhsil alıb.

1962-1966-cı illərdə aspiranturada təhsilini davam etdirib. 1966-cı ildə “Ağqoyunlu dövlətinin Venesiya ilə qarşılıqlı əlaqələri” adlı namizədlik dissertasiyası, 1989-cu ildə isə Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri” adlı doktorluq dissertasiyası müdafiə edib. 1991-ci ildə professor elmi adı alıb.

Yaqub Mahmudov 2004-2021-ci illərdə Tarix (Tarix və Etnologiya) İnstitutunun direktoru, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.Y.Mahmudov Azərbaycan tarixinin müxtəlif dövrlərinin öyrənilməsində xüsusi rolu olduğunu xatırladıb. Onun elmi rəhbərliyi ilə 72 nəfər fəlsəfə və elmlər doktoru yetişib.Y.Mahmudov tarixin ayrı-ayrı dövrlərinə aid çoxsaylı monoqrafiya, dərslik, kitab, dərs vəsaiti, elmi-publisistik məqalələrin müəllifidir.O, dörd çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib, hazırda Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür.Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Dövlət Mükafatı laureatı, Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar elm xadimi və 7 beynəlxalq akademiyanın həqiqi üzvüdür. “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Əmək” və “Ataman Anton Qolovatıy” ordenləri ilə təltif olunub. “Yusif Məmmədəliyev”, “Rəsul Rza”, “Qızıl qələm”, “Humay” və digər çoxsaylı mükafatların laureatıdır.

Daha sonra Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, t.e.d., dos. Tofiq Nəcəfli “Akademik Yaqub Mahmudov və Azərbaycan milli tarix elmi”, t.e.d., prof. Şahin Fərzəliyev “Akademik Yaqub Mahmudov və ilkin mənbələrin nəşri”, t.ü.f.d., dos. Rəşad Mustafa “Akademik Yaqub Mahmudovun tarixi-tədqiqat metodları”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d., dos. Eynulla Mədətli “Akademik Yaqub Mahmudov və Azərbaycan tarixinin xaricdə təqdimi”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Keyfiyyət təminatı və strateji planlama Departamentinin müdiri, t.ü.f.d., dos. Şirinbəy Əliyev “Akademik Yaqub Mahmudov və Azərbaycanın “İtirilmiş torpaqlarının tədqiqi” elmi istiqaməti” adlı məruzələrlə çıxış edərək ,qeyd ediblər ki, Azərbaycan tarixinin tədqiqində bir çox ilklərə imza atıb. Görkəmli alim erməni saxtakarlığına qarşı tarixi həqiqətlərin aşkarlanması sahəsində xüsusi xidmətlər göstərib. Yaqub Mahmudovun tarix elmimizi dünya miqyasında layiqincə təmsil etdiyini qeyd ediblər.

Daha sonra akademik Yaqub Mahmudov çıxış edərək institutda işlədiyi dövürdə gördüyü işlərdən,xatirələrindən danışaraq, elmi fəaliyyətinə verilən dəyərə görə hər kəsə təşəkkürünü bildirib.

Sonda institutun əməkdaşları alimlə bağlı öz xatirələrindən danışıblar.

_____________

İctimaiyyətlə əlaqələr şöbəsi

 

 

Paylaş: