AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunda “Yaşıl dünya həmrəylik ili” elan edilməsi ilə bağlı dəyirmi masa keçirilib

21.02.2024 15:18

AMEA TARİX VƏ ETNOLOGİYA İNSTİTUTUNDA “TÜRK XALQLARININ ETNOLOGİYASI” şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya həmrəylik ili” elan edilməsi haqqında” 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə bağlı “Etnoekologiya – xalqın təbiətə münasibət mədəniyyəti” mövzusunda 19 fevral 2024-cü il tarixində dəyirmi masa keçirilib.

İclası açan elmi işlər üzrə direkektor müavini tarix elmləri doktoru İlqar Niftəliyev iclasın əhəmiyyətindən danışıb. O qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi respublika üçün bərpa olunacaq enerjiyə keçidi məsələsində öz nailiyyətlərini nümayiş etdirmək üçün əvəzsiz şans olacaq. 2023-cü ilin oktyabr ayında Bakının Qaradağ rayonunda quraşdırılmış gücü 230 MVt olan ən böyük "Qaradağ" Günəş Elektrik Stansiyası (SES) istifadəyə verilib. Bu layihə Masdar (BƏƏ) şirkəti tərəfindən tamamilə xarici investisiyalar hesabına həyata keçirilib. Bundan əlavə, Bakıda Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti 240 MVt gücündə "Xızı-Abşeron" külək stansiyaları parkı tikir və layihəni 2025-ci ilə qədər başa çatdırmağı planlaşdırır. Eyni zamanda, azad edilmiş ərazilərdə böyük bir layihə həyata keçirilir – Cəbrayıl rayonunda BP şirkəti gələn il istifadəyə veriləcək 240 MVt gücündə "Şəfəq" Günəş Elektrik Stansiyası tikir. Beləliklə, Azərbaycan karbohidrogen hasilatını davam etdirərək və neft-qaz layihələrinə investisiyaları genişləndirməklə "yaşıl enerji" istehsal gücünü də inkişaf etdirir və "2030-cu ilə qədər ölkənin enerji balansında "Yaşıl Enerji" nin 30 faiz payı" Milli strategiyasını həyata keçirir.

Daha sonra t.e.d., “Türk xalqlarının etnologiyası” şöbəsinin müdiri Güllü Yoloğlu “Etnoekologiya – xalqın təbiətə münasibət mədəniyyəti”adlı məruzə ilə çıxış edib. Məlum olduğu kimi, 2023-cü il dekabrın 11-də Dubay şəhərində keçirilən plenar iclasda COP28-in prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə Azərbaycanda keçiriləcəyini elan etmişdir.

Ötən əsrdən başlayaraq dünya ölkələrinin iqtisadi inkişaf yarışı, son illər baş verən proseslər insanları, təbiəti müxtəlif problemlərlə qarşı-qarşıya qoymuşdur. Təbii qaz və neft hasilatı ilə məşğul olan ölkələr günü-gündən yanacağa olan tələbatı və bununla bağlı artan qiymətləri nəzərə alaraq daha çox yataqlar axtarışındadırlar. Hər il dənizə axıdılan neft tullantıları yer kürəsinin su hövzələrinin fauna və florasına ciddi zərbə vurur. İnsanların meşələri qıraraq yerində şəhərlər, qəsəbələr salması, çirkab sularının təbiətə axıdılması, yer-yurdları əllərindən alınan heyvan və quşların məhv olması və ya kütləvi yer dəyişdirməsi, atmosferə buraxılan zəhərli qazlar... təhlükəli iqlim dəyişikliyinə, təbiətdə balansın pozulmasına gətirib çıxarmışdır.

Vəziyyət qısa müddət ərzində o həddə çatmışdır ki, 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində saziş imzalanmış, insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası - COP yaradılmışdır. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. 198 ölkənin üzv olduğu Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. COP hər il keçirilir, lakin bəzən tərəflərin qərarları fərqli də ola bilər. İlk tədbiri 1995-ci ilin martında Berlində baş tutmuş COP-un katibliyi Bonn şəhərində yerləşir. Azərbaycan həmin ildən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulmuşdur. COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir. Bu regionlardakı qrup ölkələri arasında da sədrlik məsələsində növbələşmə mövcuddur. Azərbaycanın təşkilata sədrliyinə dair qərar da məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında verilmişdir.

BMT-nin qeyd etdiyimiz beş regional qrup üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul edir. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Ölkəmizin də daxil olduğu qrup konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkmiş, bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürmüş və, beləliklə, 2023-cü il dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirmişdir.

Daha sonra tarix elməri doktoru,professor İradə Bağırova,Türk Ağsaqqalları İctimai Birliyinin idarə heyətinin üzvləri, ƏDƏBİYYAT İNSTİTUTUNUN ƏMƏKDAŞI F. E. D. XURAMAN HÜMBƏTOVA, ƏDƏBİ BİRLİK Gənclər İCTİMAİ birliyinin SƏDRİ VƏ TƏSİSÇİSİ ŞAHİN ƏLİYEV VƏ ÜZVLƏRİ çıxış ediblər.

_____________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

 

Paylaş: