23.02.2024 16:44
Son dövrlərdə Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələrinin genişləndirilməsi sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Bu tarix elmi sahəsində də özünü göstərməkdədir. Belə ki, Azərbaycan və Türkiyə tarixçilərinin qarşılıqlı səfərləri təşkil edilir, birgə elmi konfranslar keçirilir, Türkiyə tarixçilərinin əsərlərinin Azərbaycanda, Azərbaycan tarixçilərinin əsərlərinin isə Türkiyədə nəşri və geniş oxucu kütləsinə çatdırılması sahəsində müəyyən addımlar atılır. Əlbəttə, bütün bunlar təbiidir. Çünki iki qardaş ölkə, iki qardaş xalq bir-birinə qırılmaz tellərlə bağlıdır.
Lakin bununla belə, bəzən anlaşılmazlıqdan, bəzən də müəyyən subyektiv səbəblərdən Türkiyə kütləvi informasiya vasitələrində və elmi nəşrlərdə Azərbaycanın xeyrinə olmayan, tarixi həqiqətləri əks etdirməyən hallara da rast gəlinir. Məsələn, dəfələrlə etiraz edilməsinə baxmayaraq, Azərbaycan türkləri tərəfindən qurulmuş Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətinin İran, əslində isə fars dövləti kimi təqdim edilməsi hallarına dönə-dönə rast gəlinir. Fars dilində yazmış Azərbaycan şairlərinin əsərləri Azərbaycan deyil, İran ədəbiyyatı nümunələri kimi təqdim edilir.
Belə hallardan birinə də, Türkiyə Cümhuriyyətinin 100 illiyinin Azərbaycanda da təntənəli şəkildə qeyd edildiyi 2023-cü ildə təsadüf edilmişdir. Belə ki, 2023-cü ildə Azərbaycan dövlətçilik tarixinin mühüm mərhələlərindən biri olan Albaniya dövlətinin tarixi ilə bağlı “Ağvan Tarihi Arran Kavimlerinin ve Bilhassa Hazarların Onuncu Asra Kadar Vukuatı. Çevirəni Hrant D. Andresyan. Yayına Hazırlayan Doğanay Eryılmaz. Türk Tarihi Kurumu. Ankara 2023. 114 s.)” adlı kitab işıq üzü görmüşdür.
Əvvəlcədən qeyd etmək istərdik ki, bu nəşrin xoş məramla həyata keçirilməsi şübhə doğurmur. Lakin əsərin tərcüməsində, ona yazılan ön sözdə tarixi faktların təhrif edilməsi və Türkiyə oxucusuna yanlış çatdırılması hallarına rast gəlinir. Bu özünü, xüsusilə, “Yayına hazırlayanın ön sözü”ndə göstərir.
AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya institutunun direktoru, tarix elmləri doktoru, professor K.K.Şükürov tərəfindən kitabdakı qüsurlarla bağlı Türk Tarih Kurumu Başkanına müraciət edilmişdir. Türk Tarih Kurumu Başkanı, Prof. Dr. Yüksel Özgen tərəfindən 24.01.2024-cü ildə müsbət cavab verilmişdir. Bununla belə, kitabdakı bəzi qüsurları geniş oxucu kütləsinə çatdırmağı özümüzə borc bilirik.
“Yayına hazırlayanın ön sözü”ndəki qüsurlar, əsasən, aşağıdakılardan ibarətdir:
1. səh. XV – “Movses Kağankatvatsi`nin Ağvan Tarihi adlı eseri, ilk dönem Ermeni edebiyyatının önemli eserlerinden biridir. Eski Ermeni tarihi ve edebiyyatı, komşu milletlere sık sık atıfta bulumaktadır”. Buradan belə anlaşılır ki, müəllif erməni tarixçisidir və əsər ermənilərə məxsusdur. Əvvəla, orijinalı itmiş əsərin erməni dilindəki variantının dövrümüzə qədər gəlib çatması heç də onun erməni ədəbiyyatı nümunəsi olmasına dəlalət etmir. İkincisi, onun müəllifi müasir Azərbaycan xalqının əcdadlarından sayılan albanlardandır. O, Albaniyanın Uti vilayətinin Kalankat kəndində anadan olmuşdur. Hələ vaxtı ilə A.Q.Şanidze yazırdı ki, güman ki, “Kartlis Tsxorveba” gürcü dilindən erməni dilinə tərcümə edildiyi kimi, “Alban tarixi” də alban dilindən erməni dilinə tərcümə edilmişdir. Hətta orta əsrlər dövrünə aid əldə olan məqalələrin birində deyilir ki, o, alban dilindən erməni dilinə çevrilmişdir (Ф.Mамедова. Кавказская Албания и албаны. Баку, ЦИКА. 2005. c.11). Hələ XIX- XX əsrlərdə Avropa, Amerika, Ermənistan və keçmiş Sovetlər birliyində albanların tarixini Azərbaycandan ayırmaq, onu ermənilərlə bağlamaq cəhdləri olmuşdur. Lakin bütün bunlara baxmayaraq demək olar ki, onların əksəriyyəti də haqqında bəhs olunan əsərin müəllifinin Albaniya tarixçisi, onun əsərinin isə Albaniya tarixi ədəbiyyatı nümunəsi kim qəbul etmişlər. Musa Kalankatlı özü də əsərində erməni deyil, alban olduğunu qeyd edir. Belə ki, kitabda “Uti vilayətində yerləşən ana yurdum olan böyük Kalankatuk kəndi” ifadəsinə rast gəlirik. Həmin kənd indiki Azərbaycan ərazisində Tərtər çayının sahilindədir. Qeyd etmək lazımdır ki, Kalankatuk həm də Albaniyada yaşayan qəbilələrdən biri olmuşdur.
2. Maraqlıdır ki, “Yayına hazırlayanın ön sözü”ndə Azərbaycanın adı belə çəkilmir. Sanki Albaniyanın Azərbaycana heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə, qeyd etmək istərdik ki, Türkiyəli həmkarlarımızın İslamdan öncəki Azərbaycan tarixi ilə bağlı məlumatlar qeyri-müəyyəndir. Ona görə də Albaniya haqqında qısa arayış vermək istərdik.
Ərəblərə qədərki müəlliflər öz əsərlərində indiki Azərbaycan Respublikasının sərhədlərinə böyük ölçüdə uyğun gələn, şimalda Qafqaz dağları, cənubda Araz çayı, şərqdə Xəzər dənizi, qərbdə İberiya arasında olan ərazini müxtəlif şəkildə təqdim edirdilər. Antik mənbələrdə onu “Albaniya”, pəhləvi mənbələrində “Ardan” və “Aran”, Suriya mənbələrində “Aran”, gürcü mənbələrində “Rani”, erməni mənbələrində “Ağvan”, klassik fars mənbələrində “Aran”, ərəb mənbələrində isə “Arran” adlandırırdılar. Digər tərəfdən pəhləvi kitabələrində, klassik fars və ərəb mənbələrində həmin ərazi dönə-dönə həm də Azərbaycan adlandırılırdı.
3. səh.XV – “Albania” kelimesi “dağlık bölge”anlamına gelir” ifadəsinə gəldikdə isə bu adın mənası ilə bağlı elm ədəbiyyatda müxtəlif fikirlər vardır. Ona görə də bu şəkildə qəti hökm vermək doğru deyildir.
4. səh. XV – “Bu kitaba konu olan halk “Ağvan” adlanır” cümləsi yanlışdır. Xalqın adı və etnik mənsubiyyəti hələ dəqiq müəyyən edilməmişdir. Bu istiqamətdə fikirlər səsləndirən əcnəbi alimlərin fikirləri heç bir tutarlı fakta əsaslanmır və onların subyektiv fikridir.
5. səh. XVI – “Ağvan memleketinin sınırları Kura nehri`nden Hazar Deniz`nin batı kıyısına, kuzeydə isə Kafkaz dağlarının güney yamaclarına kadar uzanan bir bölgəyi kapsamaktadır. Yani, Dağıstanın güney kesimi ve Azerbaycan`ın bulunduğu bölge ilə ötüşmekteydi” fikri də yanlışdır. Çünki həm antik, həm də ərəb müəlliflərinin məlumatına görə, Albaniyanın cənub hüdudları Araz çayının sahillərinədək uzanırdı. İndiki Ermənistan Respublikasının ərazisi də Albaniyanın qərb hüdudları daxilində idi. Hətta “Alban tarixi”nin özündə “Sünikin Alban hökmdarı Senekerim” ifadəsinə də rast gəlinir (The History of The Caucasian Albanians by Movses Dasxuransi. Transllated by C.J. Dowsett. London, 1961, p. XX)
6. səh. XVI-XVII – “Sisak soyundan olan Aran adlı bir adam, Ermeni kralı Vağarşak tarafından askeri yönetici olarak atanır... Dolayısıyla Ağvanların, komşuları olan Ermeni və Gürcülerden çok daha sonra krallık kura bildikləri görülməkdədir” fikri də yanlışdır. Çünki burada söhbət Parfiya çarı Valarşdan (I Vologez) gedir. Krallığa gəldikdə isə Azərbaycan ərazisində həqiqi dövlətçilik tarixi, uydurma erməni dövlətçiliyindən daha qədimdir. Digər tərəfdən Albaniya dövləti Makedoniyalı İsgəndərin imperiyası parçalandıqdan sonra (e.ə. IV əsrin sonları) yaranmışdır.
7. səh. XVII –XVII – “Ağvanlar için, Ermenilerin önemi, medeniyyet etkilerini ulaştırması için tek yol olmasıydı” fikri tamamilə yanlışdır. Bir tərəfli qaydada təəssübkeş erməni müəlliflərinin əsərlərindən çıxış edərək belə qərara vermək nə dərəcədə doğrudur?
8. səh. XVIII – Dini acıdan baktığımızda da yenə ağvanlar üzərindəki Ermeni etkisini görürüz. Doktirin və yarğı acısından Ağvan kilise hemen hemen tamamen ermenilerin hakimiyyeti altındadır” fikri də yanlışdır. Burada yenə də erməni ədəbiyyatı və haqqında bəhs olunan, təhrif edilmiş “Alban” tarixi”nə istinad edilir. Lakin həmin əsərlərdən belə alban kilsəsinin ermənilərdən fəqrli yol tutduğunu görmək çətin deyildir. Əvvəla, albanların heç də bütünlüklə xristianlığı qəbul etməmişdir. İkincisi, xristian müəlliflər nə qədər təhrif etməyə çalışsa da bəhs edilən dövrdə bölgə türk soylu tayfaların əlində idi, hətta bir sıra hallarda “Xəzərlər ölkəsi” adlanırdı.
Albanlar xristianlığı ermənilərdən əvvəl qəbul etmişdir. “Albaniya tarixi”ndəki bu fakt Erməni katolikosu Ananiyanın göstərişi ilə kitabdan çıxarılmışdır (Bax. Albaniya tarixi. Bakı, 2006. Z.Bünyadovun müqəddiməsi, s. 9.) VIII əsrdə isə erməni kilsəsi Ərəb xilafəti ilə dil tapmağı bacararaq Alban kilsəsi üzərində üstünlük qurmağa çalışmışdı. N.S.Vartapetovun qeyd etdiyi kimi, “erməni kilsəsi həmişə özü üçün yeni şəraitə bacarıqla uyğunlaşırdı... vaxtı ilə həmin qaydada hərəkət edib, Bizans imperatoruna, İran Sasani şahları, ərəb xəlifələri, monqollar və digərləri qarşısında baş əymişdi” (Bax. Albaniya tarixi. Bakı, 2006. Z.Bünyadovun müqəddiməsi, s. 19).
9. səh. XIX – “Dil açısından değerlendirdiğimizde de Ağvanların en azından üst düzey halkı arasında Ermenicenin yaygın olduğunu düşündüreeək veriler mövcuttur. Ağvan prensi Cavanşir`in ölümünün ardından, Ermeni şair Davtak`ın ağıt olarak Ermenice bir şiir yazdığı bilinmektedir. Bu şiir, elinizdeki çeviride yer almamasına rağmen, Ağvan tarihi adlı kitabın önemli edebi bölümlerinden biridir” fikri isə ümumiyyətlə yanlışdır və yolverilməzdir.
10. Arap halifeliginin dağıldığı və ermenilerin Baqratuni hanedanı ilə toparlandığı dönemde, Ağvanların önemli kentleri Ermenilerin ve Gürcülerin hakimiyeti altına girer...” fikri də yanlışdır. Həmin dövrdə bölgə müsəlmanların nəzarətində, ərəb müəlliflərinin əsərlərində Azərbaycan dövlətləri adlandırılan Saclı və Salarlı dövlətlərinin əlində idi.
11. səh. XIX – 11.yüzyıldan itibaren Türklerin Kafkasya`ya gelmesiyle birlikte, bölgenin etnik bileşimi nerdeyse tamamile değişir” fikri də tamamilə yanlışdır. Çünki, erməni mənbələrinə nisbətən daha mötəbər olan ərəbdilli mənbələr Azərbaycanda türklərin qədimdən yaşadığını göstərməkdədir. Hətta Albaniya (Aran və ya Arran) bölgəsinin də “türklər ölkəsi”, “hunlar ölkəsi”, “xəzərlər ölkəsi”, Albaniyanın paytaxtı Qəbələnin “Xəzər” adlanması haqqında kifayət qədər faktlar vardır.
12. səh. XXI – “Ağvan tarihi ilk olarak Mıkırtıç Emin tarafından Moskva`da yayımlanmıştır. 1969-cu ilində Erivanda Varag Arakelyan tərəfindən Modern Doğu Ermeniceye aktarılmıştır. Kitab İngilizce, Fransızca, Almanca, Gürcüce, Macarca ve Türkçeye tam ya da kısmi olaraq çevrilmişdir” ifadəsində də yanlışlıqlar var. Birincisi, kitab Emindən əvvəl də qismən yayımlanmışdır. İkincisi, bu kitab sırf şəkildə tarixi Azərbaycan ərazisi ilə bağlı olduğu halda niyə Azərbaycan türkcəsinə tərcümə edildiyi də göstərilməmişdir? Qeyd etmək lazımdır ki, Z.Bünyadov tərəfindən həyata keçirilən həmin tərcümənin özü də türkcəyə çevrilərək İstanbulda yayımlanmışdır.
13. səh. XXII – “Elinizde bulunan bu çalışma, aslında Uti ve Artsah(Karabağ) bölgəsinin tarihini açmaktadır” cümləsi də təəccüb doğurur. Niyə burada müasir oxucuya aydın olsun deyə həmin vilayətlərin məhz Azərbaycan Respublikası ərazisində yerləşdiyi qeyd ediməmişdir?
14. Sırf bu şəkildə Azərbaycan tarixi ilə bağlı olan bir nəşrdə ölkəmizin adı yalnız bir dəfə (səh.XVI) özü də anlamsız şəkildə çəkilmişdir.
Tərcüməçinin yazdığı ön sözdə və şərhlərində də təhriflər vardır. Onlardan yalnız bir neçəsini qeyd etməklə kifayətlənmək istərdik:
1. səh. XXIII – Milattan önce ermenilerin başında bulunan Arşakuni (Arsacide) hakimiyyeti altında bulunan bu ülke, mezkur sülalenin sükutundan (düşmesinden) sonra müstakil bir devlet haline gelmiş...” fikri də tamamilə yanlışdır.
2. səh. XXIII – “Bu ölkenin merkezi önce Kabala, sonra Partav (Berda`a) şehirleri olmuşdur” yazan tərcüməçi bu şəhərlərin Azərbaycanda yerləşdiyinə dair izahat verməyi belə rəva görməmişdir. Çünki bu, onu qane etmirdi.
3. səh. XXIV – “Arap müellifi, İbn Havkel, X. asırda belə bu ülkede birçok ayrı dil konuşulduğunu kaydetmişdir. Ağvanda, bilhassa merkez şehri olan Partav bölgesinde Ermenice de konuşuluyordu” cümləsi də tamamilə yanlışdır. Çünki, ərəb müəllifləri Arranda (Albaniyada) “arran” dilində danışıldığını qeyd edirlər.
Tərcüməçinin Kitaba yazdığı “Ön söz” və “Şərhlər”də digər təhriflər də vardır. Lakin biz belə hesab edirik ki, qeyd etdiklərimiz haqqında bəhs olunan nəşrin nə qədər qüsurlu olduğunu söyləmək üçün yetərlidir.
Ramil Ağayev,
tarix elmləri doktoru,
Tarix və Etnologiya İnstitutunun “Atropatena və Albaniya tarixi” şöbəsinin müdiri
_____________
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi