27.02.2024 09:12
İclasda institutun əməkdaşları ilə yanaşı Xocalı sakini Aygün Şöhrət qızı Həşimova, Bakı Biznes Universitetinin tələbələri, universitet “Vətən” klubunun üzvləri, 44 günlük II Qarabağ-Vətən müharibəsinin iştirakçıları Murad Məmmədov və İlkin Quliyev, “Günay” Uşaq və Gənclər teatrının (Teatrın rəhbəri: Tarusova Larisa Viktorovna) üzvləri iştirak ediblər.
İlk öncə Xocalı qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Azərbaycan Respublikasının tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Mais Əmrahov bildirib ki, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqrımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücumu zamanı dinc əhalinin başına gətirilən işgəncələrdən və törədilən cinayətlərdən bəhs edib.Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bu soyqrım Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir.
Lakin vəhşiliklər xalqımızın mübarizə əzmini qıra bilməyib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində şəhidlərimizin qanını yerdə qoymayaraq işğal altında olan torpaqlarımızı azad edib. Əldə edilən şanlı Zəfərlə ordumuz həm də Xocalı şəhidlərinin qisasını alıb.
Anım tədbirində iştirak edən Vətən müharibəsinin iştirakçıları o günləri bir daha yada salaraq bu gün torpaqlarının azaldığa qovuşmasında rolu olan bir vətən övladı olmaqla qürur duyduğlarını bildirib,onlara göstərilən diqqətə görə minnətarlıq edib.
Tədbirdə “Günay” Uşaq və Gənclər teatrının üzvləri Xocalı faciəsinin ağrılarını vətənpərvərlik ruhunda səhnələşdiriblər.
Daha sonra “Azərbaycan Respublikasının tarixi” şöbəsinin böyük elmi işçisi,birinci Qarabağ müharibəsinin iştirakçısı Soltan Orucov və Xocalı hadisələrinin şahidi, tarix elmləri doktoru, dosent Nazim Məmmədov Xocalı faciəsindən danışaraq bildiriblər ki, erməni hərbi birləşmələri Xocalını işğal etməklə azərbaycanlılara qarşı soyqırım törətmişdilər. Bu bəşəri bir faciə idi. Faciə nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-si qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilmişdi. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini, 8 ailə tamamilə məhv edilmişdi. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər isə əsr götürülüb. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günə qədər məlum deyil.
31 il düşmən tapdağı altında qalan Xocalı şanlı Azərbaycan ordusunun 19-20 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatı nəticəsində tam olaraq azad olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin oktyabrın 15-də Xocalı şəhərinə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. O, çıxışlarının birində deyir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadalarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırım siyasətinin davamı və qanlı səhifəsi idi.”
Yekun olaraq isə söz Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Şahin Fərzəliyevə verilmişdir. Şahin Fərzəliyev Xocalı hadisələri baş verərkən qələmə aldığı “Ağlamayaq Kişilər” adlı şeirini səsləndirmişdir.
Bunlarla yanaşı Dəyirmi Masada Tarix və Etnologiya İnstitutu tərəfindən, Azərbaycan Xalqına qarşı soyqırımlar, Xocalı soyqırımı, 44 günlük Zəfər tariximizə və Böyük Qayıdış konsepsiyasına dair nəşr olunmuş kitablardan ibarət sərgi də nümayiş etdirilmişdir.
_____________
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi