AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunda Şuşa foto-sərgisi

14.03.2024 12:16

“İslam dünyasının mədəniyyət paytaxtı” ilinə həsr olunmuş aksiya maraqla qarşılanır

Şuşa şəhərinin 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2023-cü il tarixli Sərəncamına uyğun olaraq AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutu elmi konfrans, seminarlar keçirir, kitablar işıq üzü görür, institut əməkdaşları məqalələr dərc edir, müxtəlif tədbirlər təşkil olunur.

Ötən il Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan, İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən şəhərimizə xüsusi ehtiramın ifadəsidir.

 

Bu günlərdə AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun koridorlarında Şuşanın ab-havası daha çox duyulmaqdadır. Xüsusi hazırlanmış, üfiqi özül üzərində bərkidilmiş şaquli dayaqlardan ibarət “molbert”lərin üzərində Şuşa şəhərinin fotoları yerləşdirilib. Bu “molbert”lərdə Şuşanın əsrarəngsiz təbiət gözəllikləri, memarlıq abidələri əks olunmuş iri ölçülü fotoşəkillər yer alır. Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası, Bülbülün ev muzeyi, Meydan mədrəsəsi, Mamay bulağı, Şirin su hamamı, Hacı Quluların mülkü, Hacı Dadaşın evi, Çətir şəlalə (Şır-Şır şəlalə) və s. fotolar işğal dövrünün faciələri ilə yanaşı, işğaldan azad olunmuş, bu gün dirçələn, gözəlləşən, bərpa olunan Şuşanın xoşbəxt gələcəyindən xəbər verir.

 

Tarix və Etnologiya İnstitutunun əməkdaşları, bu elm müəssisəsinə gələn qonaqlar, elmi tədbirlərin iştirakçıları Şuşanın foto təsvirlərindən ibarət “molbert”ləri maraqla qarşılayır, tamaşa edir. Bu aksiya Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı silsilə tədbirlərə bir rəngarənglik, özünəməxsusluq qatır.

________________

İctimaiyyətlə əlaqələr

Paylaş: