18.03.2024 16:51
“Türk sivilizasiyasının dirçəlişi”
Mart ayının 18-də AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun təşkilatçılığı ilə “Türk sivilizasiyasının dirçəlişi” adlı beynəlxalq elmi konfrans keçirildi. Konfrans zalının qarşısında Novruz bayramı münasibəti ilə türk xalqlarının maddi mədəniyyət nümunələri, kitablar və müxtəlif əyani vəsaitlər sərgilənirdi.
Tədbirdə çıxış edən AMEA prezidenti, akademik İsa Həbibbəyli hər kəsi Novruz bayramı münasibəti ilə təbrik etdi, beynəlxalq konfransın təşkilinə görə Tarix və Etnologiya İnstitutunun direktoru, t.e.d, prof. Kərim Şükürova, institutun əməkdaşlarına təşəkkürünü bildirdi, bu tədbirin türk dünyasının birliyinin simvolu olduğunu, belə bir beynəlxalq konfransın keçirilməsi ənənəsinin daha da inkişaf etdirilməsinin, miqyasının genişləndirilməsinin vacibliyini vurğuladı.
Akademik İsa Həbibbəyli qeyd etdi ki, Novruz bayramı türklərin yaranış bayramıdır, tarix boyu müxtəlif dinlər, inanclar, xüsusi ilə islam dini Novruza təsir göstərmişdir. Novruz bayramının tarixi, bayramın mahiyyəti barədə fikirlərini açıqlayan AMEA prezidenti 32 ildən sonra Xocalıda, işğaldan azad olunmuş digər ərazilərimizdə Azərbaycan bayrağının dalğalanmasını, Novruz tonqallarının qalanmasını xalqımızın yüksək ruh yüksəkliyi və sevinclə qarşıladığını, yüksək qiymətləndirdiyini bildirdi: “Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpası Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən böyük tarixi xidmətidir”. Akademik İsa Həbibbəyli dedi ki, Novruz birliyin, bütövlüyün bayramıdır: “Harda birlik varsa, orada dirilik var. Novruz küsülüləri barışdıran, xoş enerji yaradan bayramdır, insanları birliyə, qurub-yaratmağa səsləyir”.
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, t.e.d., prof. K.Şükürov Novruz bayramı münasibəti ilə hər kəsi təbrik etdi. İnstitutun direktoru Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inaqurasiya mərasimində dediyi, “Türk dünyası bizim ailəmizdir” fikrini xatırladaraq, bu gün türk xalqları və dövlətlərinin dirçəliş dövrü yaşadığını, türk dövlətləri arasında siyasi, iqtisadi, sosial, elmi əlaqələrin gündən-günə genişləndiyini bildirdi.
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Türk xalqlarının tarixi və etnologiyası” şöbəsinin müdiri, t.e.d. Güllü Yoloğlunun moderatorluğu ilə davam edən elmi konfransda Elmira Yusifli (Tatarıstan) “Ümummilli lider Heydər Əliyevin Azərbaycan və Tatarıstan arasında dostluq əlaqələrinin inkişafında rolu”, tədbirə onlayn qoşulan Səadət Kərimli (İsveç) “Qərbi Avropada türk xalqları haqqında bilgilər və akademik yazılarda söyləm tərzi”, Bəxtiyor Karimov (Özbəkistan) “Ortaq türk dili və türk sivilizasiyasının inkişafında ortaq türk bitik yazı sistemini rolu”, Özkul Çobanoğlu (Türkiyə) “Türk kültürünün barışçı üzü: erkən dönəm qıpçaqlıq ideologiyası”, Güllü Qərənfil (Moldova, Qaqauz yeri) “Qaqauzlar və türk dünyası” və başqaları müxtəlif mövzularda çıxışlar etdilər.
_____________
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi