AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

"Tarixin bütün dövrlərində gizli tarix davam edir" - Professor Kərim Şükürovla müsahibə

19.03.2024 09:00

TARİX VƏ ETNOLOGİYA İNSTİTUTUNUN DİREKTORU, PROFESSOR KƏRİM ŞÜKÜROV: "XALQ ARASINDA TARİXLƏ BAĞLI DASTANLAR, AĞIZDAN-AĞIZA KEÇƏN YAZILMAMIŞ HEKAYƏTLƏR VAR - BUNLAR ŞİFAHİ TARİX ADLANIR"

Günümüzdə hər gün rastlaşıb, tez-tez işlətdiyimiz bir söz var - tarix. Söhbətə başlamazdan əvvəl bu sözün konkret mənası ilə maraqlandım və sosial şəbəkədə tarixin belə bir tərifinə rast gəldim: "Tarix - hadisələr ardıcıllığını, tarixi prosesi, təsvir olunan faktların obyektivliyini müəyyən etmək və hadisələrin səbəbləri haqqında nəticə çıxarmaq üçün keçmişlə bağlı bütün növ mənbələri öyrənən elmdir. Tarixi bilməyən insanlar keçmişin səhvlərini təkrarlamağa meyillidilər. Keçmişin səhvini təkrarlamamaq üçün keçmişi bilmək lazımdır. Tarix fənnini yaxşı bilmək hamımızın borcudur". Qərbdə "tarixin atası" Herodot sayılır, çünki ilk "Tarix" əsərinin müəllifidir. Nəzərə alsaq ki, bu qədim yunan tarixçisi e.ə.484-e.ə.425-ci illərdə (təqribən) yaşayıb, deməli, tarix bəşəriyyətlə birlikdə yaranıb. Əsrlər dəyişdikcə, ictimai formasiyalar bir-birini əvəz edib tarixdə qaldıqca, onları bizə çatdıran da tarixin özüdür. Nə qədər dəqiq, nə qədər düzgün, nə qədər qərəzli olduğu indiyədək suallar doğurur, çünki araşdırıldıqca məlum olur ki, sirlərlə doludur tarix. Necə ki, sovet epoxası dediyimiz dövr tariximizin çox gerçəklərini əlimizdən alaraq gizləməyə çalışıb. Müstəqilliyimizdən 33 il ötsə də, hələ də bilmədiklərimiz var. Amma tariximizin bütün gerçəkliyini incəliyinə qədər bilmək bu xalqın da haqqıdır. Türk-islam fəlsəfi fikrinin nümayəndələrindən olan Əbu Turxanın belə bir kəlamı var: "Tarix elm qiyafətinə girəndə yox, ancaq özünə oxşayanda həqiqətə daha çox yaxınlaşır". Və nə yaxşı ki, illərlə elm qiyafətində olan tariximizi artıq həqiqətə daha çox yaxınlaşdıran və bizlərə təqdim edən alimlərimiz var. Bugünkü şənbə qonağımız Azərbaycan tarixçisi, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, Dövlət Mükafatı laureatı, tarix elmləri doktoru, professor Kərim Şükürovdur.

- Gələcəyin alimi olacaq Kərim Şükürovu ərsəyə gətirən başlanğıcdan, yəni böyüdüyü ailədən başlayaq söhbətimizə...

- Demoqrafik tədqiqatlarla məşğul olduğumdan ailəni həmişə bu istiqamətə aid etmişəm. Çoxuşaqlı ailə modeli olan bir evdə doğulmuşam. Altı uşağın üçüncüsü mənəm. Atam ticarət və digər sahələrdə çalışan insan olsa da, mütaliəyə böyük marağı vardı. Evdə boş vaxtlarında onu həmişə əlində kitab görmüşəm. Azərbaycan ədəbiyyatı ilə yanaşı, dünya ədəbiyyatına böyük marağı vardı. Belə bir mühitdə böyüdüyümdən elə məktəb illərindən məndə kitaba güclü meyl yaranıb. Yadımdadır, rayon kitab mağazalarına gələn kitabların böyük əksəriyyətini mən alardım. Bu gün evində zəngin kitabxanası olanlardan biri də mənəm və o vaxtlardan bu günə çatan kitablarımın orada öz yeri indi də var. İnsanın bir fərd olaraq yetişməyində ailənin böyük rolu var və həmişə valideynlərimi böyük ehtiramla yad edirəm, onların fikirlərini, tövsiyələrini bu gün də bir əsas hesab edirəm.

- Mütaliəni çox sevsəniz də, tarixi seçmisiniz...

- Deməzdim ki, məni bu sahəyə güclü maraq, istək və ya bir örnək kimi gördüyüm nəsə gətirib, baxmayaraq ki, məktəb illərindən humanitar fənlərə böyük marağım olub. Bu marağı məndə yaradan müəllimlərimi indi də dərin hörmət hissi ilə anıram. Amma onu da vurğulayım ki, mən riyaziyyat təmayüllü sinifdə oxuyurdum və bu fənni də yaxşı bilirdim. Yeri gəlmişkən, onu da qeyd edim ki, yaxşı tarixçi olmaq üçün riyaziyyatı müəyyən qədər bilmək lazımdır. Açıq deyəcəyəm, o zaman rayon mühitində mövcud olan peşələr və sənətlər haqqında təsəvvürümüz az idi. İndiki kimi seçim və izləmə imkanımız olmayıb. Əksəriyyət daha çox ali məktəblərin prestijli fakültələrinə üz tuturdu. Onlar məni çox cəlb etmədiyindən, tarix sahəsini seçdim. Universiteti bitirdikdən sonra müəllim kimi fəaliyyətə başladım və bu sənətə vuruldum. Burada sənət sözünü təsadüfi işlətmirəm. Aspiranturada oxuyarkən tarixi tədqiqatlara başladım və tutduğum yolla bu gün də yürüyürəm.

- Müstəqillik dövrünə qədər postsovet məkanında müəyyən bir yol keçmisiniz, namizədlik işinizin müdafiəsi də həmin ərəfəyə təsadüf edir. O zamanlar sizə məlum olan Azərbaycan tarixinin həqiqətləri...

- Çox gərgin, ideologiyanın ağıla, məntiqə hökm etdiyi bir dövr idi. Obyektivliyə, hikmətə söykənməli ikən, bunlar sovet dövrünün xarakterik xüsusiyyətlərindən uzaq idi. Hələ orta məktəbdə oxuduğum illərdə Kommunist Partiyasının qurultaylarının qərarlarını öyrənib bilmək məcburiyyəti vardı. Orada qoyulan məsələlərin içərisində həyata keçirilməsi mümkün olmayan, subyektiv qərarlardan irəli gələn ideyalar da var idi və açıq etiraf edirəm ki, bunları hiss edirdim. Artıq tələbəlik illərində movcud vəziyyətlə oxuduqlarımız arasındakı fərqi daha aydın görürdük. Universitetdə təhsil aldığım beş il ərzində dinlədiyimiz mühazirələrdə Azərbaycan Xalq Cümhuriyyəti terminini eşitməyimi xatırlamıram. 1804-1813-cü illər əvvəllər Rus-İran müharibəsi adlanırdı, biz indi ona Rus-Azərbaycan müharibəsi deyirik, çünki əsas Azərbaycan xanlıqları ilə gedib döyüşlər. Rusiya imperiyası ilə mübarizə aparan xanlıqlar vardı - Cavad xan kimi. Bunların obrazları çox yanlış təqdim edilirdi tələbələrə. Azərbaycanın hər qarış torpağı uğrunda mübarizə aparan, qəhrəmanlıqla həlak olanlar haqqında doğru-dürüst məlumatlar verilmirdi. Ona görə ki, ideologiya üzərində qurulan tarix hər şeyi üstələyirdi. Sualda namizədlik işimi də vurğuladınız. Mənim dissertasiya işimin mövzusu Cənubi Azərbaycanla bağlı idi və bu, təsadüfi seçilməmişdi. Elmi rəhbərim professor Süleyman Əliyarlının da bu mövzunun seçilməyində böyük rolu olub. O zaman Cənubi Azərbaycanla bağlı ciddi tədqiqatlar aparmalı oldum. Cənubi Azərbaycan terminini işlətmək belə, çətin idi. Bu məsələlər dövrün çətinliklərindən olsa da, buna nail ola bilmişdik. Təbii ki, ideoloji və nəzəriyyə məsələləri yazılarımıza çox təsir edirdi, lakin ortada faktlar vardı. Tarix elminin ən gözəl xüsusiyyətlərindən biri də faktlardır. Çünki ardıcıl göstərilən faktların əlavə sübuta ehtiyacı qalmır.

- Yəqin ki, ideologiyanın tüğyan etdiyi dövrün təhrifləri digər postsovet ölkələrindən də yan keçməyib...

- Namizədlik işimin dissertasiyası Cənubi Qafqaza aid olduğundan həmin ərəfədə Gürcüstan və Ermənistan tarixini də dərindən araşdırmalı oldum. Çünki o zaman Cənubi Azərbaycandan insan axını olanda, kəsbkarlar Cənubi Qafqaza gələndə burada Azərbaycan, Gürcüstan, Ermənistan adlı dövlətlər yox idi, çarizmin tətbiq etdiyi inzibati-ərazi bölgüsü vardı. Ona görə də bu insanlar bütün Cənubi Qafqaz ərazisində yerləşib və mən də onların həyatını öyrənirdim. Bu baxımdan onları da tədqiq etmək lazım gəldi. Hər iki dövlətin də tarixində ciddi təhriflər olub. Rusiya işğalına qarşı Gürcüstanın müstəqillik uğrundakı mübarizəsinə sonralar sovet ideologiyası istədiyi donu geyindirə bilib. Ermənistan tarixi isə - bunu açıq şəkildə demək istəyirəm - Azərbaycan tarixi hesabına meydana gəlib. Onlar bu baxışdan istifadə edərək, öz tarixini qədimləşdirməyə çox cəhd göstəriblər. Tarixin təhrif olunma istiqaməti Azərbaycanda başqadır, gürcülərdə başqa. Ermənilər isə yalançı tarix istiqamətini özləri seçiblər. Azərbaycan torpaqlarında ermənilərin tarix yaratmağı ilə bağlı bir məqaləm də var. Onların tarixin "atası" hesab etdikləri Moisey Xorenatsi V əsrdə yalançı tarixin əsasını qoyub, sonralar bu, ideologiyaya çevrilib və sairə. Həmin dövrdən etibarən baş verən hadisələri, yəni onların Azərbaycan torpaqlarına köçməsi, yerləşdirilməsi proseslərini, burada dövlət yaratmaq kimi ideyalarını izləmişəm. Təbii ki, bu məsələdə rus imperiyasının böyük rolu olub.

- Daha dəqiq...

- XVIII əsrin əvvəllərində, I Pyotrun dövründə bunlar baş verib. Hazırda bir kitab üzərində işləyirəm. Arxiv materialları əsasında hazırlanan bu kitabda Naxçıvan və İrəvan xanlıqlarının işğalından sonra "Erməni vilayəti", Azərbaycan torpaqlarında 1918-ci ilin may ayında dövlət yaradılması kimi məsələlər öz əksini tapacaq. Yəni ermənilərdə daha çox bu yöndə təhriflər gedib. Hələ sovet dövründə Azərbaycan tarixçiləri ermənilərin təhriflərinə diqqəti cəlb edib. Bununla bağlı bir məqama da toxunmaq istəyirəm. Ermənistanda tarixə dair çıxan kitablarda Azərbaycan tarixinin təhrifi haqqında tarixçilərimizin resenziyaları ilə bağlı kitab çıxartdım. Kitabda mərhum akademik Ziya Bünyadov, görkəmli tarixçilərimiz Mikayıl Hüseynov, Məşədixanım Nemətova, fəaliyyətini bu gün də davam etdirən akademik Nailə Vəlixanlı və digər tarixçilərin ermənilərin əsərlərinə elmi rəyləri toplanıb. Həmin resenziyalarda onların Azərbaycan tarixininin fundamental məsələlərini əks etdirməyə çalışaraq, tariximizin müdafiəsinə qalxması, həqiqəti söyləməsi bu gün də maraq doğurur. Bütün bunlar tarixçilərimizin gördüyü dəyərli işlərdir.

- Gerçək tariximizin üzə çıxmamasında SSRİ-nin marağı...

- Tarixşünaslıq deyilən bir sahə var. Bu, tarixin tarixi ilə məşğul olmaq deməkdir. Bizim tarixşünaslığımız da gərgin inkişaf mərhələsi keçib. Əvvəllər bu sahənin Azərbaycan tarixinin öyrənilməsinə aid özünəməxsus istiqaməti olub. Sonra isə 70 il ərzində sovet dövrünün tarixi istiqamətində inkişaf etməyə başlayıb. O zaman "vahid sovet xalqı və ya dövləti" formalaşacaq deyə, şüarlar səsləndirilirdi. Bu baxımdan müttəfiq respublikaların dövlətçilik tarixinə, onların görkəmli xadimlərinə çox az diqqət yetirilirdi. Yalnız Rusiya ilə bağlı məsələr önə çəkilirdi ki, onların da çoxu təhrifə məruz qalırdı. Maraq isə yalnız ideoloji məsələlərə idi. Biz bəzən yazılan tarixi nəzərə alıb, onların əsasında araşdırma və tədqiqatlarımızı aparırıq. Amma unutmaq olmaz ki, xalq arasında tarixlə bağlı dastanlar, ağızdan-ağıza keçən yazılmamış hekayətlər, bayatılar var. Bunlar şifahi tarix adlanır. Bütün bunların kompleks şəkildə öyrənilməsinə böyük ehtiyac var. Sovet tarix elminin özü böyük faciəli yol keçib. Ötən əsrin 20-30-cu illərində bir sıra görkəmli sovet tarixçiləri repressiya olunub. 1923-29-cu illərdə Azərbaycanı öyrənən və tədqiq edən cəmiyyət fəaliyyət göstərib. O cəmiyyətdə olan tarixçilər də repressiyanın qurbanı olublar. Repressiya olunan elm adamları arasında tarixçilər daha çoxdur. Stalinin ölümündən sonra mülayimləşmə dövrünə keçidin özü də asan deyildi. Bunu xüsusi olaraq vurğulamaq istəyirəm. Həmin dövrdə Tarix İnstitutuna Əlövsət Quliyev rəhbərlik edib. Stalinin dövründə təhrif olunan Azərbaycan tarixindən yeni dövrə keçiddə onun rolu xüsusi əhəmiyyət kəsb edir.

- Yəqin Azərbaycan tarixinin həqiqətlərini bilmək bir tarixçi üçün çox gec olmayıb...

- Deyərdim ki, gec omayıb. Həqiqət axtarışı tarixin əbədi problemlərindən biri olaraq qalacaq. Tarixin bütün dövrlərində gizli tarix davam edir. Bəs gizlilik necə baş verir? Bir var axtardığını tapmaq olmur, yəni mənbəyi yoxdur, bir də var bu mənbə gizlədilir. Bir fakt söyləyim. 1937-ci ildə SSRİ-də əhalinin siyahıyaalınması keçirilir. O zaman Stalin elə hesab edirdi ki, sosializm quruculuğu genişləndikcə, əhalinin sayı artacaq. Lakin hesablananda əhalinin sayı az oldu. Buna görə də o zamankı Dövlət Statistika Komitəsinin rəhbərlərindən tutmuş ən sıravi işçilərinə qədər hamısı repressiya olundu və 37-ci il əhali siyahıyaalınması gizlədildi. 1980-ci illərin sonuna qədər heç bir kitabda həmin ilin əhali siyahıyaalınması haqqında məlumat olmayıb, yəni məlumat bilərəkdən gizlədilib. 1939-cu ildə yeni əhali siyahıyaalınması keçirilir və Stalin bu işi Beriyaya tapşırır. O da öz növbəsində sayı şişirdir. Sonra II Dünya müharibəsi başlayır, bu da sona qədər öyrənilmir. Bilirsiniz, bu halda mənbələr aşkar olmadığından tarix gizli qalır. Açıq bir söz deyim sizə, yerin üstü bizim tarixi və yazılı mənbələrimizlə nə qədər zəngindirsə, Azərbaycan maddi mədəniyyətilə yerin altı da bir o qədər zəngindir. Onlar üzə çıxdıqca Azərbaycan tarixinin yeni tərəflərini öyrənmək üçün bizə imkan yaranır...

- Müstəmləkəçiliyin kökü...

- XV əsrin sonu XVI əsrin əvvəllərində Avropada böyük coğrafi kəşflər baş verir. Avropa dövlətləri Şərqin də əldə etdiyi nailiyyətlər və maddi resurslar hesabına daha da inkişaf etmək və yeni torpaqlar ələ keçirmək uğrunda mübarizəyə başlayır. Beləliklə də, müstəmləkə rejimləri formalaşır. Öz tariximizə nəzər salaq. Azərbaycan Rusiya imperiyası tərəfindən işğal edilir. Azərbaycanın şimalında imperiya müstəmləkə rejimini qurur. Rejimin qurulması bir şərtdir, əsas onu qorumaqdır. Şimali Azərbaycan 116 il ərzində Rus imperiyasının tərkibində qalıb. Bu dövrün tarixinə nəzər saldıqda görürük ki, 116 ildə Azərbaycanda bir dənə də ali məktəb açılmayıb. Bakı Dövlət Universiteti Cümhuriyyət dövründə açılır. Milli mətbuat orqanlarının çıxmasına maneçiliklər yaradılıb. Daha sonra 1783-cü ildə rus imperiyası ilə Kartli və Kaxetiya çarlığı arasında Georgiyevsk müqavilsi imzalanır. Müqaviləyə əsasən gürcü zadəganlarının hüquqları rus zadəganları ilə bərabərləşdirilib. Lakin belə bir hüquq Azərbaycan bəylərinə və ağalarına verilmədi. Yəni rus imperiyasının müsəlman ölkəsi olan Azərbaycanda qurduğu müstəmləkəçi rejim xristian ölkələri ilə müqayisədə daha kəskin idi. Ona görə də müstəmləkəçiliyin özü də müxtəlif rakurslardan öyrənilməlidir. Xalqı tarixdə yaşadan onun mövcud rejimə qarşı mübarizəsidir. 1826-cı ildə Azərbaycanda hələ tam bərqərar olmamış rus müstəmləkəsinə qarşı üsyan baş verir, buna tarixdə Ümummüsəlman üsyanı deyilir. 1830-cu ildə üsyanların yeni dalğası baş verir, ardınca qaçaqçılıq hərəkatı meydana gəlir. Yəni Azərbaycan xalqı müstəmləkə rejimilə heç zaman razılaşmayıb və mübarizəsini aparıb. Tariximizin aparıcı xəttı bax, elə budur.

- Tarixən iki din daima üz-üzə dayanıb - İslam və xristian...

- İslam çox mütərəqqi dindir. Xristianlığa nisbətən gec yaranan İslam dini meydana gələndə, faktiki olaraq özünə qədər olan dünya dinlərinin bütün dəyərləri birləşdirə bildi, tezliklə yayılmağa başladı və xristian dünyası tərəfindən düşməncəsinə qarşılandı. Xaç yürüşləri bunun nümunələrindən biridir. Tarixə nəzər salsaq, İslam dövlətlərinin din pərdəsi altında xristian dövlətlərinə qarşı yürüşlər təşkil etdiyi faktına rast gələ bilmərik. Yəni İslamın meydana gəlməsi, formalaşması, inkişafı özünəməxsus yola malikdir. İslamın tarixinə və bu gününə qarşı çevrilmiş bir hərəkat da formalaşıb - islamofobiya. Lakin düşünürəm ki, bu iki din arasında münasibəti kəskinləşdirmək əvəzinə, qarşılıqlı anlaşmaya söykənmək daha doğrudur. Azərbaycan tarixən multikultural bir dövlət olub və günümüzdə bu ənənə multikulturalizm siyasətinə çevrilib.

- Lakin tarixdə Azərbaycan xanlıqları birlik ola bilmədi...

- Tariximizin əsas xətti Azərbaycanın dövlətçilik tarixidir və bunun öyrənilməsinə ehtiyacımız var. Hər bir xalqın inkişafında dövlətin rolu böyükdür. Qeyd etdiyiniz xanlıqlar Azərbaycan tarixinin müəyyən bir dövrünü əhatə edir. Xanlıqların yaranması dövrü əsasən eyni olub və bu, Nadir şahın qətlindən sonra genişlənib. Xanlıqların tarix səhnəsini tərk etməsinin vaxtı isə fərqli olub. Gəncə işğal olunandan sonra imperiya Gəncə xanlığını ləğv edir. Ardınca Qarabağ, Şəki, Şirvan xanlıqları ilə müqavilə imzalanır. Bakı xanlığı Rusiya imperiyasına müqavimət göstərdiyi üçün ləğv edilir, Quba xanlığı isə bir başqa. Sonda müqavilə bağladığı xanlıqları da imperiya özü ləğv edir. Tariximizin bu dövründən danışanda xanlıqlar arasındakı çəkişmələr, vahid bir istiqamətin olmaması daha çox qabardılır. Burada müəyyən həqiqətlər var. Lakin xanlıqlar dövründə taleyüklü proseslər də olub. Həmin dövrdə Azərbaycan torpaqlarının birləşməsi uğrunda mübarizə gedir. Fətəli xanın dövründə Azərbaycan torpaqlarının böyük bir hissəsi birləşdirilir də. Buna bəzən Şimal-Şərqi Azərbaycan dövləti də deyirik. Rusiyanın bölgəyə müdaxiləsi və digər qüvvələrin meydana çıxması qəsdən bu tarixi perspektivin qarşısını alır. Ona görə ki, geopolitik nöqteyi-nəzərdən heç bir dövlət istəmirdi ki, onun qonşuluğunda güclü dövlət formalaşsın. Xanlıqlar dövrünün tarixi-coğrafi ərazisi müəyyən istisnalarla, Azərbaycanın tarixən formalaşdığı coğrafi ərazini özündə əks etdirib. Burada etnik və siyasi sərhədlərin üst-üstə düşdüyünü də görmək olur. Xanlıqlar dövrü öz məntiqi sonluğuna çatmadığı üçün həmin dövrə baxışlarımız belə formalaşıb. Ona görə də bu dövrdən danışanda xanlıqların müsbət tərəfləri də nəzərə alınmalıdır.

- Ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi siyasətinin adı...

- Səbəblər çoxdur... Əsas səbəblərdən biri Rusiya imperiyasının Cənubi Qafqazda özünə etno-siyasi dayaq yaratmaq istəyi olub. Burda həm etnik, həm siyasi, həm din məsələləri öz əksini tapıb. İmperiya müsəlman ölkəsinə sona qədər inanmırdı. Bu məqsədlə də bölgədə əsas ağırlıq mərkəzini ermənilərin üzərinə yönəldirlər. Söhbət əsnasında qeyd etdiyim I Nikolayın "Erməni vilayəti" yaratmaq siyasəti haqqında kitab yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq. 1828-1840-cı illəri əhatə edən bu qısa dövrdə mühüm məsələlər ortaya çıxır. Çar Rusiyası tarixi torpaqlarımız olan İrəvan və Naxçıvan xanlıqlarını erməniləşdirməyə çalışır və bu siyasəti yeridir. Xanlıqlarla bağlı sualda bildirdiyim fikrə yenə qayıtmaq istəyirəm. Biz bəzən mütərəqqi məsələləri unuduruq, daha çox qabardılanları vahiməli bir qüvvəyə çeviririk, öz tarixi rolumuzu görə bilmirik. 1837-ci ildə çar I Nikolay Qafqaza səfəri çərçivəsində İrəvana gəlir və Sərdar sarayında onun şərəfinə ziyafət verilir. Bu zaman bayırdan böyük səs-küy eşidilir. İmperator məsələnin nə olduğu ilə maraqlanır. Ona yanlışlıqla deyilir ki, əlahəzrəti salamlamağa gələn insanların səsidir. I Nikolay təbii ki, buna inanmır. Yaxın ətrafından birini məsələni öyrənmək üçün göndərir. Məsələnin nə yerdə olduğunu soruşanda insanlar deyirlər ki, çara ərzimiz var, elə bu şəkildə Azərbaycan dilində deyirlər, yəni istəklərini çəkinmədən açıq şəkildə bildiriblər. Bəs ermənilər nə edib? İmperatorun haradan keçəcəyi yolu bilərək orada tonqallar qalayıb və əllərində ütülmüş xoruzlarla dayanıblar. Çarın fikrini tonqallarla cəlb edərək özlərinin burada yerli idarəçilər tərəfindən xoruz kimi yonulduğuna işarə etməyə çalışıblar. Bir misal da deyim. İndiki terminlə desək, o zaman Naxçıvanın lideri olan general-mayor Ehsan xan Naxçıvanskini götürək. Onun fəaliyyəti "Erməni vilayəti"nin dağılmasında və I Nikolayın bu siyasətdən əl çəkməsində çox böyük rol oynayıb. Hətta iş o yerə çatıb ki, çarın göstərişilə yerli hadisələrdən uzaq olmaq üçün Ehsan xan Naxçıvanskini xüsusi olaraq Peterburqa dəvət etmişdilər. Bu o deməkdir ki, Azərbaycan xalqı ona qarşı olan ərazi iddiaları ilə, etnik təmizlənmələrlə heç zaman barışmayıb. Bütün bunlar tariximizin aparıcı xəttidir və hamısını nəzərə almalıyıq. O ki qaldı erməni faktorundan Azərbaycana qarşı istifadə etməkdən, bunun tarixi ənənəsi var. Bu da Azərbaycan dövlətinin və xalqının inkişafının qarşısını almaqdan ibarətdir. Bütün bunların davamını biz 44 günlük müharibə və ondan sonrakı hadisələrdə əyani olaraq gördük.

- 44 gündən danışmamaq olmaz...

- Biz bu məsələnin xüsusi tədqiqatını apardıq. Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə "Vətən müharibəsinin tarixi: şəxsiyyət faktoru" adlı kitab yazdıq. Kitab artıq səkkiz dilə tərcümə edilib. Bu günlərdə Çin dilinə tərcümənin təqdimatı olub. İkinci Qarabağ müharibəsi, ondan sonrakı hadisələr elmi şəkildə tədqiq olunub. Vətən müharibəsinə qədər ölkə başçısı dəfələrlə bu məsələyə diqqəti cəlb edib, irəli sürdüyü tələblər olub. Lakin qarşı tərəf bunları yerinə yetirmədi. Yenə də ölkə Prezidentinin sözlərilə desək: "Böyük müharibə qaçılmaz idi". Buna mənəvi cəhətdən xalqımızın böyük ehtiyacı var idi. Dünya müharibələri tarixində Azərbaycanın 44 günlük savaşı xüsusi yer tutur.

- Dövlət bu ağır yükü gələcək nəsillərin daşımasına imkan vermədi. Yəqin ki, onlar bir daha bu problemlə üz-üzə qalmaz...

- Bunu "hə" və ya "yox" deyə, cavablandıra bilmərik. Lakin düşünürəm ki, bu məsələ milli ideologiyanın ən mühüm istiqamətlərindən biri olmalıdır. Yəqin ki, eşitmisiz belə bir deyim var: "Tarixdən çıxan nəticə odur ki, heç kim tarixdən nəticə çıxarmır". Düşünürəm ki, bu deyimin yanlış olduğunu sübut etməliyik. Yeni nəsil yetişib və onların qazandıqları bütün yeniliklər Azərbaycana xidmət etməlidir. Bunun üçün mükəmməl təhsilimiz, tariximizə aid mükəmməl dərs vəsaitlərimiz olmalıdır. Bəzən bu vəsaitlərə görə bizlər də tənqid olunuruq. Təbii ki, bunu nəzərə alaraq, müasir çağırışlara cavab verməliyik. Azərbaycan öz tarixinin yeni dövrünə qədəm qoyub. Bununla da Azərbaycan cəmiyyətinin hər bir üzvünün, o cümlədən tarixçilərin də üzərinə mühüm vəzifələr düşür. Tarix təkcə keçmiş deyil. Biz keçmişə baxıb gələcəyimizin perspektivi üçün nəticə çıxarmalıyıq. Bunun üçün keçmişimizin, tarixi inkişafımızın salnaməsini yaratmalıyıq.

Mənbə:525-ci qəzet // https://525.az/.../256039-tarixin-butun-dovrlerinde-gizli...

Paylaş: