AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

AMEA-da 27 Mart – Elm Günü təntənəli şəkildə qeyd olunub

29.03.2024 12:20

Tarix və Etnologiya İnstitutunun direktoru, t.e.d., prof. Kərim Şükürov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına layiq görülüb

Martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasının Dairəvi zalında Elm Günü münasibətilə “Elm Günü və Günün elmi: humanitar tədqiqatlar və süni intellekt” mövzusunda təntənəli tədbir keçirilib. Tədbirdən öncə Xalq rəssamı akademik Ömər Eldarovun fərdi heykəltəraşlıq sərgisinə AMEA loqosunun eskizləri sərgisinə baxış olub.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Elm Günü və Günün elmi: Humanitar tədqiqatlar və süni intellekt” mövzusunda giriş nitqi dinlənilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli bu əlamətdar günün ölkəmizdə geniş qeyd olunduğunu söyləyib. Akademik İsa Həbibbəyli “Heydər Əliyev İli”ndə AMEA-da görülən genişmiqyaslı işlərdən də danışıb, Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərini əks etdirən 50-dən çox fundamental monoqrafiya və sanballı nəşrlərin ərsəyə gətirildiyini söyləyib. Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış konsepsiyasından irəli gələrək həyata keçirilən işlərdən də bəhs edən akademik İsa Həbibbəyli AMEA-da Qərbi Azərbaycan Tədqiqatları Əlaqələndirmə Şurasının təşkil olunduğunu, Tarix və Etnologiya İnstitutunda Qərbi Azərbaycan tarixi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru, Dilçilik İnstitutunda Toponimika şöbələrinin yaradıldığını diqqətə çatdırıb.

Struktur islahatlarından danışan AMEA prezidenti Tarix İnstitutunun bazasında Tarix və Etnologiya İnstitutunun, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əsasında Arxeologiya və Antropologiya İnstitutunun təşkilinin Akademiyada yeniləşmə proseslərinin mühüm hadisələrindən olduğunu deyib. Bundan əlavə, müasir tələblərə uyğun olaraq Tarix və Etnologiya İnstitututunda “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı”, “Türk xalqlarının tarixi və etnologiyası” və s. şöbələrin yaradıldığını bildirib.

Akademik İsa Həbibbəyli yeniləşən Akademiyada aparılan islahatlar içərisində elektron hərəkatın xüsusi yer tutduğunu, elmmetrik hesablamaların aparılması, AMEA alimlərinin əsərlərinə istinadların müəyyən edilməsi üçün beynəlxalq elmi bazalarda profillər yaradılması, elmi jurnalların elektron bazasının qurulmasının həyata keçirilməsi üçün “Elektron Akademiya” şöbəsinin yaradıldığını vurğulayıb. Eyni zamanda şöbənin əməkdaşları tərəfindən MDB məkanında ilk dəfə, Türk dünyasında isə TÜBİTAK-dan sonra məhz ölkəmizdə Virtual Elektron Resurslar Sisteminin yaradıldığını deyib.

Akademik İsa Həbibbəyli bildirib ki, 44 günlük Vətən müharibəsində, eləcə də antiterror tədbirləri zamanı xalqımıza böyük qələbələr bəxş etmiş və Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltmış Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti alimlərimiz ürəkdən dəstəkləyir, dövlət başçısının qarşıya qoyduğu mühüm vəzifələri məsuliyyətlə yerinə yetirirlər.

Sonra ölkə başçısının 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülmüş alimlərə mükafatları təqdim olunub.

A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, t.e.d., prof. Kərim Şükürov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb.

Daha sonra elmi fəaliyyətində fərqlənən alimlərə Azərbaycan Ağsaqqallar Şurasının Döş nişanı və Fəxri fərmanları, AMEA-nın Fəxri fərmanları təqdim olunub. A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdirləri-akademik Nərgiz Axundova, t.e.d., prof. Şahin Fərzəliyev, t.e.d. Ədalət Qasımov, aparıcı elmi işçi, t.ü.f.d., dos. Tofiq Babayev mükafatlara layiq görülüblər.

Tədbir çərçivəsində “Xalq rəssamı, akademik Ömər Eldarovla dialoq: sənət dünyası və gələcəyə baxış” mövzusunda dialoq təşkil olunub, rəssamın həyat və fəaliyyətini əks etdirən “Hələ axşam deyil” sənədli filmi nümayiş etdirilib.

Tədbirdə Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman elmlə təhsilin vəhdətinin vacibliyini vurğulayaraq, Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının tarixi hadisə olduğunu bildirib. O, alimləri və gənc tədqiqatçıları Qarabağ Universiteti ilə əməkdaşlığa dəvət edib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa AMEA-nın Azərbaycan xalqının intellektual potensialının formalaşmasında, onun sosial-ictimai tərəqqisində mühüm rol oynayan qurum olduğunu deyib. O, dünya elminin çağırışlarına cavab verən elmi tədqiqatlara üstünlük verməyin, Azərbaycan elmini beynəlxalq elmi tələblərə uyğunlaşdırmağın vacibliyini qeyd edib. Çıxışlardan sonra akademik Yusif Məmmədəliyev haqqında film nümayiş etdirilib.

________________

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Paylaş: