01.04.2024 11:29
1918-ci ilin əvvəllərində Azərbaycanın bölgələrində vəziyyət mürəkkəb olaraq qalırdı. Bakı şəhəri və eləcə də Zəngəzur və İrəvan bölgələri istisna olmaqla (Naxçıvanda proseslər bir qədər fərqli şəkildə inkişaf edirdi – K.İ.) Şimali Azərbaycanın əksər əraziləri milli qüvvələrin nəzarəti altında qalmaqda idi. Bu isə bütün Cənubi Qafqazı ələ keçirməyə can atan Rusiyanın bolşevik hakimiyyətinin və onun Bakıdakı təmsilçisi roluna iddia edən Bakı Sovetinin planlarına ciddi təhlükə yaradırdı. Belə şəraitdə Bakı bolşevikləri bütün anti-Azərbaycan qüvvələri, xüsusən erməni-daşnak birləşmələrini səfərbər edərək Azərbaycanın milli hərəkatını və onun aparıcı qüvvəsi olan Müsavat Partiyasını məhv etmək üçün 1918-ci ilin mart ayının sonu – aprel ayının əvvəllərində kütləvi qırğınlar törətdilər. Bakı şəhərində azərbaycanlıların soyqırımını törədən bolşevik-daşnak qüvvələri öz hakimiyyətlərini Azərbaycanın bölgələrinə də yaymaq niyyəti ilə fəal hərəkətə keçdilər.
Bakıdan sonra bolşevik –daşnak hücumlarının ilk ünvanı Şamaxı şəhəri və qəzası oldu. Onlar bu bölgəyə bütün Azərbaycanı ələ keçirmək üçün bir plasdarm kimi baxırdılar. Buna görə də qəzanın tezliklə ələ keçirilməsi üçün onun erməni və molokan əhalisini silahlandırılmağı qərara almışdı. Həmin dövrdə Şamaxı qəzasında 229 kənd var idi ki, bu kəndlərdən 196-da azərbaycanlılar, 21-də ermənilər, 11-də rus və molokanlar, 1-də isə yəhudilər yaşayırdılar. Şamaxı şəhəri də daxil olmaqla, kəndlərlə birlikdə, bütövlükdə, Şamaxı qəzasının əhalisi 161552 nəfər idi. Bunun da 72,9 faizini (117706 nəfər) müsəlmanlar, 13,78 faizini (22350) ermənilər, 12 faizini (19393) molokanlar, 1,32 faizini isə Qafqaz dağlıları və yəhudilər təşkil edirdi.
Şamaxı qəzasını ələ keçirmək üçün Bakı sovetinin bolşevik-daşnak rəhbərliyi buraya külli miqdarda silah-sursat göndərmişdi. Bunu həmin dövrün materialları və şahid ifadələri də təsdiq edir. S. Şaumyan RSFSR XKS-ə göndərdiyi 13 aprel 1918-ci il tarixli məktubunda Şamaxıya artilleriyanın və pulemyotların onun göstərişi ilə göndərildiyini təsdiq edir. Bundan əlavə olaraq mart ayının ortalarında Bakı Soveti Şamaxıya ermənilərdən ibarət 2 min nəfərlik hərbi dəstə və 60 araba silah da göndərmişdi.
Ə.Xasməmmədovun Zaqafqaziya Komissarlığına göndərdiyi teleqramda bildirilirdi ki, martın 18-də bolşeviklər Bakıdan 2 min yaxşı silahlanmış, artilleriya və pulemyotlara malik dəstə göndərmiş və dəstə öz yolu üzərindəki 15 müsəlman kəndini məhv etmiş, Şamaxı şəhərini isə dağıtmışdı. Martın sonlarında isə S.Lalayevin başçılığı ilə daha bir dəstə Şamaxıya gələrək burada qurbanlarının sayına və üsullarına görə daha dəhşətli qırğınlar törətdi.
Şamaxı müsəlmanlarının dəhşətli soyqırımına məruz qalmalarını rus, hətta erməni millətindən olan şahidlər (N. Asriyants) öz xatirələrində etiraf etmişlər. Dörd gün davam etmiş erməni talanları ərzində şəhərin ən abad və zəngin hissəsi olan “Piran-Şirvan” məhəlləsi tamamilə dağıdılmış, 14 məscid, o cümlədən Qafqazın ən qədim məscidi olan 800 illik Cümə məscidi yandırılmışdı. Fövqəladə Təhqiqat Komitəsinin heç də tam olmayan hesablamalarına görə, təkcə Şamaxı şəhərində ermənilər tərəfindən 10 min insan öldürülmüş, şəhər tamamilə dağıdılmışdı. Qəzanın 110 müsəlman kəndi yandırılmış və talan edilmiş, 10 min nəfərdən artıq müsəlman öldürülmüşdü. FTK-nın materialları Şamaxı hadisələrində qəzanın molokan əhalisinin ermənilərin tərəfində iştirakını da tam təsdiq edir. Molokanlar ermənilərin şəhərə hücumlarını nəinki dəstəkləmiş, elə özləri müsəlman kəndlərini dağıtmış, onların əhalisinə divan tutmuşlar. 24 kəndin sakinlərinin təsdiq etdiklərinə görə bu kəndlərə erməni-molokan birləşmiş qüvvələri, 4 kəndə isə ancaq molokan dəstələri hücum etmişdilər. Xüsusən Əngəxaran sakinlərinə qarşı molokanlar dəhşətli zorakılıqlar törətmiş, kəndi yandırmış və talan etmiş, yüzdən çox müsəlmanı öldürmüş, qalanlarını Mədrəsədə ermənilərə təhvil vermişlər. İvanovka kəndinin molokanlarının Şamaxı hadisələrində nisbətən neytral mövqeyinə gəldikdə isə bunu o zaman Göyçay qəzasının tərkibinə daxil olan bu kəndin Şamaxı hadisələrinin episentrindən uzaqda, Azərbaycan kəndləri ilə əhatədə yerləşməsi və buna görə də onların mümkün intiqamlarından çəkinmələri ilə izah edilə bilər. Bütövlükdə, Şamaxı qəzasında 22295 nəfər öldürülmüş, 276 nəfər ağır yaralanmışdı.
Şamaxı qəzasını ələ keçirdikdən sonra daşnak və bolşevik dəstələri Göyçay qəzasına doğru hərəkət etmiş, burada da kütləvi vəhşiliklər törətmişlər.
Göyçay qəzasının müsəlman əhalisinə qarşı zorakılıqların növbəti mərhələsi 1918-ci ilin iyununda Qafqaz Qırmızı ordusunun Gəncə istiqamətində hücumu zamanı baş verdi. Qəzanın digər kəndləri, xüsusən dəmir yolu boyunca yerləşmiş stansiya və məntəqələr çox dağıntılara məruz qalmışdı. FTK-nın materiallarına görə bu qəzada 8 kənddə 119 nəfər öldürülmüşdü.
1918-ci ilin martın sonunda Bakıdan “Evelina” gəmisində Lənkərana yola düşən müsəlman alayının heyətinin tərk-silah edilməsi ilə başladıqları soyqırımı erməni-bolşevik qüvvələri digər bölgələrdə olduğu kimi, Lənkəran-Muğan bölgəsində də davam etdirmiş, yerli müsəlman əhaliyə amansız divan tutmuşdular. Çox təəssüf ki, Azərbaycan tarixçiləri indiyə qədər Bakıda 1918-ci ilin martında baş vermiş soyqırımı hadisələri ilə Azərbaycanın cənubunda cərəyan etmiş proseslər arasında birbaşa əlaqənin olduğunun fərqinə varmayıblar. Tarixçilər “Evelina” gəmisində Lənkərana getməyə hazırlaşan bir qrup müsəlman zabitinin tərk-silah edilməsini azərbaycanlıların soyqırımına başlamaq üçün bəhanə olduğunu göstərirlər. Lakin bu bəhanənin nə üçün məhz martın sonunda, özü də Lənkərana gedən bir qrup müsəlman zabitinə qarşı törədildiyinin (əslində, bu, bəhanə deyil, planlaşdırılmış hərbi aksiya idi) səbəbini göstərmirlər. Bakı Sovetinin bolşevik-daşnak rəhbərliyinin “Evelina” gəmisinin tərk-silah edilməsi haqqında qərarının qəbul edilməsinə Lənkəran-Muğan bölgəsində baş verən hərbi proseslər haqqında məlumatlar və oradan anti-Azərbaycan qüvvələrin müraciətləri də əsas rol oynamışdı.
Şaumyan və onun ətrafı üçün Lənkəran bölgəsi mühüm strateji əhəmiyyət kəsb edən bölgə idi və bu bölgənin əldə saxlanılması aclığın hökm sürdüyü Bakıdakı hakimiyyət üçün ölüm-dirim məsələsi idi. Bunu Şaumyanın Moskvaya göndərdiyi məktublar da təsdiq edir. Ona görə də Şaumyan Lənkəran bölgəsində siyasi-ideoloji baxımdan bolşevizmə yad olan istənilən anti-Azərbaycan qüvvəni (onlar arasında sağ eserlər, ağqvardiyaçılara rəğbət bəsləyənlər, hətta monarxistlər belə var idi – K.İ.) müdafiə etməyi və ona yardım göstərməyi təmsil etdiyi qüvvələrin maraqları üçün yolverilən, məqbul hesab edirdi. Ona görə də Bakıdan azərbaycanlıların kifayət qədər böyük bir silahlı dəstəsinin bolşevik-daşnak hakimiyyətinin də taleyinin həll olunduğu müharibə zonasına (qeyd edildiyi kimi, Lənkəran qəzasının şimalında Bakıya yol açmağa çalışan milli qüvvələrlə “rus maraqlarının” ifadəçiləri olan qüvvələr arasında əsl müharibə gedirdi – K.İ.) buraxılması Şaumyan üçün bağışlanılmaz səhv olardı. “Evelina” gəmisini saxlamaqla Bakı Sovetinin rəhbərliyi cənubda gedən mübarizənin də taleyini həll etmiş oldu.
Əlbəttə, başqa məsələdir ki, Lənkərandakı müsəlman diviziyasının 50-yə yaxın zabiti tamamilə məsuliyyətsiz hərəkət edərək öz komandirlərinin dəfnində iştirak etmək üçün kollektiv şəkildə döyüş bölgəsini tərk etmiş və faktiki olaraq cinayət törətmişdilər. Bu məsuliyyətsizlik isə ağır nəticələrə gətirib çıxarmışdı. Lənkəran qəzasında müsəlmanlara divan tutulmasında Bakıdan göndərilmiş ermənilər xüsusi rol oynamışlar. Bunu müasir rus müəllifləri T. Yermolenko və O. Morozova da etiraf edirlər.
Bəzi mənbələrə görə, təkcə Lənkəran şəhərində 300-ə yaxın müsəlman öldürülmüşdü. Bu hadisələrdən sonra Lənkəranda hakimiyyət antimilli qüvvələrin əlinə keçmiş, burada Sovet hakimiyyəti orqanları – HİK, İnqilabi Müdafiə Komitəsi, Fəhlə, Əsgər Deputatları Sovetinin İcraiyyə Komitəsi, milis yaradılmışdı.1918-ci il aprelin 25-də Bakıda Xalq Komissarları Soveti yarandıqdan iki gün sonra Lənkəran qəzasında da HİK-nin qərarı ilə eyni adlı hakimiyyət qurumu təşkil edildi. Lakin, Bakıdan fərqli olaraq burada əsas yeri bolşeviklər deyil, eserlər tutdular.
Bakıdan Cavad qəzasına göndərilmiş silahlı dəstələr aprelin 24-də Salyan şəhərini ələ keçirərək burada Sovet hakimiyyətinin qurulduğunu elan etdilər. Aprelin son ongünlüyündə qəzanın əksər kəndlərinin əhalisi daşnak-bolşevik dəstələrinin vəhşiliklərinə məruz qaldı. Ermənilər 200 evdən və 500 sakindən ibarət olan Ərəbşahverdi kəndinin 37 sakinini xüsusi amansızlıqla öldürmüş, Hilə-Mirzəli kəndinin 28, Bəydilli kəndinin 30, Ərəb Qardaşbəyli kəndinin 33, Aşağı Surra kəndinin 13 sakinini qətlə yetirmişdi. FTK-nın topladığı materiallara əsasən, Cavad qəzasında daşnak-bolşevik qüvvələri tərəfindən 30-dan çox kənd soyqırımına məruz qalmış, 157 nəfər xüsusi amansızlıqla öldürülmüşdü.
Bakı Sovetinin rəhbərliyi Quba qəzasını ələ keçirmək və Şimali Qafqazla əlaqələri bərpa etmək üçün buraya D. Gelovaninin rəhbərliyi altında xüsusi döyüş dəstəsi və zirehli qatar göndərmişdi. Aprelin 10-da (yeni stillə aprelin 23-də) Qubaya gələn Gelovaninin silahlı təhdidləri altında şəhərin sakinləri məcburən Sovet hakimiyyətini tanıdıqlarını bildirmiş, Gelovani isə özünü qəza komissarı elan etmişdi. Bir neçə gündən sonra Qubaya poruçik Ağacanyanın (Oqonozovun) başçılığı altında əsasən ermənilərdən ibarət daha bir dəstə göndərilmişdi. Buna baxmayaraq Bakıdan gəlmiş işğalçı qüvvələr yalnız Quba şəhərində, Xaçmaz, Yalama və dəmiryolu boyu əraziləri nəzarətdə saxlayırdılar. Qəzanın əksər əraziləri milli qüvvələrin əlində idi. Aprelin 16-da (yeni stillə aprelin 29-da) Zizikskinin başçılığı ilə tərkibində keçmiş türk əsirlərin də olduğu yerli könüllü dəstələr və Dağıstandan onların köməyinə gəlmiş süvarilər Qusar tərəfindən Quba şəhərinə hücuma keçərək, bolşevik-daşnak qüvvələrini şəhəri tərk etməyə məcbur etdilər.
Quba əhalisinə divan tutmaq üçün Şaumyan bu dəfə Hamazaspın başçılığı ilə daha böyük silahlı dəstə göndərməyi qərara aldı. Məhz S. Şaumyanın göstərişi və HİK-nin sədri Q. Korqanovun əmri ilə Hamazaspın komandanlığı altında 2 minlik cəza dəstəsi Qubaya göndərilərək azərbaycanlılara qarşı növbəti soyqırımı aktı həyata keçirdi. Şaumyandan şəxsən göstəriş alan Q. Korqanov Hamazaspın dəstəsinin yalnız daşnak partiyasının üzvlərindən təşkil olunması, onların pulemyot və toplarla təchiz edilməsi barədə tapşırıq vermişdi.
Hələ Quba şəhərinə çatmamış erməni quldur dəstələri yol boyunca dinc əhalinin yaşadığı kəndləri yandıraraq dağıtmağa başlamış, kütləvi qırğınlar törətmişdilər. Qubaya silahlı müdaxilə etmiş Hamazaspın rəhbərlik etdiyi daşnak silahlı birləşmələrinin dinc əhaliyə təcavüzü nəticəsində Quba şəhəri tamamilə dağıdılmış, 2800 türk-müsəlman öldürülmüşdü. Qəzanın 168 kəndi ermənilər tərəfindən dağıdılmış, 1361 nəfər dinc sakin öldürülmüşdü. FTK-nın verdiyi məlumatlara əsaslanaraq bütövlükdə Quba qəzası üzrə 4261 nəfər müsəlmanın öldürüldüyünü, əhaliyə 186.621.059 rubl maddi ziyan vurulduğunu göstərmək olar.
FTK müəyyən obyektiv və subyektiv səbəblərdən Quba qəzasında baş vermiş faciəni müfəssəl şəkildə araşdıra bilməmişdir, ona görə də onun təqdim etdiyi rəqəmlər heç də tam deyildir. Lakin sənədlərdə öz əksini tapmış rəqəmlər belə Quba bölgəsində dinc əhaliyə qarşı törədilmiş soyqırımın miqyasını tam təsəvvür etməyə imkan verir.
Bakı şəhərində və Bakı quberniyasında dinc müsəlmanların ermənilər tərəfindən soyqırımına məruz qalmaları Azərbaycanın bölgələrində dərin hiddət doğurmuşdu.
1918-ci ilin mart-aprel ayları ərzində Bakı şəhərində və quberniyasında azərbaycanlı əhalinin soyqırımını həyata keçirmiş erməni-bolşevik dəstələri Bakı, Şamaxı, Lənkəran, Quba, Cavad qəzalarını və Dağıstan vilayətinin xeyli hissəsini ələ keçirərək, bu bölgələrin müsəlman əhalisinin kütləvi qətliamını törətdilər. Ələ keçirdikləri ərazilərdə Bakı XKS öz səlahiyyətli nümayəndələrini – komissarları təyin etmişdi. XKS-nin dekretləri ilə bütün qəzalarda köhnə hakimiyyət orqanları ləğv edilərək yeni sovet orqanları yaradılmışdı. Sovet hakimiyyətini möhkəmlətmək və ən əsası müsəlman kəndlilərini öz tərəfinə çəkmək üçün ələ keçirilmiş qəzalarda kəndli qurultayları keçirildi və bolşeviklərin aqrar proqramı təbliğ edildi.
Bakı quberniyasında öz məqsədlərinə nail olan bolşevik-daşnak güruhu tez bir zamanda bütün Azərbaycanda və Cənubi Qafqazda, xüsusən Gəncədə hаkimiyyəti ələ keçirmək niyyəti güdürdü. Bunun üçün qərb istiqamətində hücum planı da hazırlanmışdı. Bu planı siyasi-ideoloji cəhətdən əsaslandırmaq üçün Şaumyan mifik “türk, müsəlman təhlükəsi”ni qabardır və göstərirdi ki, bolşeviklər dözümsüzlük göstərib hücuma keçməsəydilər və onlar (Azərbaycanın milli qüvvələri - K.İ.) Bakıda üstün gəlsəydilər, şəhər Azərbaycanın paytaxtı elan edilərdi, bütün qeyri-müsəlman ünsürləri tərk-silah edib qırardılar.
Şaumyan Leninə yazdığı 23 iyun 1918-ci il tarixli məktubda təəssüflə bildirirdi ki, biz Bakıdakı vətəndaş müharibəsindən sonra az qüvvə ilə Gəncəyə hərəkət etmiş olsaydıq daha yaxşı olardı. Onda vəziyyət çox yüngül idi. O bildirirdi ki, hələ 1918-ci ilin yanvarında Gəncəyə hücum edilməli idi. O zaman Azərbaycan milli qüvvələrinin Türkiyə ilə əlaqələri zəif idi. Və Gəncəni cəbhədən qayıdaraq Bakıda toplaşmış rus alaylarının köməyi ilə almaq olardı.
Bolşeviklər regionda hakimiyyəti ələ keçirmək üçün əsas ümidlərini Sovet Rusiyası ilə yanaşı, ermənilərin üsyanı ilə bağlayırdılar. Bakı Sovetinin liderlərindən biri olan Q. Korqanov yazırdı ki, Ermənistanda və Gürcüstanda kütlələr Bakı qoşunlarının gəlişini gözləyirlər, onların ümidləri yalnız kənara bağlıdır. O ümid edirdi ki, “sovet qoşunlarının irəliləməsi ilə Ermənistanda və Gürcüstanda üsyan baş verəcək və onlar öz məqsədlərinə çatacaqlar”.
Bakı Sovetinin rəhbərliyində hücumu davam etdirərək Gəncəni ələ keçirməklə bağlı mövcud olan fikir ayrılığı aradan qalxmışdı. Bakı Sovetinin lideri S. Şaumyan RSFSR XKS göndərdiyi 24 may 1918-ci il tarixli məktubunda Yelizavetpola hücuma hazırlaşdıqlarını bildirir, lakin türk qoşunlarının Cənubi Qafqaza gəlmələrindən təşvişə düşdüyünü gizlətmirdi. Şaumyan tez bir zamanda Gəncəyə yeriməyi vacib hesab edirdi ki, “orada, sonra isə başqa yerlərdə ermənilər üsyan etsinlər”. “Əgər bu üsyan baş verməsə və türklər Gürcüstanla Tiflisi öz əllərində saxlayarlarsa, onda biz tamamilə təklənərik və yalnız Abşeron yarımadasını müdafiə etməli olarıq”.
Əlbəttə, Azərbaycan milli hərəkatının liderləri yaranmış təhlükəni aydın dərk edir və vəziyyətdən çıxış yolları axtarırdılar. M.Ə. Rəsulzadə yazırdı ki, təhlükə artıq Gəncəyə gəlmişdi. Bir tərəfdən Gəncə təhdiddə ikən, digər tərəfdən də, Qarabağ erməniləri Bakı bolşevikləri ilə birləşmək üzrə bir plan təsdiq edirlər. Azərbaycanın atəş və qılıncdan keçirilməsi planı. Belə vəziyyətdə M.Ə. Rəsulzadə yeganə xilas yolunu Türkiyənin yardımını əldə etməkdə görürdü.
Bu dövrdə Qarabağ bölgəsində yaşayan ermənilər arasında ciddi fəallaşma hiss olunur, onlar sürətlə silahlanırdılar.
Azərbaycan Cümhuriyyəti hökumətinin yaratdığı FTK-nın üzvü Mixaylovun Gəncə quberniyasının Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarının ermənilərin qırğınlarından və digər zorakı əməllərindən zərər çəkmiş müsəlman kəndlərinin vəziyyətinin təhqiqi ilə bağlı məruzəsində qeyd edilirdi ki, cəbhələrdən fərarilik edən erməni əsgərlər öz kəndlərinə qayıdarkən özləri ilə çox sayda tüfəng, pulemyot və digər döyüş sursatları gətirirdilər. Mixaylov yazır ki, Rusiyada dövlət çevrilişindən sonra erməni kəndlərinə silah gətirilməsi halları dəfələrlə artmış və o vaxtdan etibarən ermənilər müsəlmanlara açıq düşmən münasibəti göstərməyə başlamışdılar.
Cavanşir qəzasında erməni və müsəlman kəndlərinin yerləşdiyi coğrafi şərtlər də ermənilərə üstün mövqe yaradırdı. Belə ki, qəzanın müsəlman kəndlərinin əksəriyyəti düzənlik ərazidə yerləşsələr də Kolanı və Avaryan cəmiyyətlərinin kəndləri dağətəyi və dağ zonalarında idi və erməni kəndləri ilə əhatə olunmuşdular. 1917-ci ilin sonlarından başlayaraq Kolanı icmasına daxil olan 12 kəndin müsəlman əhalisi erməni silahlı dəstələrinin mütəmadi hücumlarına məruz qalmış, onların digər müsəlman kəndləri ilə əlaqələrini kəsmiş və nəticədə bəzi müsəlman kəndlərinin sakinləri öz kəndlərini tərk etməyə məcbur olmuşdular. Cavanşir qəzası müsəlman komitəsinin ermənilərlə azərbaycanlılar arasında mehriban münasibətlər yaratmaq cəhdləri də bir nəticə verməmişdi. Ermənilər qəzanın düzən kəndlərini də daim terror altında saxlayırdılar. Azərbaycan Cümhuriyyəti yarandıqdan sonra ermənilərin aqressivliyi daha da artdı, müsəlmanlara qarşı hücumlar genişləndi. 1918-ci ilin yayından başlayaraq müsəlmanlara qarşı qətl və qarətlərin sayı da artdı.
Cavanşir qəzasında olduğu kimi, Şuşa qəzasında da azərbaycanlıların yaşadıqları kəndlər erməni kəndləri ilə əhatə olunmuşdu. Bu isə ermənilərə əlavə üstünlüklər yaradırdı. FTK üzvü Mixaylovun yazdığına görə, Oktyabr çevrilişindən sonra Şuşa qəzasının erməniləri sürətlə silahlanmağa başlamışdılar. Buradakı silahlı bandaların sayı cəbhədən qaçmış silahlı əsgər və zabitlərin hesabına daim artırdı. Müsəlmanların passivliyindən istifadə edən daşnaklar qəzada əsas vəzifələri əllərinə keçirməyə nail olmuşdular. 1918-ci ilin əvvəllərindən başlayaraq erməni silahlı dəstələri Şuşa-Əsgəran, Şuşa-Karyagin yolunu tutaraq buradan keçən müsəlmanları qarət edir, silahlarını, ərzaqlarını əllərindən alırdılar. Xankəndində yerləşən rus ordusunun qarnizonunun silah-sursatını, bütün ləvazimatını ələ keçirdikdən sonra ermənilər azərbaycanlılarla müqayisədə Şuşa qəzasında hərbi üstünlüyə malik oldular. 1918-ci ilin martında qəzanın erməni kəndlərində yuva salmış silahlı dəstələr müsəlman kəndlərinə hücum edərək onları dağıtmış, əhalisini didərgin salmışdılar.
Lakin Cəbrayıl qəzasında ermənilərin sayca azlıq təşkil etməsi ilk vaxtlar onları daha tədbirli olmağa vadar edirdi. Onlar məkrli və hiyləgər siyasət yürüdərək qonşu müsəlmanlarla sözdə dinc yanaşı yaşamaq istədiklərini ifadə edirdilər. Müqayisə üçün qeyd edək ki, o zaman Şuşa qəzasında 92, Zəngəzur qəzasında 84 erməni kəndi var idisə, Cəbrayıl qəzasında 174 kəndin cəmi 32-də ermənilər yaşayırdılar. Qəzanın 15 kənd cəmiyyətinin yalnız 3-ü erməni kəndlərindən ibarət idi. Karyagin qəzasında azərbaycanlılar yaşayan kəndlərin əksəriyyəti düzən ərazidə yerləşdiyindən və türk qoşunları burada yerləşdiyindən ermənilər 1918-ci ilin sonuna qədər bu kəndlərə hücum etməyə cəsarət etməmiş, yalnız dağətəyi və dağlıq zonada yerləşmiş kəndlər erməni hücumlarına məruz qalmışdı. Əslində, 1918-ci ilin yazında Yelezavetpol quberniyasının dağlıq ərazilərində - Şuşa, Cavanşir, Karyagin və Zəngəzur qəzalarında yaşayan ermənilərin fəallığının artması, onların gələcək hadisələrə ciddi hərbi hazırlıqlar aparması Bakıdakı bolşevik-daşnak qüvvələri, Tiflisdəki, İrəvandakı erməni mərkəzləri və yerli ermənilər arasında ciddi koordinasiyanın olmasından xəbər verirdi. Lakin Azərbaycan Cümhuriyyətinin elan edilməsi, Qafqaz İslam Ordusunun (QİO) uğurlu döyüş əməliyyatları bu planların həyata keçməsinə imkan vermədi.
1918-ci ilin mart-may ayları ərzində Bakı Sovetinin daşnak-bolşevik qüvvələrinin Bakı quberniyası ərazisində həyata keçirdikləri soyqırımı cinayətləri nəticəsində on minlərlə günahsiz türk-müsəlman həlak olmuş, onların yaşadıqları yaşayış məntəqələri xarabalığa çevrilmişdi. Bu cinayətlər erməni siyasi dairələrinin bolşevizm bayrağı altında gizlənərək öz mənfur niyyətlərini gerçəkləşdirmək planlarının tərkib hissəsi idi. Eyni zamanda, Cənubi Qafqaz hakimiyyətinin regionun müsəlman əhalisini bolşevik-daşnak zülmündən xilas edə bilməməsi də Azərbaycan əhalisində və elitasında xilas üçün yeganə ümid yerinin Osmanlı dövləti olduğu fikrini möhkəmləndirirdi.
Bakı quberniyasında öz məqsədlərinə nail olan bolşevik-daşnak qüvvələri Azərbaycan milli hərəkatını məhv etmək, bütün Cənubi Qafqazda hаkimiyyəti ələ keçirmək üçün Gəncəyə, sonra isə Tiflisə hücum planı hazırlamış və həyata keçirməyə başlamışlar. Nəticədə Bakı quberniyasından başqa digər bölgələrin müsəlman əhalisi də erməni silahlı dəstələrinin vəhşiliklərinə məruz qalmışlar. Bu planın əsas həlqələrindən biri də Azərbaycanın Qarabağ, Zəngəzur, Naxçıvan bölgələrində yaşayan ermənilərin hərbi hərəkatı olmalı idi. Şaumyan və kampaniyası öz məkrli planlarının uğurla başa çatmasında bu bölgələrdə yaşayan ermənilərin üsyanına böyük ümidlər bəsləyirdilər.
Lakin Azərbaycan Cümhuriyyətinin yaranması, Qafqaz İslam Ordusunun uğurlu əks-hücum əməliyyatları erməni-bolşevik məkrli planlarının həyat keçməsinə imkan vermədi.
Kamran İSMAYILOV,
AMEA Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, dosent
Mənbə: Xalq qəzeti