AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

AMEA Rəyasət Heyətinin iclası keçirilib

05.04.2024 12:38

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AMEA-nın həqiqi və müxbir üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, gənc alimlər və aidiyyəti şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Iclasda 27 mart – Elm Günü münasibətilə bir qrup Akademiya əməkdaşlarına diplomlar təqdim olunub. Tarix və Etnologiya İnstitutunun “Dünya tarixi” şöbəsinin müdiri,tarix elmləri doktoru İradə Bağırovaya “İstinadda rekord” diplomu, “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin müdiri,tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılova AMEA-nın elmi mühitində və ictimai həyatında fəal iştirakına görə təşəkkürnamə, “Qədim tarix”şöbəsinin kiçik elmi işçisi Selcan Həşimovaya “İlin gənc alimi” diplomu, “Azərbaycan Respublikası tarixi”şöbəsinin aparıcı elmi işçisi,tarix üzrə fəlsəfə doktoru Tamella Kocayevaya AMEA-nın Fəxri diplomu təqdim olunub.

Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanı ilə yeni inkişaf mərhələsinə qədəm qoymuş AMEA-da son bir ildə çoxşaxəli islahatlar həyata keçirilməkdədir. AMEA rəhbəri vurğulayıb ki, bu islahatlar elmi infrastrukturun modernləşdirilməsi, struktur dəyişiklikləri, elmi prioritetlərin ölkənin sosial-iqtisadi, mədəni-mənəvi, ideoloji tələblərinə, o cümlədən, müasir dünyanın elmi-texnoloji çağırışlarına uyğunlaşdırılması, çevik və innovativ modellərin, o cümlədən rəqəmsal texnologiyaların tətbiqi ilə elmi idarəetmənin təkmilləşdirilməsi məqsədini daşıyır. Elektron elmin inkişafı, beynəlxalq elmi mühitə, nüfuzlu elmi qurumlara və bazalara inteqrasiyanın sürətləndirilməsi, türk ölkələrinin elmi qurumları ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, elmi fəaliyyətin yeni elmmetrik meyarlar əsasında qiymətləndirilməsi və stimullaşdırılması, yüksəkixtisaslı kadr hazırlığına beynəlxalq təcrübənin tətbiqi, elmin cəmiyyətdə nüfuzunun yüksəldilməsi və s. istiqamətləri əhatə edir.

Sonda bir sıra kadr məsələlərinə baxılıb. Tarix elmləri doktoru İlqar Niftəliyev AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təsdiqlənib.

İclasda qeyd olunan məsələlər ətrafında akademik Arif Həşimov, akademik İbrahim Quliyev, akademik Gövhər Baxşəliyeva, tarix elmləri doktoru Zemfira Hacıyeva və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

__________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

 

Paylaş: