AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunda elmi seminar keçirilib

06.04.2024 09:38

Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Şimali Azərbaycan ərazilərinin çar Rusiyası tərəfindən işğalı: “Erməni vilayəti”nin yaradılması Azərbaycan xalqının legitimlik hüququnun pozulması faktıdır” adlı elmi seminar keçirilib.

“Erməni vilayəti”nin yaradılmasının siyasi nəticələri” adlı məruzə ilə çıxış edən t.ü.f.d., dosent Elçin Qarayev bildirib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan İrəvan və Naxçıvan xanlıqları çar Rusiyası tərəfindən işğal edildikdən sonra 1828-ci il martın 21-də çar I Nikolayın (1825-1855) fərmanı ilə hər iki xanlıq birləşdirilərək “Erməni vilayəti” adlı inzibati-ərazi qurumu yaradılıb. Məqsəd bu bölgəni Azərbaycandan ayırmaq, xristianlaşdırmaq, Osmanlı Türkiyəsi və Qacar dövlətləri sərhəddində bufer zona yaratmaq idi. “Erməni vilayəti” adlı inzibati-ərazi qurumu 1828-ci ildən 1840-cı ilə qədər fəaliyyət göstərib, İrəvan, Naxçıvan əyalətlərindən və Ordubad dairəsindən ibarət olub.

İrəvan və Naxçıvan xanlıqlarını işğal etməsindən sonra çar Rusiyası bu bölgənin inzibati-ərazi bölgünü ləğv etmək, özünə uyğun qayda-qanun yaratmaq və ən əsası bu bölgəni Azərbaycandan ayırmaq, xristianlaşdırmaq siyasəti həyata keçirməyə başladı. “Erməni vilayəti” də bu səbəbdən yaradılmış, lakin bütün bu cəhdlərə baxmayaraq 1918-ci ilə qədər bu bölgə Azərbaycanın əzəli ərazisi olaraq qalmışdır.

“Qərbi Azərbaycan tarixi hüquqi sənədlər işığında” adlı məruzə ilə çıxış edən t.ü.f.d., dosent Cəbi Bəhramov Qərbi Azərbaycan tarixi ilə bağlı tədqiqatların ictimailəşdirilməsinə, elmi populyarlığının artırılmasına böyük ehtiyac olduğunu bildirdi. “Həqiqəti bilsək düz yolu, çıxış yolunu tapacağıq”- deyən C. Bəhramov Azərbaycana qarşı ermənilərin törətdikləri soyqırım siyasətinin, qətllərin, eləcə də maddi və mənəvi mədəniyyətimizin məhv edilməsinin hüquqi baxımdan qiymətləndirilməsinin vacib olduğunu söylədi. Azərbaycan xalqının üzləşdiyi faciələrin insan hüquq və azadlıqları, müharibə və s. məsələlər haqqında beynəlxalq konvensiyalar, beynəlxalq qanununlar baxımından dəyərləndirilməsini, xalqımızın təməl hüquqlarının pozulmasının sübut edilməsini vacib sayan şöbə müdiri bu sahədə tarixçilərin və beynəlxalq hüquq üzrə mütəxəssislərin üzərinə böyük yük düşdüyünü söylədi.

“Şimali Azərbaycanın XIX əsr-XX əsrin əvvəlləri tarixi” şöbəsinin müdiri t.ü.f.d., professor Hacı Həsənov “Şimali Azərbaycan torpaqlarına ermənilərin kütləvi köçürülməsinin səbəb və nəticələri” adlı məruzə ilə çıxış edərək bildirdi ki, “erməni vilayəti” yaradan Çar Rusiyası Azərbaycan ərazisində “xristian koridoru”, sosial-dini dayaq yaratmaq niyyətində idi. H.Həsənov qeyd etdi ki, həmin dövrdə Osmanlı və Qacarlar dövləti ərazisindən köçürülən ermənilərin sayı ilə bağlı müxtəlif mənbələrdə fərqli rəqəmlər vardır və bu rəqəmlərin dəqiqləşdirilməsi vacibdir.

T.ü.f.d. Nazim Mustafa “İrəvan xanlığının işğalından sonra ermənilərin azərbaycanlı əhaliyə qarşı fəaliyyəti”, t.ü.f.d. dosent Vidadi Umudlu “Şimali Azərbaycan ərazilərinin işğalında erməni amili” adlı məruzələrlə çıxış edərək ermənilərin yaşadıqları dövlətlərə qarşı xəyanət və casusluq mövqeyi tutduqlarını, Azərbaycan torpaqlarının işğalında Çar Rusiyası ordularının xidmətində durduqlarını bildirdilər, çoxsaqlı faktlar, sübutlar gətirərək mövzu ilə bağlı maraqlı faktları, elmi tədqiqat nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Sonda məruzələ ətrafında söhbətlər aparıldı.

__________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

 

Paylaş: