AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Car-Balakənin çar Rusiyası tərəfindən işğalı 220”

08.04.2024 16:53

Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Car-Balakənin çar Rusiyası tərəfindən işğalı 220” mövzusunda dəyirmi masa keçirilib.

İclası giriş sözü ilə açan tarix üzrə fəlsəfə doktoru, professor Hacı Həsənov bildirib ki, Car-Balakən camaatlığı həm idarəetmə, həm etnik rəngarənglik, həm də apardığı müharibələrdəki uğurlar baxımından Azərbaycan ərazisində mövcud olan digər xanlıqlardan fərqlənirdi. XVI əsrin ortalarında formalaşan Car-Balakən camaatı XVII əsrin əvvəllərində tam olaraq müstəqil olmuşdu, bu camaatlıq bütün Qafqazda özlərinin itaətsizlikləri ilə məşhur idi. Car-Balakən üçün Rusiya XVIII əsrin sonunda real təhlükə olmağa başladı. Bu ərazi rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsi yolunda ciddi sayılırdı. Şərqi Gürcüstana, Dağıstana və Şəki xanlığına çıxış yolu olan Car-Balakən əlverişli strateji mövqeyə malik idi. Bütün Qafqazın işğalı Car-Balakəndən başlayırdı. Yalnız Car Balakəni işğal etdikdən sonra Rusiya şərqi Gürcüstanda möhkəmlənə bilər, azadlıqsevər dağlı tayfalarını diz çökdürə bilərdi. Rus qoşunlarının Car-Balakən üzərinə hücumu 1803-cü il martın 2-də başlayıb, martın 8-də buranı ələ keçirən rus qoşunları evləri yandırıb, qarət və talınçılıqla məşğul olub.

Balakənin işğalı Car və digər icmaların mövqeyini zəiflətdi. 1803-cü il aprelin 12-də Tiflisdə Car-Balakən camaatlığının və İlisu sultanlığının Çar Rusiyasının itaətinə keçməsi haqqında “Andlı öhdəlik” (müqavilə) imzalanıb. Beləliklə, Rusiya imperiyası Car-Balakən camaatlığını işğal edərək Azərbaycan xanlıqlarına gedən yolu açıb.

Tədbirdə t.ü.f.d., dosent Ramil Niftyəliyev “Car-Balakənin çar Rusiyası tərəfindən işğalı”, t.ü.f.d., dosent Vidadi Umudlu 12 aprel 1803-cü il “Andlı öhdəliyi”, t.ü.f.d., dosent Ənvər Məmmədov “Car-Balakən camaatları işğal ərəfəsində”, t.ü.f.d., professor Hacı Həsənov “P.D. Sisianov rus işğalının bariz ifadəsi” adlı məruzələrlə çıxış ediblər.

Sonda məruzuzələr ətrafında söhbətlər aparılıb.

__________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

 

Paylaş: