AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri”

19.04.2024 21:36

Tarix və Etnologiya İnstitutunda Azərbaycan və Türkiyə tarixçilərinin birgə yazdıqları kitabın təqdimat mərasimi keçirilib

Aprel ayının 18-də AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” adlı kitabın təqdimatı keçirilib. 

 İnstitutunun direktoru, t.e.d., prof. Kərim Şükürov bildirdi ki, Türk Tarix Qurumunun başqanı, prof., dr. Yüksel Özgenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir,  məqsəd  Türkiyə Cumhuriyyətinin 100-cü ilinə həsr edilən “Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabının təqdimatını keçirmək, bu səfər çərçivəsində “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” XI Beynəlxalq konfransda iştirak etməkdir.

İclasda  Tarix və Etnologiya İnstitutu ilə Türk Tarix Qurumu arasında sıx əlaqələrin qurulduğunu, bu əlaqələrin ildən ilə genişləndiyini, birgə fəaliyyət üçün yeni istiqamətlərin yarandığını vurğulayıb. Hazırda Azərbaycan-Türkiyə tarixinin müxtəlif dövrlərinin tədqiqi ilə yanaşı, mixi yazıların öyrənilməsi, arxeologiya, etnologiya sahələrində əməkdaşlıq formatları barədə müzakirələr aparılıb. Elmi nəşrlər, indeksləşmə bazaları,  birgə konqreslərin keçirilməsi sahəsində və s. əməkdaşlıq məsələlərinə toxunan prof. Kərim Şükürov  “Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabının tarixçilər, diplomatlar, geniş oxucu kütləsi üçün mühüm əhəmiyyət daşıdığını, bu kitabın yazılmasında türkiyəli və azərbaycanlı mütəxəssislərin iştirak etdiyini söyləyib.
Türk Tarix Qurumunun başqanı prof., dr. Yüksel Özgen Bakıda olmaqdan məmnunluq duyduğunu, son illərdə Tarix və Etnologiya İnstitutu ilə əməkdaşlıqlığın genişləndiyini, 2021-ci il sentyabrın 15-də Tarix və Etnologiya İnstitutunun Ağdamda keçirdiyi “Müstəqilliyinin 30 ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq simpoziumda, 2023-ci il noyabr ayında keçirdiyi “Rəvandan İrəvana və Qərbi Azərbaycana” mövzusunda beynəlxalq konfransda iştirak etdiklərini xatırladıb. TTQ-nin başqanı Azərbaycanla, Türk Dövlət Təşkilatına üzv ölkələrin müvafiq qurumları ilə əməkdaşlığa böyük önəm verdiklərini vurğulayıb. Prof., dr. Yüksel Özgen “Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabının 16 bölümdən, 862 səhifə olduğunu, kitabın redaktoru prof.dr. İbrahim Tellioğlunun olduğunu, kitabın yazılmasında prof., dr. Ahmet Taşağıl, prof., dr. Aydın Usta, prof., dr. Bekan Köksü və başqalarının, azərbaycanlı tarixçilər t.e.d., prof. Kərim Şükürov, t.e.d., prof. Şahin Fərzəliyev, t.e.d., prof. Tofiq Mustafazadə, t.ü.f.d., dos. dr. İradə Məmmədova, t.e.d., prof. İlqar Niftəliyev, t.e.d., prof. Musa Qasımlının iştirak etdiklərini bildirib . Yüksel Özgen Azərbaycanla yanaşı, Özbəkistanla da eyni mövzuda kitabın yazılması prosesinin başladığını, bu işin ortaq türk tarixinin yazılmasının bir parçası olduğunu vurğulayıb.

TDB çərçivəsində ortaq türk tarixi, etnologiyası, arxeologiyası sahəsində elmi əməkdaşlığın inkişafına mühüm önəm verdiklərini söyləyən TTQ başqanı hazırda ölkələrarası siyasi və mədəni iqlimin elmi əlaqələrin inkişafı baxımdan əlverişli olduğunu bildirib.

AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili, t.e.d., prof. Musa Qasımlı kitabın nəşrini Azərbaycan-Türkiyə elmi əməkdaşlığı baxımdan böyük bir gün sayıb, belə bir kitabın nəşri üçün Tarix və Etnologiya İnstitutunun direktoru, t.e.d., prof. Kərim Şükürova, Türk Tarix Qurumunun başqanı prof., dr. Yüksel Özgenə minətdarlığını bildirib.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Mühiddin Macid belə bir kitabın nəşrinin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı baxımdan mühüm bir addım saıb, dövrün tələblərinə uyğun olaraq, yeni konsepsiya və yeni formatlarda kitabların dərc edilməsin vacib olduğunu söyləyib.
Qeyd edək ki, TTQ-nin Avrasiya Bölməsi tərəfindən 26-27 yanvar 2023-cü ildə keçirilən Türkiyə-Azərbaycan əlaqələri üzrə birgə komissiyada “Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” adlı kitabın yazılmasına qərar verilib, mövzular müəyyən edilib və kitabın nəşri qısa müddətdə reallaşıb.

______________

İctimaiyyətlə əlaqələr şöbəsi

Paylaş: