31.05.2018 11:42
Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq, “Cümhuriyyət İli” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda “Quba bölgəsi Azərbaycan Xalq Cümhuriyyəti dövründə” adlı dissertasiya müdafiəsi keçirilib.
Dissertasiya işinin müəllifi Rəxşəndə Bayramova, elmi rəhbər isə institutun “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Maksvelldir.
Dissertasiya Şurasının sədri, Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, ulu öndər Heydər Əliyev tarixçilər qarşısında Azərbaycanın XIX-XX əsrlər tarixinin yenidən yazılması vəzifəsini qoymuşdu.
Bildirilib ki, dissertasiya Quba bölgəsində 1917-1921-ci illərdə cərəyan etmiş proseslərin sistemli şəkildə araşdırıldığı ilk tədqiqat əsəridir.
Dissertant Rəxşəndə Bayramova çıxışında qeyd edib ki, daşnak-bolşevik birliklərinin Quba qəzasında törətdiyi soyqırımı Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının (FTK) topladığı sənədlər və şahid ifadələri ilə tam sübuta yetirilib: “FTK-nın sənədləri ermənilərin Cənubi Qafqazda, o cümlədən Qubada törətdiyi vəhşilikləri ifşa edən əvəzolunmaz tarixi mənbədir”.
Dissertasiya Şurasının iclasında bildirilib ki, R.Bayramovanın 2018-ci ildə azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunan “Azərbaycanın Quba bölgəsi tarixin dönüş mərhələsində (1917-1920-ci illər)” adlı kitabı çap olunub. Nəşrin elmi redaktoru akademik Yaqub Mahmudovdur.
Xatırladaq ki, daşnak Hamazasp qubalılara müraciətində bu sözləri deyib: “Mən Sovet hakimiyyəti qurmağa və qayda-qanun yaratmağa yox, Xəzər dənizi sahillərindən Şahdağına qədər bütün müsəlmanları məhv etməyə gəlmişəm”.
Rəxşəndə Bayramovadan başqa, Tarix İnstitutunun Dissertasiya Şurasında “İrəvan xanlığında sosial-iqtisadi münasibətlər və dövlət quruluşu (1747-1828)” adlı dissertasiyanın müdafiəsi də olub. Dissertasiya işinin müəllifi Tural Məmmədov, elmi rəhbər isə akademik Yaqub Mahmudovdur.
Qeyd edək ki, bundan əvvəl “XX əsrdə Göyçə mahalı azərbaycanlılarına qarşı deportasiyalar və soyqırımlar”, “Azərbaycanın Zəngəzur bölgəsinin demoqrafik vəziyyətində dəyişikliklər (XIX əsr-XX əsrin 20-ci illəri)”, “Çar Rusiyasının işğalından sonra Şimali Azərbaycanın tarixi ərazi sistemində aparılan dəyişikliklər (XIX-XX əsrin əvvəlləri)” mövzusunda dissertasiyaların da müdafiəsi keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.